“İTKİ” – Orxan Fikrətoğlunun tammetrajlı bədii film ssenarisi (3-cü paylaşım) Featured

Rate this item
(0 votes)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

İTKİ

3.

 

Səhnə 31. İnt. Gün..

Qadın və Səfər mətbəxdə oturublar... Qapının zəngi eşidilir.

Qadın:

– Dur qapını aç... Onu da mən eləməyəcəm ki...

Səfər ayağa qalxır və qapıya doğru gedir. Qapını açır. İçəri Sarışın daxil olur. Sarışın qadınla öpüşüb-görüşür. Hiss olunur ki, Sarışın bu evdə yad deyil. Səfər qapının yanında onlara tamaşa edir.

Sarışın:

– Heç yerdə yoxdur. Elə bil heç olmayıb.

Sarışın sözünü dedikdən sonra qadına baxır və otağa keçir... Daha sonra qadın araya çökmüş sükutu pozur və Səfərə deyir...

Qadın:

– Sən hələ dostunla düşmənini ayıra bilmirsən... Bu adama sirr etibar eləmək olar?

Səfər acıqlı şəkildə qadının yaxasından tutur...

Səfər:

Adam ancaq sənin o peysər qardaşındır, hə?!

Qadın:

Qardaşımın adını çəkmə. O, sənin tayın deyil!

Qadın yaxasını Səfərdən qurtarır.

Səfər:

Get çay gətir!

Qadın heç nə olmamış kimi mətbəxə keçir.

 

Səhnə 32. İnt.  Gün.

Səfər və Sarışın otaqda oturublar. Hər ikisi fikirlidir. Sükutu Səfər pozur.

Səfər:

Neynəyim?

Sarışın:

Doğurdan heç nə xatırlamırsan?

Səfər:

Vallah xatırlamıram.

Qadın otağa qayıdıb soruşur.

Qadın:

Məndən nə istəmişdin, unutdum...

Sarışın:

Çay.

Qadın yenidən mətbəxə qayıdır.

 

Səhnə 33. Ext. Axşam

1-ci və 2-ci nərd oynamağa davam edirlər. 2-ci adamın kefi kökdür. O fikirləşir və daha sonra həmləsini edir.

1-ci adam:

Paho… Belə də şey olar?! İndi səni peşman edərəm…

Hava qaralmaq üzrədir… 2-ci vəziyyətin mürəkkəb olduğunu indi başa düşür. Bir udum çay içmək üçün stəkanı götürür. Bu zaman qəza baş verir və 2-ci adam zəri atarkən zərlər yerə dığırlanır.

 

Səhnə 34. Ext. Gün.

Dənizkənarı park. Sarışınla Səfər səhər idmanı edirlər. Qaçırlar.

Səfər:

İllərdir ki, səhər durub, axşam yatıram. Ondan savayı yadıma heç nə gəlmir. Gördüm ətrafımda hamı pul qazanır. Mən də istədim. Yıxılanı təpiklədim. Güclüdən qorxdum. Əyilsəm də, ailəmi tox saxladım. Qurban vaxtı qurban kəsdim, borc istəyənə borc verdim. Zəlzələ olanda iki kasıb qonşumu da evimdə saxladım. Onlara toyuq şorbasına qədər hazırlatdım... Kim edərdi bunu? Hamı necə, mən də elə, ay qardaş... Desəm hamıdan yaxşı olmuşam, yalan olar. Desəm ki, pisəm, o da düz olmaz. Olmamışam axı... Vallah, mən pis adam deyiləm... Bu niyə itsin?

Sarışın:

Bəlkə adam öldürmüsən?

Səfər:

Ə tövbə!

Sarışın:

Bəlkə səni öldürüblər?

Səfər:

Ağ eləmə!

Sarışın:

Bəlkə qorxudub əlindən alıblar?

Səfər:

Kim?

Sarışın:

Nəsə əldə etməkdən ötrü nəyisə qurban verməlisən... Bilmirsən bunu? Elə bilirsən mən heç nə itirməmişəm? Atamdan mənə bir portsiqar qalmışdı. Üstündə Stalinin döyməsi vardı. Onu oğlumun komandirinə verdim. İndi də məni yandırır... Bu, itki deyil?!

