“Əli və Nino”ya “Sevgiyə görə bağışla” dedi, “Səkkiz sevən qadın” Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Son 3 gündə Rus Dram Teatrında 3 tamaşa oynanıldı. Bir-birindən maraqlı. Bütün tamaşalar anşlaqla keçdi. 

Öncə cümədən başlayaq, sonra şənbəyə və bazara keçək. 

 

CÜMƏ

12 aprel – “Sevgiyə görə bağışla” (“Aydın”)

 

Tamaşanın premyerası 2019-cu il noyabrın 23-də olub və Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinə həsr edilib.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə, quruluşçu rəssamı Sankt-Peterburqdan dəvət olunmuş Tatyana Melnikova, xoreoqrafı Xalq artisti Aleksandra Nikuşina, musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova məxsusdur. 

Aydın obrazını Murad Məmmədov, Gültəkin rolunu Həcər Ağayeva və Natəvan Hacıyeva ifa edirdilər. 

Cəfər Cabbarlı “Aydın” pyesini 1922-ci ildə qələmə alıb. Azərbaycan səhnəsində dəfələrlə səhnələşdirilən əsər Rus Dram Teatrında iki dəfə - 1957-ci və 1980-ci illərdə tamaşaya qoyulub.

Əsərin süjet xəttini Aydın ilə Gültəkinin faciəli taleyi, var-dövlət ilə insanlara bədbəxtlik gətirən tiplərin obrazı olan Dövlət bəyin məkri təşkil edir.

Düşünürəm ki, bügünümüz üçün bu tamaşa olduqca aktualdır.

 

ŞƏNBƏ

13 aprel – “Səkkiz sevən qadın”

 

Ünsiyyət, ailə və nəsillərin münaqişəsi problemlərinin satirik tədqiqatını təsvir edən təsirli detektiv pyesin quruluşçu rejissoru Raulya Turkkandır. Pyes 1958-ci ildə Rober Tom tərəfindən yazılıb və ilk dəfə Parisdə 1961-ci ildə “VII Eduard” teatrının səhnəsində tamaşaya qoyulub.

Hadisələr şəhərkənarı evdə səkkiz qadının Milad bayramını qeyd etməyə hazırlıqları səhnəsi ilə başlayır. Lakin birdən hər şey dəyişir, kabinetdə kürəyinə bıçaq sancılmış ev sahibinin meyiti tapılır. Müxtəlif səbəblərdən polisin gəlişi ləngiyir. Nəticədə səkkiz qadının hər biri şübhə altında olur.

Bir vaxtlar gözəl, xoşsifət qadınlar adətən çox çətin vəziyyətlərdə olduğu kimi bir-birini öldürməyə, mehriban və xoşbəxt ailə idilliyasını dağıtmağa hazırdırlar. 

Sirlər və gizli istəklər üzə çıxır, illərlə qalaqlanan ailə problemləri elə həvəslə müzakirə olunur ki, qətl mövzusu ikinci plana keçir.

Çox maraqlı və baxımlı bir tamaşadır. Üstəlik də, bizimkilər axı detektivi çox sevirlər.

 

BAZAR

14 aprel – “Əli və Nino”

 

Tamaşa Qurban Səidin dünyaca məşhur romanı əsasında hazırlanıb. Rejissor İlqar Safatdır.

Dünya tarixi bizim üçün müxtəlif millətlərdən, dinlərdən, kastalardan, siniflərdən olan oğlan və qız arasındakı sevgi haqqında mifləri, əfsanələri və hekayələri qoruyub saxlayıb. Onlarda sevgi haqqını qazanmaq cəhdi həmişə sevgililərin faciəli sonu ilə başa çatıb. Aristokrat Şirvanşirlər nəslindən olan azərbaycanlı Əlinin və bu yaxınlarda zadəgan titulu almış Kipiani ailəsindən olan gürcü Ninonun hekayəsi bir çox dünya versiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. Bir-birini tanımaq yolunda sevgililər çox maneələri, o cümlədən mədəniyyətlər arasında fərqi dəf etməli olurlar. Ancaq hisslər ağıldan daha güclüdür. Onların sevgisinin aşa bilməyəcəyi heç bir maneə yoxdur.

Romanın hekayəsi 1911-1918-ci illərdə Bakıda baş verən real hadisələrə əsaslanır. Burda Azərbaycanın bolşevik istilası real boyalarla əks olunub.

Tarixi gerçəklik - o gerçəklik ki, uzun illər onu bizdən gizlədiblər, yasımızı toy bilmişik.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)