UŞAQLARINIZ ÜÇÜN OXUYUN – “Balaca şahzadə” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının UŞAQLARINIZ ÜÇÜN OXUYUN rubrikasında bu gün də sizlərə dünyaşöhrətli fransız yazıçının dünyaşöhrətli əsəri təqdim ediləcək. Bəli, söhbət Antuan dö sənt Eqzüperidən və onun “Balaca şahzadə”sindən gedir. Əsəri dilimizə Cavanşir Yusifli tərcümə edib.

 

XXI FƏSİL

Hə, indi də tülkü peyda oldu.

– Salam, – dedi.

– Salam, – Balaca şahzadə nəzakətlə cavab verdi, sonra böyür-başına baxsa da, heç kəsi görmədi.

– Mən burdayam, – səs eşidildi, – alma ağacının altındayam.

– Sən kimsən? – Balaca şahzadə soruşdu,– sən necə də gözəlsən...

– Mən tülküyəm, – o cavab verdi.

– Gəl səninlə oynayaq, – Balaca şahzadə ona təklif etdi. – Mən çox kədərliyəm...

– Mən səninlə oynaya bilmərəm, – tülkü dedi. – Mən əhliləşdirilməmişəm.

– Onda üzr istəyirəm, – Balaca şahzadə cavab verdi.

Ancaq nə fikirləşdisə, əlavə etdi:

– “Əhliləşmək” nə deməkdir?

– Sən buralı deyilsən, – tülkü dedi, – buralarda nə axtarırsan?

– İnsanları axtarıram, – Balaca şahzadə dedi. “Əhliləşdirmək” sözünün mənası nədir axı?

– İnsanların silahı var, – tülkü dedi, – bu silahla onlar bizi ovlayırlar. Bu heç də xoşa gələn bir hadisə deyildir. Onlar toyuq da saxlayırlar, bu da onların sevdikləri məşğuliyyətdir. Sənə toyuq lazımdır?

– Yox, – Balaca şahzadə dedi.– Mən özümə dost axtarıram. Demədin axı “əhliləşmək” nə deməkdir?

– Bu, çoxdan unudulmuş bir şeydir, – tülkü, nəhayət, dilləndi. – Mənası “bağlamaq, əlaqə yaratmaq” deməkdir.

– Bağ?

– Hə, – tülkü cavab verdi. – Sən mənimçün indi, bu saat yüz minlərlə oğlan uşağına bənzəyən bir uşaqsan. Üstəlik, sənə heç bir ehtiyacım yoxdur. Sənin də mənə. Mən də sənin üçün yüz minlərlə tülkünün biriyəm. Ancaq sən məni əhliləşdirsən, bizim bir-bi- rimizə ehtiyacımız ola bilər. Sən mənim üçün dünyada yeganə adama çevrilərsən. Mən də sənin üçün... eləcə...

– Hə, artıq mən anlamağa başlayıram, – Ba laca şahzadə cavab verdi. – Bir gül var... məncə, o məni artıq əhliləşdirib, yəni özününküləşdirib.

– Ola bilər, – tülkü cavab verdi. – Bu dünyada, bu Yer üzündə nə desən, ola bilər...

– Yox, mən deyən yer Yer üzü deyil. – Balaca şahzadə cavab verdi.

Tülkünü maraq götürdü.

– Başqa bir planetdən söz gedir?

– Hə, elədir.

– O planetdə ovçu varmı?

– Yoxdur.

– Bu ki çox maraqlıdır! Toyuq bəs?

– Yoxdur.

Heç nə mükəmməl deyil, Balaca şahzadə düşündü.

Ancaq Balaca şahzadə bayaq vurğuladığı fikrinə qayıtdı:

Mənim həyatım darıxdırıcıdır. Mən toyuqları tuturam, insanlarsa məni ovlayırlar.

