MİRZƏ ŞƏFİ VAZEH – Çap olunmamış 65 şeiri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət”  portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində növbə klassik poeziyanın – böyük Mirzə Şəfi Vazehindir (1794-1852). Azad Yaşar onun çap edilməmiş lirik şeirlərini təqdim edir. 11 gün ərzində sizə tam 65 şeir təqdim ediləcək.


 

Sirli toxunuşunla çevirərsən bir anda

Nəğməni – adi sözə,

adi sözü – nəğməyə...

 

Ötən ilin noyabrında görkəmli şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazehin vəfatının 160-cı ili tamam oldu. Bu ildönümüylə bağlı oxucuların diqqətinə təqdim etdiyim silsilə şeirlər Fridrix fon Bodenştedin 1851-ci ildə Almaniyada nəşr olunan “Mirzə Şəfinin nəğmələri” kitabına salınmışdı.

Nüfuzlu dilçilərimizdən Fəxrəddin Veysəlli və Yusif Savalan tərəfindən edilən sətri tərcümələr əsasında onları yazıldığı vaxtdan təxminən 180 il sonra ədəbi irsimizə təkrar qazandırmağa çalışdım. Bu mətnlər M.Ş.Vazeh irsindən çevirdiyim 270 şeirin hələlik çap olunmayan qisminə daxildir.

 

Azad YAŞAR

 

1

 

Nədən qaşqabaqla, tənəli sözlə

axı qarşılayar gözəl yar məni?

Nə bilsin eşqinə təşnəyəm onun?!

Odur ki tikanla dalayar məni.

 

Sonra ürkək-ürkək könlümü alar,

gizlicə göstərər mənə butasın.

Ardından gülünə qovuşmaq keçər

könlümdən... Alaram onun qadasın!

 

Qızılgül qarşımda bükər boynunu,

istəyər əyilim qoxlamaq üçün.  

İçimi məhəbbət seli bürüyər,

artar qətiyyətim, ümidim, gücüm. 

 

Müqəddəs eşqinə can ataram mən,

safdır içimdəki niyyətlər, hisslər.

Sənə həsr etdiyim bu söz çələngi

içində misilsiz rayihə gizlər.

 

Nəğməmə qulaq ver,

ona qarışan

könlümün sevinci, iztirabıdır.

Fərq etməz – buta ol, gül ol, tikan ol...

Səndən tək umduğum –

“hə” cavabıdır.

 

 

2

 

Turactək önümdən səkib keçəndə

olan-qalan ağlım çıxır başımdan –

sənin xaliqinə deyirəm: “Əhsən!”

Könlümdə qövr edən yaralara da

umuram o narın, ipək əllərlə

bir məlhəm qoyasan, çarə edəsən.

 

Qönçə dəhanına heyrandır gözüm,

deyirəm: “Yəqin ki, nazənin yarım

bir şirin busəni çox görməz mənə”.

İçində qaynayan şəhvət, ehtiras

baxar gözlərindən...

Bunu arif kəs 

anlayar bir kərə baxsa üzünə.

 

Gəl mənə çox görmə inayətini,

Aşiqlər içində, inan, gözəl yar,

səni mənim qədər sevəmməz heç kəs.

Bir az qulaq versən nəğmələrimə,

etiraf edərsən:

Hüsnünü kimsə

bu bağrıyanıqtək vəsf edə bilməz!

 

 

3

 

Ürəyim qanad taxıb daim uçur göylərdə

sənin o gül hüsnünə aşiq olandan bəri.

Çıxdıqca eşqimizin çətin sınaqlarından

şahin könlüm özünə məskən seçib göyləri.

 

Fəvvarətək göylərə yüksələndə ürəyim

ondakı məğrurluğu anlayıram o ara.

Ancaq hər dəfə təkrar qayıdınca geriyə,

o qovuşur içində çırtlayan arzulara.

