“Turan” (12-ci paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNOSSENARİSİ Featured

Rate this item
(0 votes)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“TURAN” bədii film ssenarisini təqdim edirik.

 

Titr yazı. Bakı. 1918-ci il. 11 noyabr.

 Nuru paşa, Nazim bəy və Xan Xoyski Cəfər Cabbarlının kasıb, balaca daxmasına qonaq gəlib, saxsı kasalarda bozbaş yeyirlər...

Nazim bəy bozbaşı yeyə-yeyə yağlı olduğuna işarə edir...

Xan Xoyski: – Cəfər bu yağlı bozbaşları yeməkdən belə sinədəftər olub, yəqin, – deyir.

Nuru paşa ayağa qalxıb Cəfərin kasıb daxmasına baxır...

Onu yanına çağırıb bağrına basır...

Səhər Cəfər Cabbarlının anası Nuru paşanın onlara gön­dər­diyi hədiyyələri qapıda qəbul edir...

Hədiyyələr arasında nikelli çarpayı, iri daş güzgü xüsusilə nəzərə çarpır...

***

Titr yazı. 1921-ci il. Gürcüstan. Qarayazı.

“Agit teatr” Gürcüstanın Qarayazı bölgəsində yerli türk­lərə tamaşa göstərir...

Səhnə bu dəfə arabanın içində qurulub.

Arabanın üstündə ayaq üstə dayanmış Ravi-aşıq üzünü Kosaya tutub deyir: – Kosa, Şura hökuməti sənə nə verdi?

Kosa: – Arvad.

Ravi-aşıq: – Arvadı neynədin?

Kosa: – Torpağa dəyişdim...

Ravi-aşıq: – Torpağı neynədin, Kosa?

Kosa: – Kartof əkdim.

Ravi-aşıq: – Kartofu neynədin, ay Kosa?

Kosa: – Satıb yenə arvad aldım.

Tamaşaya baxan bir arvad ucadan: – Arvadı niyə əvvəldən satmışdın onda, a külbaş? – qışqırır...

O biri kəndlilər arvadın sözlərinə gülüşürlər...

Tamaşanı izləyən zəhmli sovet komissarı gözünü Ravi-aşığa ağardır.

Komissar: – Təbliğat aparan teatrın işi gülüş doğur­maq deyil, yerlərdə izahat aparıb hökuməti kəndlilərə sevdirməkdir. Yoldaş aktyorlar, bunu unutmayın. Türk paşalarını ifşa edən tamaşanız hanı bəs? Mən sizə bu tamaşanı göstərməyə icazə vermişdim. Başlayın, görək nə oyun çıxaracaqsız.

Kosa: – Bu dəqiqə.

Komissar: – Başlayın görüm.

İki aktyor onbaşı İzzətin qoluna girib arabanın qaba­ğına dartır. Onbaşı İzzəti görən kimi kəndlilər yerlərindən: “Necə də oxşayır”, “Elə bil bu dəqiqə türk ordusundan qaçıb gəlib”, – deyə qışqırışırlar.

Aktyorlardan biri onbaşı İzzəti tamaşaçılara təqdim edir.

Aktyor: – Bu adam sonuncu türk paşasıdır. O, fəhlə və kəndliləri anlamır. Onun tanıdığı, bizim tanıma­dığımız Allah­dır. O sizə qan tökməyi öyrədir, biz toxum əkməyi. O, sizə vuruş­­mağı öyrədir, biz barışmağı. Bu gün sizə turpla türkün nağılını danışacağam. Qulaq asın...

Arabanın qarşısına qara çarşablı aktrisa qarı çıxır.

Qarı arabaya söykənib cibindən iki qırmızı turp çıxardır.

Onları ovcuna qoyub kəndlilərə göstərir...

Ravi-aşıq nağılın gerisini danışır.

Ravi-aşıq: – Bu qarının adı Nazlıdır. O, turp əkib.

Qadın pantomim hərəkətlərlə yerdə turp əkir.

Arabaya ikinci aktyor yaxınlaşır. O, qoca kişi qrimin­də­dır.

Ravi-aşıq: – Bu qocanın adı Mazandır. O isə bil­məyib, səhvən türk paşası əkib.

 Aktyor onbaşı İzzəti qucağına alıb pantomim jestlərlə guya yerə basdırır.

Ravi-aşıq: – İllər keçib... Turp bitib, türk bitməyib.

Qadın aktrisa bol məhsul yığmış kimi əllərini geniş açıb yanını basa-basa arabanın başına dolanır...

Mazan rolunu oynayan kişi aktyor pantomim jestlərlə ağlayır.

Ravi-aşıq: – Hə, necəsən, Qoca Mazan? Bundan sonra nə əkəcəksən?

Mazan: – Mənə dərs oldu. Bundan sonra mən də turp əkəcəm.

Ravi-aşıq: – Mazan kişinin əhvalatı örnəkdir. Gə­ləcək tür­kün deyil. Sosialist gerçəkliyi keçmişinizi sizə unutdurur. Siz daha türk deyilsiniz.

