Öldür ki, abidə qoyasan

Rate this item
(0 votes)

 

Sabah bazar günü olduğundan sabahkı əlamətdar hadisələri də bu gün diqqətinizə çatdırırırq:

 

28 noyabr. Xanuka günü

 

Bu gün qardaş yəhudi xalqının böyük bayramıdır, Xanukadır. Bu gün bütün Sinaqoqlarda möcüzənin şərəfinə şam yandırılacaq. Möcüzə isə eradan əvvəl 164 cü ildə Yehuda Makkaveyin ordusunun Çar Antiox üzərində qələbəsi şərəfinə məbədi şamlarla işıqlandırarkən baş verib, cansız aləm canlanıb.

 

Bayram 8 gün davam edəcək, işıq, sevinc, əylənmək, dadlı qida və şən oyunlar bayramı olan Xanuka hər bir yəhudinin ən sevdiyi bayramdır. Mütləq süfrəyə oladi şirniyyatı qoyulur və mütləq evlərdə şam yandırılır. İlk gün bir, hər gün artıra-artıra son gün də səkkiz şam yandırılır. Məktəblərdə tətil elan edilir, uşaqlara bol hədiyyələr vermək də bayramın atributudur. İsraildə yaşayan uşaqlar fırfıranı fırladıb sehirli “Böyük möcüzə burda olub” söyləyirlər, tarixi vətənlərində yaşamayanlar isə “burda” sözünü “orda” sözü ilə əvəz edirlər.

 

Gəlin səmimi qəlbdən yəhudiləri bayram münasibətilə təbrik edək!

 

28 noyabr. Yeni il mövludunun başlanğıcı

 

Bu bayramı isə xristianlar qeyd edirlər. Qırx gün davam edən mövludda əsas məqsəd xristianları qırx gün ərzində xristian kilsəsinin ən böyük bayramına – İsa peyğəmbərin doğum gününə hazırlamaqdır. Bu gündə bayram piroqu bişirmək, yumurta boyamaq adəti nəsildən nəslə keçir. Tolerant xalqıq, xaçpərəstləri də təbrik edirik.

 

28 noyabr. “Özünə əlavə baş düzəlt” günü

 

Darıxan insanların düşünüb təqvimə saldıqları bir gün. Hər cür maddi tələbatları ödənən insanlar darıxanda bundan da ağıllı bir şey tapmazlar ki. Özünə əlavə baş düzəlt. Palçıqdan, plastilindən, gipsdən, daha nədən. Ya da, düzəltməyə bir şey yoxdusa, əlavə başın şəklini çək. Bir başla yaşamaq yaxşıdır, iki başla isə daha yaxşıdır. Bir başın əzilsə belə digərinə güvənə biləcəksən.

 

28 noyabr. Con Lennon əfsanəsi

 

1974-cü ilin 28 noyabrında Nyu-Yorkun Medisson Skver Qarden konsert zalında dünyanın musiqi əfsanəsi Con Lennon (şəkildə) son dəfə səhnəyə çıxdı. Sonradan tarixdə qalmaq naminə bir alçaq fanatı tərəfindən öldürülən Lennon hamının yadında elə o son konsertindəki xəfif təbəssümü ilə qaldı, Mişel oxudu, İməcn oxudu. Hər bir müğənni üçün ilk və son konserti həyatının ən əsas konserti olur. Əfsus ki, Con Lennon son konsertinə çıxanda bunun son olduğunu bilmədi. Bilsəydi, bəlkə də yüz milyonların sevgisinin müqabilində səhnədən heç çıxmazdı...

 

1970-ci ildə İtaliyada fəaliyyət göstərərək dünyanı qorxu altında saxlayan “Qırmızı briqada” sol terror dəstəsi Pirelli zavodunda partlayış törədərək ilk terror aktını həyata keçirmiş olub.1954-cü ildə İtaliya əsilli amerika fiziki, atom bombasının yaradıcılarından biri, Nobel mükafatı laureatı Enriko Fermi dünyasını dəyişib. 1943-cü ildə tarixin məşhur Tehran konfransı baş tutub, Ruzvelt, Çörçil və Stalin faşist Almaniyasının taleyini həll ediblər. 1918-ci ildə Sovet Rusiyası Estoniyanı işğal edib. 1880-ci ildə rus simvolist şair Aleksandr Blok dünyaya gəlib. 1820-ci ildə isə marksizmin banilərindən biri, alman filosofu Fridrix Engels doğulub.

 

28 noyabr. Öldür ki, abidə qoyasan

 

Ən nəhayət, sonuncu qeydlərim 2007-ci ildə baş vermiş bir hadisə ilə bağlıdır. Ukraynanın Mariupol şəhərindəki səyyar zooparkdan həmin ilin mayında Qodzilla adlı timsah qaçır. Düz altı aylıq axtarışdan sonra noyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu Mariupol İstilik Elektrik Stansiyasının su blokunda tapırlar. Bu inanılmaz möcüzə idi. Ağıllı timsah yüz minlərlə insanın gözündən oğurlanaraq hardasa 7-8 kilometr məsafə qət etmiş, İES-də sığınacaq taparaq azadlığına qovuşmuşdu, orada da 6 ay müddətində gözə görünmədən yaşamaq hünərinə imza atmışdı. Dərhal xəbər hər yana yayılır. İnsanlarda Qodzillaya qarşı müdhiş simpatiya yaranır. Amma özünə azad həyat qurmuş xoşbəxt timsahı FHN əməkdaşları zorla İES ərazisindən çıxarıb FHN-in yanğındansöndürmə idarəsində saxlayırlar ki, sonradan zooparka qaytarsınlar. Zavallı heyvan oradaca canını tapşırır.

 

Bu hadisə 6 ay həyəcanda olan bütün şəhər əhalisini sarsıtmışdı, narazılıqlarına səbəb olmuşdu. Sonradan Mariupolda Qodzillaya abidə də qoyuldu. Öldür ki, sonradan abidə qoyasan! Təzada bir bax. Əksərən çox ağıllı insanları da ya çartladıb, ya da güllələyib öldürürlər ki, sonradan onlara uzun-uzadı nekroloqlar yazsınlar, qəbirlərinə çox bahalı əklillər qoysunlar, dövlət təltiflərinə layiq görsünlər, abidə ucaltsınlar. Abidələr əksərən səmimiyyətə deyil, məkrə xidmət edirmiş. Bax belə.

 

Varisin “Həftənin təqvimi” yazısından