Türkiyədə “Qobustan” jurnalının xüsusi nömrəsi işıq üzü görüb

Rate this item
(0 votes)

 

“Qobustan” sənət toplusunun Türkiyədə xüsusi yaz nömrəsi işıq üzü görüb.

Ötən ilin noyabr ayında Türkiyənin nüfuzlu ədəbi təşkilatı olan Türk Ədəbiyyatı Vəqfi və onun mətbu orqanı “Türk ədəbiyyatı” dərgisi ilə qarşılıqlı razılaşmaya əsasən bu nömrə türk mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı “Qobustan” redaksiyasına istinadən xəbər verir ki, jurnalda Xalq yazıçısı Anar, akademik İsa Həbibbəyli, professor Vilayət Quliyev, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, şair-publisistlər Fərid Hüseyn, Aysel Xanlarqızı, Pərvin Nurəliyeva, sənətşünaslar Natiq Əfşar, Dürdanə Qurbanova və digər müəlliflərin məqalə və esselərində böyük türk mədəniyyətinin müxtəlif istiqamətləri təhlil olunub.

Bu nömrədə, həmçinin yazıçı-tərcüməçi İmdat Avşar kimi müəlliflərin timsalında qardaş türk yazılı ədiblərinə də yer verilib. Türk və Azərbaycan mədəniyyətini vəhdətdə göstərən dərgi qardaşlığın sənətdəki əksini də önə çəkib. Dərginin bu nömrəsində redaksiya heyəti bir yeniliyə də imza atıb. Belə ki, dərginin mündəricatında QR kodu oxutmaqla yeni, “Baş redaktor təqdim edir” rubrikasını videoformatda izləmək imkanı yaranır. Bir neçə dəqiqədə dərgidəki yazıların ümumi ideyasını ifadə edən redaktor Pərvin Nurəliyeva “Qobustan”ın bu nömrəsini niyə oxumalısınız? - sualının cavabını oxucularla bölüşür.

P.Nurəliyeva dərginin bu nömrəsi ilə bağlı digər yenilikləri də bölüşüb: “Bu ildən qarşımıza yeni hədəflər qoymuşuq. Görünən odur ki, zaman internet və sosial şəbəkələr zamanıdır və bu vasitələrlə oxucuya çatmaq, ona xitab etmək daha doğrudur. Əlbəttə ki, bizdən ötrü bu, yeni bir yoldur, hələ incəlikləri öyrənməyə çalışırıq. Amma bununla belə necəsə başlamağa və ədəbiyyat aləmindən uzaq internet izləyicilərinə də necəsə görünməyə çalışırıq. Dərginin sosial şəbəkə hesablarında qısa, amma maarifləndirici videomateriallar yerləşdirməklə, qısa özəti yenə videoformatda danışmaqla müəyyən bir təbliğat yolu tapmaq istəyirik”.

Onun sözlərinə görə, bu xüsusi nömrənin “Poeziya” əlavəsi də yaxın günlərdə işıq üzü görəcək: “Türkiyə özəl sayının kitab əlavəsi də çapdadır. Yaxın zamanlarda çağdaş türk poeziyasının orjinal nümayəndələrindən biri Furkan Çalışkanın şeir kitabını da oxucularımıza təqdim edəcəyik. Şeirləri Azərbaycan dilinə şair Aysel Xanlarqızı çevirib”.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)