Ankarada Xurşidbanu Natəvan və Fatimə xanım Kəminəyə həsr olunan kitabın təqdimatı olub

Rate this item
(0 votes)

 

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi Qərargahında “Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” adlı kitabın təqdimatı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, TÜRKSOY, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin, Azərbaycanın Türkiyədəki səfirliyinin və Türkiyədə fəaliyyət göstərən Türkiyə Ədəbiyyat Vakfının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok çıxış ediblər.

Şuşa şəhəri də daxil olmaqla, Qarabağın təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün türk dünyasına görkəmli şəxsiyyətlər bəxş etdiyini diqqətə çatdıran natiqlər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının mədəniyyət diplomatiyası sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyətini yüksək dəyərləndiriblər.

Vurğulanıb ki, təqdim olunan kitab bir tərəfdən Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə kimi görkəmli Azərbaycan şairələrinin yaradıcılığına verilən qiymətdir və bu tarixi simaların tarixi şəxsiyyət kimi ucalığını tərənnüm edir.

Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli qələbə sayəsində indi Qarabağla bağlı tədbirlərimizi ürək açıqlığı ilə keçiririk. Qarabağın hər qarışı bizim üçün dəyərli olduğu kimi tarixi şəxsiyyətləri də bir o qədər əzizdir. 

Çıxışlardan sonra “Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabı iştirakçılara təqdim olunub.

Milli Məclisin komitə sədri Qənirə Paşayeva TÜRKSOY-a Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun “Türk dünyası qadınlar tablosu” rəsmlərindən hədiyyə edib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Sultan Rayev isə Qənirə Paşayevaya TÜRKSOY-un “Şərəf” medalını təqdim edib. 

Sonra Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar və başqaları təqdim olunan kitabın əhəmiyyəti barədə fikir və düşüncələrini bölüşüblər. 

Qeyd edək ki, kitabı nəşrə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Faiq Ələkbərli hazırlayıblar.

“Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabında şairələrin bioqrafiyaları və dünya görüşləri, eləcə də poeziya yaradıcılıqlarından nümunələr əksini tapıb.

Tədbir şairələrin poeziya yaradıcılığını əks etdirən bədii hissə ilə davam edib.