Əzizə Cəfərzadə” adlı biblioqrafiya nəşr olunub

Rate this item
(0 votes)

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, filologiya elmləri doktoru Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyi münasibətilə “Əzizə Cəfərzadə” adlı biblioqrafiya nəşr edilib.

 

Kitabxanadan AzərTAC-a bildirilib ki, biblioqrafiyada “Əzizə Cəfərzadənin həyat və yaradıcılığının əsas tarixləri”, “Əzizə Cəfərzadənin görkəmli şəxsiyyətlər haqqında fikirləri”, “Görkəmli şəxsiyyətlər Əzizə Cəfərzadə haqqında” bölmələri, yazıçının elmi və ədəbi fəaliyyətinin məhsulu olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı kitablar, rəy verdiyi, rəhbəri və məsləhətçisi olduğu tədqiqat işləri, həmçinin həyat və yaradıcılığı haqqında 1937-2021-ci illərdə dərc olunmuş materiallar öz əksini tapıb. 

Vəsaitdə həmçinin Azərbaycan elmi və ədəbiyyatı qarşısında misilsiz xidmətləri olan Əzizə Cəfərzadənin Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində və ev arxivində saxlanılan əsərlərinin əlyazmaları, qeyd dəftərləri, gündəlikləri, çıxışlarının mətnləri, fotoşəkillər, rəylər, məktublar, teleqramlar, yazıçı haqqında müxtəlif sənədlər və digər materialların biblioqrafik təsvirləri əks olunub.

Biblioqrafiyada yazıçının dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan nəşrləri də öz əksini tapıb. 

Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/EzizeCeferzade.pdf linkindən istifadə edə bilərlər.