“Qadınım” tamaşası növbəti dəfə nümayiş olunacaq

Rate this item
(0 votes)

İyulun 12-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matroşka” pyesi əsasında hazırlanan “Qadınım” tamaşası yenidən nümayiş olunacaq.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı teatrın məlumatına istinadən xəbər verir. Məlumata görə, musiqili melodram janrında qurulan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.

 

“Qadınım”da teatrın gənc aktyorları Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak edirlər.

 

Türk retro musiqilərinin canlı ifa olunduğu tamaşanın süjet xəttində sevgi və ehtiras dolu iki aşiqdən bəhs olunur. İlk baxışdan sadə görünən tamaşanın əslində dərin mənaları var. İnsanların ailə və cəmiyyət içərisində özlərini tənha hiss etmələri, ömrü boyu ideal sevgi və xoşbəxtlik axtarışında olmaları çox vaxt onlara xəyal qırıqlığı yaşadır.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2024)