“Turan” (8-ci paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNOSSENARİSİ Featured

Rate this item
(0 votes)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“TURAN” bədii film ssenarisini təqdim edirik.

 

 

Titr yazı. Batum. 1918-ci il. 4 iyun.

Osmanlı qoşunlarının qərargahı...

Azərbaycan və Osmanlı tərəfləri masa arxasında hərbi sənəd imzalayırlar.

Azərbaycan tərəfdən hərbi yardım haqqında sənədi Məmməd Əmin Rəsulzadə, Osmanlı tərəfdən isə ferik Mürsəl paşa imzalayır.

Məmməd Əmin Rəsulzadə sənəd imzalanandan sonra ayağa qalxıb üzünü Osmanlı paşalarına tutur.

Məmməd Əmin Rəsulzadə: – Sizi və özümü bu tarixi günlə təbrik edirəm. Azərbaycan hökuməti Osmanlı tarixinə bir cəbhə kimi deyil, hüquqi dövlət kimi daxil olur. Sizdən alınacaq hərbiyyə gücümüz dövlət yaratma­ğımıza yetəcək. Biz birlikdə çox güclü olacağıq, bəylər. Qafqaz İslam Ordusu birliyimizin gücüdür. Sizdən hərbi yardım istəyirəm. Xahiş edirəm, Beşinci Qafqaz divi­ziyasını da Qafqaz İslam Ordusunu qüvvətləndirmək üçün Gəncəyə göndərəsiz.

Sənədin imzalanma törənində iştirak edən yarbay Zehni bəy: – İkinci süvari alayı da bu gün Gəncəyə doğru hərəkətə başlayıb. Mənimlə birgə yarbay Cəmil Cahid bəy də doqqu­zuncu Qafqaz alayı ilə xidmətinizdə olacaq; Ənvər paşanın əmridir.

Yarbay Cəmil Cahid bəy: – Artıq bütün hazırlıqlar bitdi, paşam.

Məmməd Əmin Rəsulzadə: – Allah yardımçımız olsun, bəylər, – deyir.

 Türk qoşun hissələri eşelonlarla Batumdan çıxıb Gən­cə­yə doğru irəliləyir...

Sürətlə gedən hərbi eşelonlar...

Eşelonların damlarında oturub “Çırpınırdı Qara dəniz, baxıb Türkün bayrağına” şərqisini oxuyan türk mehmet­cikləri...

 

***

Titr yazı. 1921-ci il. Qarabağ. Sentyabr.

Qaranlıq və nabələd meşə yolları ilə onbaşı İzzət atın üstündə təqibdən qaçır...

Onu arxadan bolşeviklər təqib edirlər...

Bolşeviklər ona güllə atırlar...

Atılan güllələrdən biri onbaşı İzzətə dəyir...

Onbaşı İzzət atdan yıxılıb huşunu itirir...

Onun başının üstünü kəsdirmiş atlı bolşe­viklər...

Bolşeviklər onu atının belinə qaldırıb hərbi hissələrinə doğru aparırlar.

 

***

Titr yazı...1918-ci il. Dekabr. Şamaxı...

Qarlı aşırımı aşan kiçik erməni dəstəsi...

Onlardan biri erməni dilində mahnı oxuyur...

Erməni əsgərlərindən biri cığırla üzüyuxarı dırmanan dağkeçisi görür...

Erməni əsgəri keçiyə güllə atır...

Güllə keçiyə dəymir...

Keçi qaçıb canını qurtarır..

Əsgərlərdən biri deyir: – Gülləni türkə saxla, Vaco.

Ermənilər bir-birinin ləpirini basdalamaqla qarlı aşırı­mı aşıb qaranlıqda güclə sezilən kəndə yaxınla­şırlar...

Dəstə dağ döşündəki türk kəndinə girir...

Dəstədəki erməni döyüşçülərindən biri: – Aram, gecənin düşməsini gözləyək, – deyir.

Aram: – Düz deyirsən, gözləsək yaxşıdır, – deyə təkliflə razılaşır.

Cahan savaşından silah-sursat oğurlayıb qaçmış bu kiçik erməni dəstəsi kəndin girəcəyində düşərgə salır.

Onlar uzaqdan görünən türk daxmalarına sarı baxırlar...