Bütün toyuqlar bir-birinə oxşayır, bütün insanlar da eləcə... Həyat mənim üçün çox darıxdırıcıdır. Sən əgər məni əhliləşdirsən, həyatım günəş kimi parlayacaq. Sənin addım səslərini minlərlə səsin arasından seçib fərqləndirəcəyəm. İnsanların ayaq səslərini eşidən kimi qaçır, gizlənirəm. Ancaq sənin gəlişin məni özünə çəkəcək, həzin bir musiqi kimi, bu səsi eşitcək gizləndiyim yerdən çıxacağam. Sonra. Oralara bax, çöldə buğda yetişir. Mən çörək yemirəm. Sünbül nəyimə gərəkdir ki? Buğda zəmiləri məni qəti maraqlandırmır, gözümdə onların heç bir əhəmiyyəti yoxdur. Bu isə çox kədərlidir! Ancaq sənin saçların qızılıdır. Məni əhli ləş dirsən, bilirsən, necə füsunkar olar? Qızılı zəmilər səni mənə xatırladacaq. Mən külək əsəndə sünbüllərin bir-birinə dəyib səs çıxarmasını sevməyə başlayacağam.

Tülkü susdu və uzun-uzadı Balaca şahzadəyə baxdı:

– Nə olar, əhliləşdir məni...

Mən də bunu çox istəyirəm, – Balaca şahzadə dedi, – ancaq mənim bir elə vaxtım yoxdur. Hələ neçə-neçə dost tapmalıyam, hələ neçə-neçə məsələni aydınlaşdırmalıyam...

Sən bir şeyi əhliləşdirdikdən sonra onu bilə bilərsən, bunun başqa bir yolu yoxdur. İnsanların nəyisə öyrənməyə vaxtları heç olmur. Onlar həmişə tacirlərin satdığı malı almağa həvəslidirlər. Ancaq bu dünyada elə bir dükan yoxdur ki, orda dost satsınlar, bəlkə, bu səbəbdən insanların artıq dostları yoxdu. Dostun olmasını istəyirsənsə, məni, çox xahiş edirəm, əhliləşdir.

Nə etməliyəm ki?.. – Balaca şahzadə soruşdu.

Əvvəla, çox səbirli olmalısan, – tülkü cavab verdi. – Orda, məndən bir az aralıda otur. Bax belə. Ordan sənə gözümün ucuyla baxacam. Sənsə susarsan. Sözlər insanların bir-birlərini anlamasına mane olur. Ancaq hər gün bir az yaxınlaş mənə. Oturduğun yerdən bircə qarış mənə tərəf gəl.

Sabahı gün Balaca şahzadə həmin yerə gəldi.

Yaxşı olardı, hər gün eyni saatda gələsən bura, – tülkü dedi. – Sən əgər bir gün gü-nortadan sonra saat dörddə gəlirsənsə, saat üçdən sonra mən artıq özümü xoşbəxt hiss eləməyə başlayacağam. Saatlar irəli lədikcə mənim xoşbəxtliyim də artacaq. Saat dörd tamamda mən həyəcanlanmağa və naraha olmağa başlayacağam; mən xoşbəxtliyin mükafatını alacam. Ancaq hər dəfə fərqli saatlarda gəlsən, ürəyimi hansı xoşbəxtliyə hazır layacağımı bilməyəcəyəm. Ənənəyə əməl eləmək ciddi şərtdir.

Ənənə nə deyən şeydir? – Balaca şahzadə soruşdu.

Bu da öz növbəsində artıq çoxdan unudulmuş bir şeydir, – tülkü dedi. – Bu, elə bir şeydir ki, günlərdən biri digərindən fərq lənir, onlara oxşamır, hansısa bir saaatın digər saatlardan kəskin şəkildə fərqlənir. Məsələn, məni ovlamaq istəyən insanlarda belə bir adət var: cümə axşamları onlar kənd qızları ilə rəqs edirlər. Bax, bu cümə axşamı necə də ecazkar bir gündür. Mən özüm də gəzintiyə çıxıram, ta üzümlüklərə qədər gedirəm. Ancaq həmin ovçular cümə axşamı deyil, istədikləri vaxt rəqsə getsəydilər, bütün günlər bir-birinə bənzəyərdi və mən də is tirahət edə bilməzdim, nəfəsim kəsilərdi.

