“Bir sevgi üşüyür kirpiklərinin ucunda” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

Rate this item
(2 votes)

“Ədəbiyyat və incəsənət” portalının daimi müəlliflərindən olan Təranə Dəmir bu gün şeirləriylə sizin görüşünüzə gəlib. 

 

 

1.

Bir qız dayanıb sual işarəsinin külək döyən hissəsində,

Bir bulud  atıb özünü qızın ayaqları altına

səma evinin ən üst qatından.

Bir küçə yağışa meydan oxuyur,

Bir ləpir küçəyə.

Bir pəncərə udur buludun göz yaşlarını,

Bir xəyal məktub yazır Tanrıya gecənin adından.

Bir pişik siçan deşiyi axtarır ağzındakı  ovunu rahat-rahat aşırmaqçun qaranlıqda.

Bir ağac asılır üzüaşağı ayağından.

Bir qoca nəvəsiyçün şar üfürür asta-asta, nigaran-nigaran,

Nəfəsi ilişib qalır havada.

Bir rəssam sevdiyi qızın şəklini köçürür gözlərindən varağa,

Bir sevgi üşüyür kirpiklərinin ucunda.

Bir ana   köynək  toxuyur əsğər oğluna,

Bir hörümçək tor  bağlayır  baxışlarında. 

Bir gecə səhərə  tərəf yeriyir ağır-ağır,

Bir səhər dincini alır gecənin dizi üstə.

Bir  köpək gecəyə ulayır , küçəyə ulayır , yağışa, küləyə ulayır.

Bir daş fır-fır fırlanır  köpəyin səsi üstə.

Bir damcı  işıq damır gecənin yanağına,

Bir oğlan üzük şəkli taxır adsız barmağına.

 

 

2.

Qadın gəncliyini divardan asmışdı,

Özü isə otaq-otaq dolaşırdı qocalığın başına.

Hər dolandıqca buğda dənəsi boyda  ömründən sürüşüb düşürdü ayağının altına.

Arada başını qaldırıb  sakit -sakit   divardakı qadına  ,  , çıqqaçıqla  vaxt üyüdən  rəngi   tökülmüş  saatına gülümsəyirdi.

Sonra sakitcə barmaqlarını üzünün qırışlarına,

İyirmi   ildən  qalma  günəş ləkələrinə sürtürdü,

Dodağının  çatına  gülümsəyirdi.

Daha  sonra  boynunun ardına  düyünlədiyi  ağappaq saçlarını  qapqara ,ilməsi  qaçmış  yaylığı ilə örtürdü.

Nəfəsi kəsilirdi tənhalıqdan,

Boğurdu   divarlar bu  səssiz, sədasız  , yarımçıq qadını ,

Xəyyallar  gözünə batırdı.

Qapını açıb sakitcə havaya çıxırdı  

 və günə verirdi ayaqlarının yelini ,

Pillələr ardınca daş atırdı.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)