Daxmalardan birinin içi...

İki azyaşlı qız uşağı xalça üstə yatıb...

Başı çarşablı qarı ləyəndə uzun hörüklü qadının saçlarını yuyur...

Qarı qadının saçlarını yuya-yuya deyir: – Uşaqlıqdan sa­çın qıvrım idi. Nə qədər əlləşirdim, yuya bilmirdim. Su saçını açmırdı. Hələ də qıvırcıqların şaxı sınmayıb, qızım. Beş qarın doğmağına baxma... həmin cod saçlı uşaqsan ki, durmusan...

Başı yuyulan qadın suyun saçlarından tam süzülməsini gözləyib ayağa qalxır...

Yaş saçlarını kürəyinə töküb gülümsünür...

Daş aynada saçlarına baxır...

Qadın: – Ay ana, kimdir daha saçlarıma baxan... Os­man­dan dörd ildir xəbər yoxdur. Bundan sonra mən saçı neyni­rəm? – deyir.

Qarı qızının sözlərini ağzında qoyub ləyənə doğru əyilir; ləyəni götürüb eşiyə çıxır...

Qarı “Bismillah” deyib ləyəndəki suyu çölə atır.

Çöldə itlər hürüşür...

Qadın aya salavat çevirib içəri keçir...

Kəndin girəcəyindəki erməni düşərgəsi...

Ermənilərdən biri: – Türkün qanı halaldır... Lap uşaq ol­sun, qadın olsun, – fərq etməz. Keşişlərimizdən eşitmişəm.

İkinci erməni: – Vaxtdır, qalxın.

Erməni dəstəsi kəndin meşə tərəfdən birinci daxma­sına tərəf sürünür.

Daxma saçı yuyulan qadının daxmasıdır...

Erməni dəstəsi pəncərələrdən sakitcə içəri keçirlər...

Ermənilər ən əvvəl xalça üstə yatmış uşaqları boğub öldürürlər...

Erməni döyüşçülərindən biri indicə saçı yuyulmuş qadını zorlayır...

Ermənilərdən bir başqası başı çarşablı qarını tüfəngin süngüsü ilə başından vurub öldürür...

Sonra qarının qarnını qəmə ilə yarıb, masa üstə qaynayan samovarı yarılmış kəsiyə yerləşdirir...

Qadını da bir-bir zorlayıb öldürəndən sonra ermə­nilər daxmaya od vururlar...

Erməni dəstəsi kəndin o biri evlərini də atəşə tutur...

Öldürülən qoca və qarılar...

Kənddə kişi olmadığından ermənilərə müqavimət göstə­rən yoxdur...

Erməni dəstəsi kəndin daxmalarını yandırır...

Alışıb yanan daxmalar...

Erməni dəstəsi qaça-qaça kənddən çıxır...

Kəndin yanan daxmaları...

Ağlayan uşaq səsləri eşidilir...

Başı, döşü kəsilmiş qadınlar torpaq üstə çaba­layırlar...

Öldürülmüş uşaq və qocaların cəsədləri...

 

***

Titr yazı... 1921-ci il. Qarabağ.

Səhərdir. Onbaşı İzzət gözlərini açır...

Həbsxanada olduğunu anlayıb ətrafına boylanır...

Quru saman üstə uzanmış qoca dustaq onbaşının gözlərini açmasına sevinir...

Qoca ayağa qalxıb İzzətə yaxınlaşır.

Qoca: – Qorxma... güllə üzünü sivirib keçib. Başına dəyməyib. Sarğını əlimlə sarımışam.

Onbaşı İzzət əliylə başına sarınmış sarğıya toxu­nur...

Sarğı qocanın köynəyinin cırılmış qoludur.

Onbaşı İzzət: – Çox sağ ol, ata.

Qoca: – Sən də sağ ol.

Onbaşı İzzət: – Sən bunlara neyləmisən?

Qoca: – Heç nə eləməmişəm. Atamdan iki inək qal­mışdı. Südünü sağıb dolanırdım. Gələn kimi inəklərimi əlimdən alıb adımı “kulak” qoydular. Dünən səhər isə sürüyə-sürüyə bura gətirdilər. İnəyin badına gedirəm deyəsən, qardaş. Sən neynə­misən? – soruşur.