 

 

4

 

Niyə çəkinirsən, niyə qorxursan

yanımdan keçəndə... sən ürkək-ürkək?!

Hər sığal çəkəndə gur saçlarına

səni sevib qucmaq diləyər ürək. 

Könlümdə qövr edən ehtiyacımı

sən məndən də yaxşı biləsən gərək.

Belə yazılıbmış bəxtim əzəldən,

yazımı dəyişmək gəlməz ki əldən...

 

Allaha bağlıyam ürəkdən, candan,

ömür bələdçimdir mübarək Quran.

Canımda nə qədər can var, bunu bil,

səni sevəcəyəm, səni, ey canan.

Eşqim daha betər yanar, odlanar

əğyarın qurduğu fitnə-fəsaddan.

Belə yazılıbmış bəxtim əzəldən,

yazımı dəyişmək gəlməz ki əldən...

 

De, gül, qəm-qüssəni dumantək dağıt,

pünhan dərdim sənə əyan deyilsə.

Könül necə aram tapar, dayanar –

şübhə qoşun-qoşun üstünə gəlsə?!

Neylərəm şəkk etsə sədaqətimə?!

Məni başqasının aşiqi bilsə?!

Belə yazılıbmış bəxtim əzəldən,

yazımı dəyişmək gəlməz ki əldən...

 

Gəlmişəm vəslinin ümidi ilə,

çıxmışam yollara, nə ola-ola.

Gözümə durmayıb yarın yolunda

nə çətin əzablar, nə xəta-bəla.

Başqa aşiq gəzmə,

sən məni yetir

umduğum o uzaq, şirin vüsala.

Belə yazılıbmış bəxtim əzəldən,

yazımı dəyişmək gəlməz ki əldən...

 

Oxu bu yazdığım nəğməni, oxu,

qapıl cəzbəsinə onun bir ara.

Qoy səni qoparsın qara torpaqdan,

aparsın o “cənnət” adlı diyara.

Orda sən fərqli bir səadət ara,

mən burda hicranla çəkilim dara.

Belə yazılıbmış bəxtim əzəldən,

yazımı dəyişmək gəlməz ki əldən...

 

Səhər mehi necə əsir, titrədir

çəməndə açılan qönçəni, gülü,  

eləcə titrəyir nazənin yarın

nəğməmi dinləyən hissləri, könlü.

Güllərlə nəğməmin ətridir bizi

qopmağa qoymayan, sımsıx hörülüb.

Belə yazılıbmış bəxtim əzəldən,

yazımı dəyişmək gəlməz ki əldən...

 

 

5

 

Şikayətlənirdi mənə bu gün bağda qızılgül:

“Zərif ləçəklərimə baharın bəxş etdiyi

ətir tez uçub gedir...”

“Bunu heç dərd eləmə, – deyib təsəlli verdim:

– Hopduraraq o ətri hər şeirimə, misrama,

yaşadaram əbədi”.

 

 

6

 

Çəməndən dərdiyim tər çiçəklərdən

çələng hörmək mənə heç gəlməz çətin.

Kədərli, sevincli olmam fərq etməz –

duyaram hər sözün gücün, siqlətin.

 

Hakim kəsildikcə öz hisslərimə

zövqlə yaşayıram ömrün hər dəmin.

Durur xidmətimdə, itaətimdə

pərilər, çiçəklər, ruhlar aləmi.

 

Busəndən qaynayıb coşanda qanım

düşürəm taleyin burulğanına:

bir anım uzanıb min ana dönür,

min ləzzət sığışır həmin bir ana.

 

Şaqraq ötən bülbül kimi mənim də

içimdə boğulur şirin avazım.

Hüsnündən aldığım zövqün gücündən

nəğməyə çevrilmir şux ehtizazım.

 

Günəşin şaxıyan, qızmar çağında

kim ona rahatca baxmaq dilər ki?!

Aləmi qovurub yaxanda günəş

kim onun gözünə baxa bilər ki?!

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)