Vaqif Aslanın şeirləri Avstriya portalında yayımlanıb

Rate this item
(1 Vote)

Avstriyanın məşhur ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Aslanın alman dilinə tərcümə olunmuş “Kimiyəm...” və “Adam” şeirlərini yayınlayıb.

 

Tərcümə Mərkəzinin məlumatına görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifləri Avstriya filoloqu Andreas Kriber və Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədovadır.

1950-ci ildə Şəkinin Kiş kəndində anadan olan tanınmış Azərbaycan şairi və tərcüməçi Vaqif Aslan 1968–1973-cü illərdə Azərbaycan Xarici Dillər İnstitutunun Fransız və Azərbaycan dilləri fakültəsində təhsil alıb: Onun ilk şeiri 1967-ci ildə Şəkinin “İpəkçi” qəzetində dərc olunub. O, eyni zamanda “Ruhlarla söhbət”, “Qanımdan rəng alan gül”, “Aydın”, “Oğuz elinə salam”, “Hər şey zaman içində” və digər kitabların müəllifidir. V.Aslan məşhur fransız yazarları Pol Verlen, Ojen Dabi, Erve Bazen, Jan Batist Şardən və Jermen Giyomun əsərlərinin orijinaldan Azərbaycan dilinə tərcümə müəllifidir. 

Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən “Gedichtesammlung.net” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində dünya ədəbiyyatının müasir ədəbi nümunələrini işıqlandırır.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)