Yük – İLHAMƏ NASİRİN HEKAYƏSİ Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlərə İlhamə Nasirin hekayələri təqdim olunur. İlk olaraq “Allahın kolleksiyaları” adlı hekayə ilə tanış olacaqsınız.

 

 

İlhamə NASİR             

                        

YÜK

 

Qışın lap oğlan çağı olsa da, həmin səhər qəribə bir gün doğuşuyla açıldı. Çəpəki düşən zəif şüalardan sığallanan tənbəl dalğalar, qırov bağlamış sahil daşları par-par parıldayırdı. Havanın isinmək istəyinə rəğmən, sazaq adamın üz-gözünü qarsırdırdı. Günəşin üfüqdən boylanan sarısından öncə güclə eşidilən gəminin fiti divara söykənib mürgüyə gedənləri çoxdan ayağa qaldırmışdı.

         Qoca mürgünün əsarətindən hələ qurtara bilməyən qızarmış gözlərini ovuşdura-ovuşdura gəlib düz sahildə dayandı. Əlini alnına – qaşlarının üstünə qoyub gözlərini qıydı. Uzaqdan görünən gəmini sahilə tez yaxınlaşdıra biləydi kaş ki...

O, bir dəfə də burada durub gəmini belə səbirsizliklə gözləmişdi. Əsgərlikdə olarkən, orada tanış olub sevdiyi qız gələndə. O vaxtdan bəri vağzal xeyli dəyişilsə də, dəniz, ətrafdakı qaraltı kimi görünən evlər, gəminin ləngər vura-vura gəlişi eyni idi. Onda da ürəyi bu cür əsmişdi. Qız gələcəkdi, evlənəcəkdilər və şəhərdə kirayə ev tutub yaşayacaqdılar. Sonrası Allah kərimdir. Bəlkə, qismət olar, ev də alardı. Hər halda, rus qızını kəndə aparası deyildi. Çoxlu uşaqları olacaqdı. Hamısı da bir-birindən yaraşıqlı. Tətillərdə də yığışıb kəndə gedəcəkdilər...  Bir xoşbəxtlik tablosu asmışdı ürəyinin başından. Hələ bu xoşbəxliyi məktubda qıza da yazmışdı. O da eyni qarşılığı vermişdi. Qızın gəlişindən qabaq şəhərdə özünə iş də tapmışdı. Ona görə deyirlər, sən saydığını say, gör fələk nə sayır. Qız gəlmişdi gəlməyinə, amma anası var-yox bircə oğlunun xristian qızıyla evlənməsinə icazə verməmişdi. Qızı gəlişinə peşman edib, gəldiyi kimi də geri qaytarmışdı. Xəyalları puç olmuşdu zavallı oğlanın. Şəhər də gözündən düşmüşdü, hər şey mənasızlaşmışdı.  Elə o vaxtdan – qızın gedişindən sonra şəhərə gəlişinə tövbə edib öz kəndinə bağlanmışdı. Uzun müddət subay qaldı. Heç vaxt evlənməyəcəyinə söz vermişdi. Amma yaşlı anası ağır xəstəliyə düçar olanda oğlundan evlənməyi xahiş etmişdi. Görmədən, sevmədən öz qohumunun qızı ilə evlənmişdi. Qucağına övlad alanda yaşı artıq əllini keçmişdi.

Heç indi də gəlməyəcəkdi şəhərə, üzərində bu qədər yük olmasaydı. Axı o, bu yaşda hardan iş tapa biləcəkdi ki, həm də dərənin, düzün ortasında? Bu işi də qonşusu Abbas ağlına salmışdı. Abbas ondan canısulu idi. Gəlib şəhərdə işləyib evə pul göndərmək ona o qədər də çətin deyildi. Qoca bir müddət tərəddüd etsə də, sonda razılaşmışdı. Məcbur idi...

