MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Rate this item
(0 votes)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

 

Mahir bir qədər nəfəsini dərdi. Onun indi dedikləri mənim gəldiyim qənaətlərlə eyni olduğu üçün buraya qədər nəsə əlavə etməyə ehtiyac duymamışdım. Nəfəsini dərib davam etməsini gözlədim. Bir azdan qaldığı yerdən davam etdi:

-İndi qayıdaq buradakı hələ kimliyini bilmədiyimiz adama. Zənnimcə, həmin adam Tərxana ikinci dəfə pul verəndə teraktda istifadə olunacaq partlayıcıları da verib özündə saxlamasını tapşırıb. Ola da bilər, burada tərəflərinə çəkdikləri başqa bir adam vasitəsilə ona göndərib. Ancaq bunun fərqi yoxdur, çünki nəticə eynidir. Həmin vaxt artıq plan hazır idi. Tərxan partlayıcıları tanışı Mahmuda verəcək, o isə lazımi məkanda aparılacaq yaşıllaşdırma işləri zamanı fürsət tapıb partlayıcını yerləşdirəcəkdi. Əlbəttə burada söhbət bir neçə yüz qram partlayıcıdan yox, bir neçə kiloqramdan gedir. Mahmud onları açıq-aşkar özü ilə gətirib hamının gözü qarşısında hansısa kolun, ya da qazon örtüyünün altına qoya bilməzdi. Yəqin ki, gündüz saatlarında iş gördüyü məkana gecə satlarında rahatlıqla qayıdıb işini görüb. Yaşıllaşdırma işləri açıq məkanlarda aparıldığından qənaətimə şübhəm yoxdur. Hansısa tanış parka, ya da iri bir müəssisənin tanış həyətinə gecənin qaranlığında qayıdıb əvvəlcədən bələdlədiyin yerdə nə isə gizlətmək fikrimcə elə də çətin olmayıb onunçün. Elə bu təhlillərim əsasında Mahmudun son dövrlərdə iştirak etdiyi yaşıllaşdırma işlərinin siyahısını tələb edib bu gecə orada yoxlamalar aparacayıq. Hər ehtimala qarşı onsuz aparılan işlərin də siyahısını götürmüşük. Bir neçə istehkamçı qrupu cəlb etmişik. İşlərin niyə gecə saatlarında aparılacağını yəqin başa düşürsən. Bundan sonra hər şeyin hazır olduğunu Mahmud Tərxana, o da öz növbəsində hələ ki, bizim üçün naməlum olan buradakı adama deyir. Yeri gəlmişkən uşaqlar böyük çətinliklə Mahmudun illər əvvəl Tərxanla bir məhəllədə yaşadığını öyrənə biliblər. Bu lap çoxdan olub. Onların tanışlıqları da oradan başlayıb. Bu işə qol qoyduqları andan ölüm hökmlərinin verildiyini anlamayan bu iki axmağın aqibəti bəllidir. İkisini də elə bizə naməlum qalan o adamın aradan götürdüyü ehtimal olunur. Ancaq həmin adamın da bu işdə əsas fiqur olduğunu düşünmürəm. Kölgədə qalan, hər şeyi kənardan idarə edən birinin şəhərdə olduğuna əminəm. Məhz o, düşmən tərəfin kəşfiyyatının Bakıdakı rezidentidir. Onu təkcə bayaqdan haqqında danışdığımız naməlum adam tanıyır. Onu müəyyən etsək, bəlkə rezidentə də çıxmaq mümkün olar.

Çaydanın altını söndürməmişdim. Qalxıb ikimizə də yenidən çay süzdüm. Söhbətin bu yerində fasilə verməyi lazım bilmişdim. Çünki mənim qəbiristanlıqda apardığım axtarışlar elə indi Mahirin dediyi adamın müəyyən edilməsinə yönəlmişdi. Stəkanları masaya qoyub dedim:

-Saat on ikidir. Gör nə qədər vaxt keçib. Sən hələ bir ekspertə zəng elə. Öyrən yekunlaşıb ya yox. Onun qəbiristanlıqda götürdüyü son əl-barmaq izlərinin nəticələri bizim üçün mənzildəki izlərdən daha vacibdir.

Mahir telefonunu götürüb eksperti yığdı.

-Salam, qardaş. De görüm nəsə öyrənə bildin?

Ekspert danışdıqca Mahirin üzünün ifadəsinin dəyişdiyini görürdüm. Nəhayət, telefonu qapadıb mənə baxıb gülümsədi.

-Sağ ol, Bəxtiyar. Ekspertmiz işini elə indicə bitirib. Sənin qəbiristanlıqdakı zəhmətin hədər getmədi.

Bu yaxşı xəbər idi. Bəlkə də axtarışlarımızın istiqamətini kökündən dəyişəcək xəbər. Səbirlə Mahirin sonra nə deyəcəyini gözlədim. O isə tələsmirdi. Süzdüyüm çaydan içib gülümsəməkdə davam edirdi. Nəhayət, stəkanını boşaldıb dedi:

-Hasardan, Tərxan öldürülən qəbirin yanından götürülən izlər heç nə verməyib. Ancaq haqqında danışdığın mərmər qəbirin başdaşında tək çeçələ barmaqla qoyulmuş xırda bir iz çox şeydən xəbər verir. Həmin barmaq izi qatı cinayətkar Sultan Muradova məxsusdur. O, hələm-hələm iz verən adam deyil. Elə əvvəllər törətdiyi cinayətlərdə də ona qarşı sübutları çox çətinliklə toplamışdıq. Fikrimcə onun barmağı başdaşına təsadüfən toxunub. O da buna əhəmiyyət verməyib. Ekspertimiz isə, sağ olsun, bunu gözdən qaçırmayıb.