Onbaşı İzzət sanki birdən yuxudan ayılıb qoca­dan: – Atım hanı? – soruşur.

Döyülməkdən ağzı-burnu şişmiş qoca çətinliklə gülüm­sünüb: – Sən də, deyəsən, atın badına gedirsən? – deyir.

Elə bu zaman həbsxanaya çevrilmiş tövlənin taxta qapıları cırıltıyla açılır...

İçəri girən bolşevik əsgər kəlmə belə kəsmədən açdığı atəşlə dustaq qocanı öldürür.

Onbaşı İzzət yerindən sıçrayıb çaşqın gözləri ilə silahlı bolşevikə baxır.

Bolşevik əlindəki tüfəngi onun sinəsinə tuş­layır.

Bolşevik: – Dünən niyə qaçırdın, niyə mənə de­mirdin artistsən? – soruşur.

Onbaşı İzzət bir şey anlamır...

Bolşevik: – Həqiqətən artistsən? – soruşur.

Onbaşı yenə dinmir.

Bolşevik: – Niyə danışmırsan?

Onbaşı dillənmir...

Bolşevik: – Çıx eşiyə, komandir səni görmək istə­yir, – deyir.

Onbaşı İzzət dustaq qocanın gözlərini sığıyıb tövlə qapılarından eşiyə çıxır...

Qocanın üzündə gülüş ifadəsi donub.

Elə bil qoca boş yerə öldüyünə gülür...

Bolşevik onbaşı İzzəti komandirin otağına qədər gətirib qapını döyür...

İçəridən komandirin kefli səsi eşidilir: – Gəl görüm kimsən.

Bolşevik onbaşı İzzəti komandirin otağına salıb tə­zim edir: – Yoldaş komandir, artisti tapşırığınızla otağınıza gətirdim. İcazə verin gedim.

Komandir: – İcazə verirəm, get.

İzzət komandirlə üz-üzə oturmuş Ravi-aşığı gö­rəndə bircə anlıq duruxur...

Komandirlə Ravi-aşıq iki-üç araq şüşəsini artıq boşal­dıb­lar. İkisi də keflidir...

Sükutu bolşevik komandir pozur: – Əsgərlərə niyə demə­mi­sən ki, artistsən?

Onbaşı İzzət heç nə başa düşmür...

Ravi-aşıq tələsik söhbətə qoşulur: – Hə, az qala unutmuşdum... O, həm də laldır, – deyir.

Komandir: – Bir dəqiqə... Sən məni, deyəsən, dola­mısan... Lal artist olar? Bəs o necə danışır? – soruşur.

Ravi-aşıq: – O, heç vaxt danışmır... Əsl artist onun atıdır. O, bu atın xidmətçisidir... – deyir.

Komandir: – Yaxşı, onu buraxıram, götür apar... Sənədi var da deyirsən?

Ravi-aşıq: – Əlbəttə var.

Komandir: – Amma at xalq artisti olsa belə qaytarma­yacam. Çox xoşuma gəlib. O, hərbi atdır, artist atı deyil.

Ravi-aşıq: – Nə deyirəm ki... At olsun sizin. Mənə artis­ti­mi verin, gedim. Onsuz repertuar pozulur. Atı başqa atla əvəz edərəm.

Komandir: – Yəni deyirsən bu lal nəsə bacarır?

Ravi-aşıq: – Bacarır. O, çox şey bacarır.

Özünü kefliliyə vurmuş Ravi-aşıq səndirləyə-səndirləyə ayağa qalxıb otaqdan çıxmaq istəməyən onbaşı İzzəti zorla eşiyə çıxarır...

Komandir qədəhdəki arağı başına çəkir.

Komandir keflənib tir-tap döşəməyə yıxılır...

Onbaşı İzzətlə Ravi-aşıq “Agit teatr”ın köçəri arabalarına doğru gedirlər...

Ravi-aşıq: – Hoqqa çıxartma. Atını səhər məndən istəyərsən, – pıçıldayır...

Onbaşı İzzət “Agit teatr”ın arabasına minən kimi huşunu itirir.

 

 “Ədəbiyyat və incəsənət”

(24.04.2024)