Gəmi yaxınlaşdıqca, içi keçə ilə döşənmiş rütubətli otaqda oğlunun qaranquş balaları kimi yan-yana oturmuş üç balasının üzü gülürdü, gözü yaşlı gəlininin ocaq üstündəki boş qazanı dolurdu, xəstə qarısı dərman içib sağalırdı  qocanın gözləri önündə. Elə öz ağrılarını da tamamən unutmuşdu. Elə bil gecələri vağzalın beton döşəməsində yatdığından  sızıldayan sümükləri, nəfəs almağına imkan verməyən öskürəyi indi onun deyildi. Arada özündən biixtiyar soyuqdan daha da nazilmiş arıq, damarlı əllərini havada yelləyib, gəmiyə “tez gəl” işarəsi də verirdi.

Gəmi düz gəlib sahildə həmişəki yerində dayandı. Hay-küyləri qulaq batıran hamballar bir-birini itələyə-itələyə yüklərin boşalmasına səbirsizlənirdilər. Nəhayət, iri yeşiklər və bağlamalar yerə boşaldıldı. Qarmaqarışıqlıqdan yük sahibləri macal tapıb hambal seçimi də edə bilmirdilər. Qoca özünü hamıdan qabağa atıb yüklərin üstünə şığıdı. Bəxtindən də əlini atıb yapışdığı yük bağlamaların ən irisi oldu. Birtəhər sürüyüb kənara çəkdi. Qəddini düzəldib bağlamaya baxdıqda qocanın gözləri qorxdu. Nə etsin?  Çöllü-biyabanda qanadının altına yığdığı bir çətən külfətin yükü heç qorxutmamışdı onu. İndi niyə qorxsun?  Yükdən yapışıb dərindən nəfəs aldı. “Nədən qorxursan, ay qorxaq, məgər çiyinlərində daşıdığın yük bu yükdən yüngüldürmü?” – deyərək özünü danladı. “Ya Allah” deyib yükü arıq, çəlimsiz kürəyinə atdı. Az qala yıxılacaqdı, tez özünü cəmləyib dayandı. Bu işi əldən verməmək üçün büdrədiyini belə, öskürməyini belə yük sahibinə bildirməməliydi o qədər cavan hambalların içində.  Öz-özünə “bumuydu səni qorxudan, axmaq qoca?” pıçıldadı və sonra da ruhuna təkan verərək dilinin altında  “dünya gözüm boydadır, sirri özüm boydadır” özü qoşduğu mahnısını zümzümə edə-edə addımladı. Ağırlıq kürəyinə tanış gəldi sanki, sümükləri səksəkə içində ayılıb sızıldamağa başladı. Boynundan axan zəiflik təri köynəyinin yaxasını islatdıqda  içinə xof doldu qocanın. Ürəyi necə döyünməyə başladısa, səsi qulaqlarını batırırdı az qala. Özündən ixtiyarsız cəld əlinin birini yükün kəndirindən ayırıb, boynundan axan isti axıntıya vurdu. Yox, qan deyildi... Bir az toxtadı. Yükü nə qədər kürəyində daşıyacağını hələ bilmirdi. Yeridikcə ayağının altına sıxılıb suya dönərək ayaqqabısına dolan qar,  yükün altında sızıldayan sümükləri onun yaddaşını təzələyirdi. Hər şey  kino lenti kimi gözlərinin qabağından gəlib keçdi bir andaca.