Səfər Sarışının sözünü yarımçıq kəsərək dənizə doğru qaçır. Səfər paltarlı dənizə girir... Dərinliyə doğru gedir...

 

Səhnə 35. İnt. Gecə.

Səfər çarpayının qarşısında oturub. O, qadına deyir.

Səfər:

Dur yerimi sal, yatıram.

Qadın otağa daxil olub çarpayını sahmanlayır. Yapıxmış balıncı çırparaq yerinə qoyur. Döşəkağını dəyişir. Səfər gecə köynəyini geyinib güzgünün qarşısına keçir. Diqqətlə özünə baxır. Əliylə üz-gözünü sığallayır. Çiyninə, başına toxunur. Qadın da gecə köynəyini geyinib yerinə uzanır.

Qadın:

Gəl gir yerinə! Bundan sonra kimə lazımsan?

Səfər dinməzcə yerinə girir və yorğanı başına çəkir. Yorğanın altından onun boğuq səsi eşidilir.

Səfər:

Əlimdən tut. Qorxuram...

Qadın:

Burdayam da. Uşaqsan?

Səfər:

Bəlkə kənddə itirmişəm?

Qadın:

Ola bilməz!

Səfər:

Atangildə deyil?

Qadın:

Oranın sənə nə dəxli var?

Araya sükut çökür. Səfər yorğanın altında hönkür-hönkür ağlayır.

Qadın:

Niyə ağlayırsan?

Səfər:

Ağlamıram!

Qadın:

Görmürəm? Ağlayırsan!

Səfər:

Qorxuram da...

Qadın:

Nədən qorxursan?

Səfər:

Sənə asan gəlməsin e...

Qadın ayağa qalxıb işıqları yandırır. Səfər yorğanın altındadır. Üzü görünmür...

Qadın:

Necəsən?

Səfərdən səs çıxmır... Qadın barmaqları ilə yorğanı Səfərin üzündən çəkir. Səfərin onsuz da iri olan gözləri bir az da açılıb. O, qorxa-qorxa qadının üzünə baxır...

Qadın:

Adə, səninləyəm... Necəsən?

Səfər:

Gördün? Sənə nə deyirdim... Belə necə yaşayacam indi? İtib də... Görmürsən itib?..

Qadın yenidən işıqları söndürüb yerinə uzanır.

Səfər:

Bilinir?

Qadın:

Burda məndən başqa adam var görə?

Səfər:

Yata bilmirəm, layla oxu mənə!

Qadın yorğanın altında Səfəri qucaqlayıb layla oxumağa başlayır.

Qadın:

Saçı uzun Burla xatın,

Bu balamı qəndə qatın.

Əgər yatmaq istəməsə,

Pəncərədən çölə atın!..

 

Burdasan, adə?!

...

Nə tez yatdın?

Səfərin səsi yenə eşidilmir...

Qadın:

Eşitmirsən məni?

Səfər (xırıltılı səslə):

Bu cür öləcəm?

Qadın:

Tapmasan, hə!

Səfər:

Bəlkə sən götürmüsən?

Qadın:

Götürənə Allah lənət eləsin!

Səfər:

Bəs indi mən neynəyim?

Qadın:

Yat! hamı necə, sən də elə... yat daha.

 

Saçı uzun Burla xatın,

Bu balamı qəndə qatın.

Əgər yatmaq istəməsə,

Pəncərədən çölə atın!..

 

Səhnə 36. Ext. Gecə

Dəniz kənarı. Balıqçı daxması. 2-ci adam zərləri axtarmağa başlayır. Amma masanın altında tapa bilmir. Daha sonra 1-ci tərəfə çevrilir və deyir.

2-ci adam:

Fənəri ver.

1-ci adam alışqan fənəri 2-ci adama uzadır. 2-ci adam bir cibindən bir siqaret çıxarır və yandırır. Daha sonra alışqanın fənəri ilə zəri axtarmağa başlayır…

1-ci adam:

Bircə cüt zərimiz var idi. Onu da itirdin.

 

 “Ədəbiyyat və incəsənət”

(10.06.2024)