“Qoy hüsnün ağlına kölgə salmasın...” - MİRZƏ ŞƏFİ VAZEH. Çap olunmamış 65 şeir Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət”  portalı klassik poeziyamızın ünlülərindən olan Mirzə Şəfi Vazehin (1794-1852) indiyədək çap edilməmiş 65 lirik şeirinin dərcini davam edir.  Şeirlər Azad Yaşarın təqdimatında sizlərə çatdırılır.


 

“Ötən ilin noyabrında görkəmli şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazehin vəfatının 160-cı ili tamam oldu. Bu ildönümüylə bağlı oxucuların diqqətinə təqdim etdiyim silsilə şeirlər Fridrix fon Bodenştedin 1851-ci ildə Almaniyada nəşr olunan “Mirzə Şəfinin nəğmələri” kitabına salınmışdı.

Nüfuzlu dilçilərimizdən Fəxrəddin Veysəlli və Yusif Savalan tərəfindən edilən sətri tərcümələr əsasında onları yazıldığı vaxtdan təxminən 180 il sonra ədəbi irsimizə təkrar qazandırmağa çalışdım. Bu mətnlər M.Ş.Vazeh irsindən çevirdiyim 270 şeirin hələlik çap olunmayan qisminə daxildir.” (Azad Yaşar)

 

 

25

 

Bu axşam çox oturduq

ahıl ev sahibiylə.

Durultduq damarlarda

axan qanı mey ilə.

 

Yüksəldi həyat eşqim,

artdı canımda tabım.

Damağıma dad verdi

Kaxetiya şərabı.

 

Uzatdım bu ləzzəti

sümürdüm qurtum-qurtum.

Sözlərimi ahənglə,

şeir ilə yoğurdum.

 

Dedim: “Kaş bu vücudum

meylə coşub-daşaydı.

Sonra ona qarışıb,

ümmana qovuşaydı.  

 

Balıqlar da bu meydən

müdrik, sərməst olaydı.

Dünyada hər nə varsa,

o ümmana dolaydı:

 

Kitablar, mədrəsələr,

tilsimlər, möcüzələr.

Batmasa köhnəliklər

o ümmanın dibində –

dünya... çətin düzələ.

 

İstərdim azad edim

dünyada hər dustağı.

Donuq elmi təlimlər

kaş itirib təsirin, 

boğulaydı ümmanda.

Daha güclü olaydı

yenidən doğulanda!

 

Qoca sözümü kəsdi:

“Dur bir, ey Mirzə Şəfi!

Taxma xəyaldan qanad.

Tənin şərab olana,

ümmana qoşulana

qədər sən meyini dad!

 

 

26

 

Cahil necə anlasın müdrik nə dəyər biçir

bu dünyaya... hər dəfə gülgün meydən içəndə?!

Odur ki qoy özünü tay bilməsin müdrikə

meyxanalar küncündə sərxoş yatan hər bəndə.

 

Meydir qanadlandıran durğun xəyalımızı,

İçimiz çiçəkləyər... Haqqın nəfəsi dəysə

və könlümüz gülşənə dönər... Haqq suyu içsə...

yoxsa bizdə gözəllik, sevgi hissi nə gəzər?!

 

Gül-çiçəklə döşənər, qədəm bassaq haraya,

min bir ulduz sayrışar başın üstə bir anda.

Çiçəklər bizi səslər çəməndən,

lap yaxından,

ulduzlar salamlayar uzaqdan,

asimandan.

 

Qəfil canlanar hər şey...

açılar dəli könlüm,

birdəfəlik unudar hər dərdi, hər gümanı.

Qalan ömrü yaşaram

içimdə gəzdirərək

o çiçəkli çəməni, o ulduzlu səmanı.

 

 

27

 

İçmək xatirinə içmə heç zaman,

bu işə bir az rəng, bir az da hiss qat.

Şərabın sehrinə uyan kəsləri

badənin dibində dəfn edir həyat.

Görsən ki cənginə alıbdır səni,

ondan uzaq dayan, onu unut, at.

Meyi su yerinə içirsənsə sən,

bil ki, o nemətə layiq deyilsən.

 

Şərabda misilsiz qüdrət gizlənib,

dağıda da bilər, qura da bilər.

Onu dadan kəslər ya müdrik olar,

ya özün səyliyə... vura da bilər.

Birinin ağlını, gözünü açar,

birinin üfqünü daralda bilər.

Meyi su yerinə içirsənsə sən,

bil ki, o nemətə layiq deyilsən.

 

 

28

 

Mirzə Şəfi məclisdə badəsin qaldırınca,

Səngiyər ətrafdakı səs-küy, söhbət, uğultu.

Çünki o deyəcəyi kəskin sözlərdə tapır

Məclis əhli coşqunu, təsəllini, umudu.

 

Danışdıqca yerini tapar haqq da, nahaq da,

Odur – xoşu-naxoşu gözlər önünə sərən, 

Şərabın xumarıyla içi çölünə daşan, 

Müdrikliklə üsyanı özündə cəmləşdirən.

 

 

29

 

“Ey cavan, hikmətdən sənə dərs versəm,

anlarsan həyatın məğzin, əxlaqın.

Könlünə zərrəcə Haqq nuru düşsə,

ayırd eyləyərsən qaranı, ağı.

 

Qoy hüsnün ağlına kölgə salmasın –

bunu nöqsan tutan... mütləq tapılar.

Bəlağət birləşsə gözəl hüsnünlə,

açılar üzünə bütün qapılar.

 

Qurtul bataqlıqdan, qurtul çöllərdən,

hər şeyin gözəlin dad cahanda sən.

Ömrünə yeni bir növraq qazandır,

mey ilə, yar ilə gülüstanda sən.

 

Açıq fikirli ol,

şən ol, diri ol,

bəzənsin qoy nitqin misralarımla.

Hikmət sirlərinə könül ver daim,

qoy sənə yad olsun xəyanət, yalan.

 

Nadan qılıncla da dönməz düz yola,

arif – hal əhlidir, zora nə gərək?!

Biz könül ovlarıq

eşqlə şərabı

şirin nəğmələrdə vəsf eyləyərək.

 

Bitməz-tükənməzdir hüsnün cəzbəsi,

bir həsrət qarışır ona, adətən.

Ən uyğun məskəndir insanın qəlbi

olsa... nəğmələrin sirrinə vətən. 

 

 

30

 

Deyirlər ki:

Sevdinsə, həqiqətin böyüyün,  

yəhərli-yüyənli tut minəcəyin bədöyü.

 

Ayırmasın ayağın atın üzəngisindən

həqiqəti düşünən başın sahibi əsla.

Həqiqəti dilinə gətirən kəsin gərək

Çiynində qolları yox, bir cüt qanadı ola.

 

Mirzə Şəfi şeiriylə hap-goplardan uzaqdır,

Çün bilir – yalançının qənimi... uca Haqdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2024)