Qarayazı türkləri gah əlini qoburlarına doğru aparıb zəhmlə tamaşaya baxan komissarın üzünə baxırlar, gah da Ravi-aşığa.

Hiss olunur ki, türklərin təhqir olunması onlara xoş gəlmir...

İri planda onbaşı İzzətin gözləri dolub...

Ravi-aşıq aranın qarışacağından qorxub bərkdən əl çal­ma­­ğa başlayır...

O biri aktyorlar da ona qoşulub əl çalırlar...

Tamaşadan bir mətləb anlamayan qırmızı komissar da ayağa qalxıb əl çalır...

Tamaşa bitəndən sonra bir ağsaqqal kəndli Ravi-aşığa yaxınlaşıb üzünə tüpürür.

Qoca kəndli: – Yediyin çörəyə tüpürüm... Adam da millə­tini satar? – deyir.

Ravi-aşıq: – Çox sağ ol, dədə, – deyir.

Qoca kəndli: – Nəyə görə sağ ol, ay axmaq?

Ravi-aşıq: – Ona görə ki, düşünürsən.

Qoca kəndli: – Sən düşün, bala... Kişi kimi ölə də bilmir­sən? – deyib qocafəndi yerişlə Ravi-aşıqdan uzaq­laşır.

 Qoca kəndlinin arxasınca baxan Ravi-aşığa onbaşı İzzət yaxınlaşır:

– Sənin işin çətin imiş. Savaş bundan çox asandır, aşıq... – deyir.

Aktyorlarla bərabər onbaşı İzzətlə Ravi-aşıq da ara­balara oturub kənd yolu ilə yırğalana-yırğalana gedirlər...

İkisi də susub...

 

***

Titr yazı. 15 sentyabr. 1918-ci il. Bakının alın­ması.

Nuru paşa Hökməli dağları üzərində durub şəhərə baxır.

Səhər hələ tam açılmayıb. Alatoranlıqdır.

Nazim bəy Nuru paşaya məruzə edir: – Gecə Nargin adasıyla şəhər arasında bir hərəkət vardı. Kəşfiyyat onların qaçmaqda olan ingilis əsgər və zabitləri olduğunu təsdiqlədi. Saat on otuzda üstündə İran bayrağı ilə yanaşı böyük bəyaz bayraq taxılmış qapalı minik avtomobilinin şəhərdən çıxmaq istədiyini gördük. Gələn avtomobildən İran konsulu ilə Bakı qərb cəbhəsinin erməni komandanı çıxdı. İngilis generalı Dens­tervil deyir ki, Bakını türklərin əlindən ala biləcək qüvvə yer üzündə yoxdur. On dördü-on beşi gecəsi bütün cəbhə boyu makinalı tüfənglərdən düşmən mövqelərinə atəş açmışıq.

Nuru paşa: – Səhər açılan kimi topçular da möv­qeləri bombalasın.

Mürsəl paşa Nuru paşaya məruzə edir: – Cəbhədə min nəfərlik azərbaycanlı qüvvəsi var. 210 tüfəng, altı top və bir zirehli qatar əmrinizə tabedir. Qazax, Gəncə, Zaqatala, Nuxa, Cavanşir, Ağdam, Salyan, Quba və Bakıətrafı süvari polis təşkilatları, silahlı könüllülər də səfərbərdir. Şəhərə girmək əmrini gözləyirlər.

Nuru paşa: – Bir az susub içinizi dinləyin. Haqq uğrunda savaşırıq deyə, haqq bizimlədir.

Nuru paşa bir qədər susandan sonra onbaşı İzzətin ona sarı gətirdiyi atının belinə qalxır...

Nuru paşa qılıncını sıyırıb: “Haydı, igidlərim, irəli!” – qışqırır...

Bütün cəbhə boyu Qafqaz İslam Ordusu hücuma keçir...

Vertolyot çəkilişi...

Batal döyüş səhnələri...

Bakı günortaya yaxın Qafqaz İslam Ordusu tərəfin­dən tam azad edilir...

Azərbaycanın, Qafqaz İslam Ordusunun, Osmanlı dövlə­tinin bayraqları şəhər binalarının üstündə dalğa­lanır...

Şəhər əhalisi qələbəni bayram edir...

Döyüş meydanından şəhidləri yığan tibbi personal...

Axşama yaxın şəhəri tərk edən ingilis və bolşevik bir­ləşmələri...

Küçələrdə şadyanalıq...

Yanmış Həşimov mülkünün qabağı ilə at belində hərbi marşların müşayiəti ilə keçən Nuru paşa və Qafqaz İslam Ordusunun zabit heyəti...

Damlarda rəqs edən uşaqlar...

Neft buruqlarından asılan Osmanlı və Azərbaycan bayraqları...

 

 “Ədəbiyyat və incəsənət”

(30.04.2024)