“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli

Rate this item
(0 votes)

 

“Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir. 

 

Layihə çərçivəsində təqdimatlardan növbətisi görkəmli maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərliyə həsr olunub.

Firidun bəy Köçərli 1863-cü il yanvarın 26-da Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil alıb. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur. 1879–1885-ci illər ərzində o, Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alır.

Təhsilini bitirdikdən sonra İrəvan gimnaziyasında, Qori Müəllimlər Seminariyasının (QMS) Azərbaycan şöbəsində müəllim işləyib. 1917-ci ildən şöbənin inspektoru təyin olunub. 1918-ci ildə F.Köçərli QMS-nin Azərbaycan şöbəsini Qazax şəhərinə köçürüb, onu müstəqil milli seminariyaya çevirib və ilk direktoru (1918-1920) olunub.

Firidun bəy Köçərli zəngin yaradıcılıq yolu keçib. Onun “Məişətimizə dair” məqalələr silsiləsi, “Azərbaycan türklərinin ədəbiyyatı”, “Qafqaz üdəbası və şüərasının tərcümeyi-halı”, “Ədəbiyyata bir nəzər” adlı əsərləri nəşr olunub.

F.Köçərli 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, “Tiflisskiy listok” qəzetində dərc etdirib.

Firidun bəy Köçərli 1920-ci ilin mayında “xalqa xəyanətdə”, “milli nifaq törətməkdə” ittiham olunmuş və güllələnməsi haqqında qərar çıxarılıb. Qərar təsdiq edilib və hökm yerinə yetirilib.