Onda da qış vaxtı idi – soyuq fevral ayı. Həyatının ən ağır yükünü kürəyinə alanda. Kürəyi elə o vaxtdan qorxmuşdu yükdən. Müharibənin dağıntısına, itkisinə öyrəşsə də, kəndin bir gecənin içində yandırılacağı ağlına da gəlməzdi. Oğlu hərbçiydi. Bir yandan düşmənlə döyüşür, bir yandan da adamları yanan evlərdən çıxarmağa çalışırdı. Düşmən onu çoxdan hədəfə almışdı. Odur ki, bir neçə istiqamətdən atılan güllələr onun bədənini deşik-deşik etmişdi. Yanan evindən ailəsini güclə çıxardan ata, yaralı lay-divar oğlunu da kürəyinə alıb meşəliklərlə üz tutmuşdu. Onda da o ərazidən uzaqlaşmaq üçüna yol sicim kimi uzanırdı. Onda da yeridikcə qar suya dönüb ayaqqabısına dolmuşdu. Onda da boynundan nəsə axıb yaxasını islatmışdı - oğlunun sinəsindən axan qanı. Qan axdıqca oğlu kürəyində buza dönüb lap da ağırlaşmışdı. Onda da “az qalıb, döz, döz!”  demişdi özünə. Kilometrlərcə oğlunun donmuş cəsədini kürəyində daşımışdı. Düşmən yaxınlaşmamış ailəni uzaqlaşdırmalıydı. Güllələr düz yanlarında ötüb keçirdi. İki körpə uşağın əlindən tutub qaçan hamilə gəlinini və pərişan arvadını bir az qabağa ötürüb özü geri qayıtmışdı.  Əlləri ilə bir ağacın dibindəki buzlu torpağı qazıb oğlunu  dəfn eləmişdi.  Nə zülm-zillətlə ailəsini düşmənin caynağından qurtara bilmişdi. Gəlib yad, nabələd yerdə uçuq bir tikiliyə sığınmışdı. Bir ay keçmişdi, gəlini iki qızdan sonra bir oğul dünyaya gətirmişdi.

İndi uçuq tikilidə məskən salan ailə qocanın əllərinə baxırdı. Uşaqlar böyüdükcə aldığı təqaüd ailəyə bəs eləmirdi. Hələ oğlundan sonra yataq xəstəsi olan qarısı ona başqa bir göz dağı olmuşdu. Həya edib gizliyə çəkilərək əri üçün ağlayan gəlinini görəndə qəddi lap əyilirdi qocanın. Nəvələri  məktəbə getdiyindən tələbat böyümüşdü. Onları böyüdüb yerbəyer eləsəydi, çiyinlərindəki yükü bir az azalardı. Qoca məcbur idi bir iş tapmağa. Ona görə üz tutmuşdu şəhərə.

Yeridikcə qoca yükün altında görünməz hala düşürdü. Deyəsən, mənzil uzaqda idi, yorğunluq isə lap yaxında. Ürəyi üzünə vuran səhər mehindən də xəfif olmuşdu. Get-gedə yük böyüyürdü, qoca kiçilirdi.  Başı dizlərinə çatacaq qədər beli bükülmüşdü. Qarşıdan gedən yük sahibinin ancaq ayaqlarını görə bilirdi. Ağzına susuzluq, dizlərinə ağırlıq çökürdü qocanın. Amma dözəcəkdi, yorğunluğa təslim olmayacaqdı, o vaxt dözdüyü kimi... Bircə mənzil başına tez çatıb pulu ala bilsəydi... Ərzaqla dolu səbətlərlə evinin qapısından içəri girə bilsəydi... Həkimin yazdığı dərmanları qarısına tez çatdıra bilsəydi... Əlində oyuncaq avtomatla oğlunun adını daşıyan nəvəsinin qarşısında dura bilsəydi...

Yük sahibindən geri qalmamaq üçün sürətini artırmaq istədi, bu vaxt öskürək tutdu onu. Nə illah etdisə, özünü öskürəyin əlindən ala bilmədi. Kilometrlərcə kürəyində daşıdığı oğlunun qolunu buraxmadığı kimi, bərk-bərk tutduğu yükün kəndirini də buraxmadan öskürməyə başladı. Birdən içində nəyinsə qırılıb düşdüyünü hiss etdi. Yüngülləşdi... Hələ heç vaxt belə yüngülləşməməşdi. Dayandı... dayandı....  Yük yolun ortasında tərpənməz qaldı.

Yüklərə uzaqdan baxan qoca bilə bilmədi içindəki o qırılanı kürəyindəki yükmü qırdı, yoxsa çiynindəki yükmü.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2024)