“Ssenaristlərin müqəddəs kitabı”na niyə maraq göstərmirlər?

Rate this item
(0 votes)

Cəlil Cavanşir yazır

 

 

Bu kitab dünyada "ssenaristlərin müqəddəs kitabı" hesab edilir. Azərbaycan dilinə mən tərcümə etmişəm. 

"O2 Media"nın rəhbəri, kinomuzun böyük təəssübkeşi, dostum Orxan Mərdanın  təşəbbüsü və birbaşa dəstəyi ilə kitab tərcümə və çap olunub.

 

Orxan pandemiya günlərində mənə bir düjün kino haqqında kitab aldı. Robert Makkinin "Hekayə" və "Dialoq" kitablarını isə xüsusi olaraq təkrar oxumağımı, sonra isə "Hekayə"nin tərcüməsini məsləhət gördü. Zamanımız az olsa da, kitabı deyilən tarixdə nəşr etdik. Kitabın bütün xərcini Orxan çəkdi. 510 səhifəlik kitabın xərcini təxmin edə bilərsiniz. Deməyim odur ki, bu kitab fədakarlıq hesabına ərsəyə gəldi. Bir kino adamı ölkəsində kino mühitinin yaranması üçün addım atdı. Kitabın satışından təbii ki, qazanc gözlənilmirdi, amma ən azı oxucusuna çatmalı idi.

Nə qədər vacib və önəmli kitab olsa da satışı çox asta templə gedir. Çünki bu kitab kütləvi oxucu üçün nəzərdə tutulmayıb. Ssenarist, dramaturq, yazıçı olmaq istəyənlər, bu sahədə yeni addım atanlar üçün stolüstü kitab olmalıdır.

Bu kitaba dövlət səviyyəsində dəstək olmalıdır. Alınıb Mədəniyyət və İncəsənət Universitetinin, digər universitetlərin filologiya fakültələrinin kitabxanasına hədiyyə edilməlidir ki, tələbələrə əlçatan olsun. Ümid edirəm ki, "O2 Media"nın dəhlizində dağ kimi qalaqlanmış bu vacib kitab tezliklə oxucusuna qovuşacaq, mən də Makkinin digər önəmli kitabı "Dialoq"u könül rahatlığı ilə tərcümə edəcəm.

 

Rober Makkinin “Hekayə – Ssenari yazılmasının əsasları, strukturu, tərzi və qaydaları” ssenari yazarları üçün nəzərdə tutulmuş ən vacib kitablardan biridir. Dünyada Robert Makkinin “Hekayə” kitabını ssenari yazarlığının müqəddəs kitabı kimi qəbul edirlər. Müəllif çox sadə dildə yazdığı bu kitabda, ciddi nümunələrlə ssenari yazarı üçün lazım olan hər şeyi bu kitabda toplamağı bacarıb.

Kitabda ssenari ilə bağlı nəzəri məsələlərlə yanaşı, dünyaca məşhur filmlərin ssenariləri əsasında təcrübi bilgilər də yer alır. Müəllif yazar və hekayə sənətini, hekayə qurmağın elementlərini, hekayə dizaynını çox sadə şəkildə izah edir. “Hekayə” həm də gənc yazıçılar və dramaturqlar üçün qiymətli mənbədir. Kitabda toxunulan hər bir mövzu ayrı-ayrılıqda ciddi dərslik mahiyyətindədir.

“Hekayə” həm peşəkar kino adamları üçün, həm də incəsənət və ədəbiyyat sahəsində təhsil alan tələbələr, həvəskar ssenaristlər üçün vacib kitablardan biridir. Robert Makkinin akademizmdən və terminologiyadan uzaq təhkiyəsi, sadə izahatları sizin inkişafınız üçün ciddi mənbə ola bilər.

 

“Ədəbiyyat və incəaənət”

(03.08.2023)