Vladimir Putinə bir məktəblinin arzusu

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Siyasi yumorla aranız necədir? Azərbaycanda demək olar, siyasi lətifə dövrü “Çeşmə” ilə qapandı. Yəni, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində geniş vüsət tapan və samizdat nəşri olan “Çeşmə” ilə pərvazlanan bu janr sonradan arxaikləşdi. Yalnız adda-budda kimlərsə siyasi lətifələr qoşdu, bunları da heç kəs dərc etməyə cəsarət duymadı və sadəcə, dillərdə dolaşdı. 

 

Qonşu Rusiyada isə Qorbaçov, Yeltsin kimi rəhbərlərin ardınca müasir idarəçilikdə yer tutanlar: Şoyqu, Lavrov və əlbəttə ki, hazırkı prezident Putin siyasi lətifələrin əvəzedilməz qəhrəmanlardır. Putin barədə “Putiniada” seriyası şimal qonşumuzun bütün lətifə saytlarında dominantlıq edir. 

Məsələn, bu lətifələrdən biri bu cürdür:

 

7 oktyabr. 

Rusiya prezidenti Vladimir Putin özünün 69 illiyini qeyd edir. 

Prezidentin saytı qeyd edir: əziz vətəndaşlar, bu gün prezidentimiz Vladimir Putinin ad günüdür. Siz ona nə arzu edərdiniz? 

Bir nəfər moskvalı ikinci sinif şagirdi (Konstantin Pletnyov) yazır: Nənəm pensionerdir. Hər ay o, pensiya alanda sevincək olur. Mən Putinə nənəminki qədər pensiya arzulayardım. 

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)