Beləcə, Balaca şahzadə tülkünü əhli ləşdirdi. Ancaq ayrılıq günü gəlib çatanda:

Ah! – tülkü dedi... – mən ağlayacam.

Bu ancaq və ancaq sənin səhvindir, – Balaca şahzadə dedi, mən sənə pis heç nə arzu lamırdım, sən özün istədin ki, səni əhliləşdirim...

Əlbəttə. Mən özüm istədim, – tülkü kədərlə cavab verdi.

– Sən ağlayacaqsan amma...

– Əlbəttə, necə ağlamayım ki... – tülkü cavab verdi.

– Demək, sən çox pis olubsan ... ağrıyırsan..

– Yox, elə demə, mən yaxşıyam, pis deyiləm, yadına sal qızılı buğda saçaqları haqqında sənə nələr dediyimi...

Sonra o əlavə etdi:

– Get, bir də qızılgüllərə tamaşa elə! Anlayarsan ki, sənin qızılgülün dünyada, doğ-rudan da, yeganədir. Mənimlə vidalaşmaq üçün geri qayıtdıqda isə sənə bir sirr açacağam. Bu sənə mənim hədiyyəm olacaq.

Balaca şahzadə qızılgüllərə baş çəkməyə getdi.

– Siz heç də mənim gülümə bənzəmirsiniz, siz hələ heç nəsiniz. Hələ kimsə gəlib sizi əhliləşdirməyib, elə siz də heç kəsi əhli ləşdirməmisiniz. Siz həmin tülkünün günündəsiniz. O da minlərlə tülküdən biriydi o zaman. Ancaq onunla dost oldum, indi isə o, dünyada yeganədir, təkdir, hamıdan fərqlənir.

Qızılgüllər bundan çox təsirləndilər.

Siz gözəlsiniz, ancaq içinizdə dəhşətli bir boşluq var, – onlara xitabən dedi. – Si-zin üçün can fəda etmək, ölmək olmaz, buna dəyməz. Əlbəttə, yoldan ötən bir şəxs üçün mənim gülüm də eynən sizin kimidir.

Ancaq heç kəs bilmir ki, bircə o, sizinhamınızdan daha dəyərlidir, çünki mən hər gün onu sulayıram. Çünki sizin yox, məhz onun üstünü şüşə qapaqla örtmüşəm ki, soyuqdan qoruna bilsin. Onu acı küləklərdən qorumuşam. Məhz ona görə mən qum-qumaları öldürmüşəm (ancaq iki-üçünü saxlamışam ki, kəpənəklərin toxumu kəsilməsin). Çünki mən məhz onun göz yaşlarını, necə ağlamasını görmüşəm. Çünki o, mənim qızıl gülümdür.

Bunu deyib Balaca şahzadə tülküyə yaxınlaşdı:

Əlvida, – dedi.

Əlvida, – tülkü dedi. – Bu da mənim sirrim.

O, çox sadədir: sən yalnız qəlbinlə nəyisə, doğrudan da, görə bilərsən. Mahiyyət gözlər üçün qapalıdır.

Mahiyyət gözlərə görünmür, – onun ardınca Balaca şahzadə təkrar etdi, təkrar etdi ki, yadda saxlasın.

Sən gülünü ona görə belə çox dəyərləndirirsən ki, onu bütün qəlbinlə sevirsən. Ona görə ki, sən ona bütün qəlbini vermisən... - yaddan çıxarmamaq üçün Balaca şahzadə bu sözləri təkrar etdi.

İnsanlar bu həqiqəti çoxdan yaddan çıxarıblar, – tülkü dilləndi. Ancaq bunu yaddan çıxarmamalısan. Sən bir dəfə əhliləşdirdiyin şeyə görə əbədi məsuliyyət daşımalısan. Sən o gül üçün cavabdehlik daşıyırsan...

Mən gülümə görə cavabdehəm... – Balaca şahzadə təkrar elədi ki, unutmasın...

 

(Sevimli uşaqlar üçün sabah növbəti fəsli təqdim edəcəyik)

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)