Nədənsə mənim oradakı izlərin nəsə verəcəyinə ümidim böyük idi. Düşündüyüm kimi də oldu. Mahirin fikrini davam etdirib dedim:

-Deməli, ən azı iki bağlı ölüm işinin üstü açıldı. Qalır daha böyük fəlakətin qarşısını almaq.

-Hə, qardaş. Artıq ekspert məlumatı bizim uşaqlara ötürüb. Sultanın yerinin müəyyən edilməsi üçün qrup üzvləri hərəkətə keçiblər.

-Yeri gəlmişkən, mənzildəki izlər haqqında heç nə demədin?

Sualımı dinləyib başını yelləyən Mahir dedi:

-Mənzildə heç bir iz tapılmayıb. Əlbəttə, lap köhnə izlər var. Ancaq onların «Koramal»la heç bir əlaqəsi yoxdur və lap çoxdan qoyulmuş izlərdir.

-Bu, gözlənilən idi. Solomin kəşfiyyat məktəbini keçmiş biridir. Biz, sadəcə, təsadüfən o mənzildə nəsə bir iz tapacağımıza ümid edərkən, təsadüf bizi başqa yerdə sevindirdi.

-Olsun, əsas nəticədir, Bəxtiyar. Bu günə kimi əməliyyat yolu ilə müəyyən etdiyimiz iki nəfərin öldürüldüyünü öyrənmişdik. Bunun hansı çətinliklər yaratdığını bilirsən. Nəhayət ki, sağ olan biri də bizə məlum oldu. Daha doğrusu, sağ olduğuna ümid etdiyimiz biri. İndi əsas yerini müəyyən edib onu götürməkdir. Dilini necə açmağın yollarını isə biz bilirik. Solomin barədə deyim, biləsən. Ekspertimiz onun iz qoyduğu bütün yerləri xüsusi məhlul hopdurulmuş əski ilə sildiyini dedi. Adam sentyabrın 13-ü gəlib. Bu müddətdə qaldığı mənzildə ancaq zəruri yerlərə toxunub və həmin yerləri yadında saxlayıb. Gedərkən isə rahatlıqla silib. Bax belə.

-Bəli, kəşfiyyat məktəbində hər şey nəzərə alınır. İlk növbədə xırda detallar.

Artıq saat 1-in yarısı idi. Yuxusuzluqdan gözləri qan çəkmiş Mahir əli ilə ağzını tutub əsnədi.

-İstehkamçılara saat 11-dən işə başlamalarını tapşırmışdım. Bütün gecəni işləyəcəklər. Nəsə aşkar etsələr dərhal mənə məlumat verəcəklər. Əslində nəsə tapacaqlarına da ümidim böyükdür. Məncə biz düz yoldayıq. Ancaq kilsə ilə əjdahanın açması hələ də sirr olaraq qalır. Heyif ki, onların nə məna verdiyini hələ də çözə bilməmişik.

-Çözərik, qardaş, çözərik. Cinayətkarların xislətlərinə, ən əsası da vərdişlərinə yaxşı bələd olduğumuzu nəzərə alıb bu əməliyyata cəlb olunmağımız barədə qərarı verənlər çox uzaqgörən addım atıblar. Biz qısa müddətdə buraya qədər müəyyən etdiklərimizlə onların doğru düşündüklərini sübut etmişik. Müəyyən etdiyimiz üç nəfərdən ikisinin residivist olduğu məlum oldu. Cinayətkarlar vərdişlərini dəyişmir, köhnə əlaqələrindən həmişə istifadə edirlər. İnşallah qalan şeyləri də öyrənər, bizə olan güvənin nahaq olmadığını bir daha təsdiqləyərik.

-Elə isə, hamımıza uğurlar. Mən Nazirliyə qayıdıram. Sultanın axtarışlarını koordinasiya edim.

Birlikdə ayağa qalxdıq. Mahiri qapıya qədər ötürdüm. Sağollaşmaq üçün uzatdığım əlimi sıxıb saxlayan Mahir gözlərimin içinə baxıb dedi:

-Narahatçılığım böyükdü, Bəxtiyar. Xeyli iş görsək də, nə məkanı, nə də ki, vaxtı hələ də bilmirik. Hər an hər şey baş verə bilər. Sənin həqiqətən də maraqlı iş metodların var. Buna əmin oldum. Bilirəm, sən də mənim kimi gecəni yatmayacaqsan. Fikirləş, fikirləş və Solominin bizə verdiyi o iki tapmacanın cavabını tap.

-Çalışacam. Hər şeyin bir izahı var. İnşallah bu iki simvolun da nə demək olduğunu taparıq. Darıxma, qardaş.

Bayaqdan sıxıb saxladığı əlimi buraxan Mahir maşınına oturub tərpəndi. Bir azdan maşının işıqları gecənin qaranlığında yox oldu. Onun dalınca baxıb başımı buladım. Kolleqamı çox yaxşı başa düşürdüm. Yaxşı heç nə vəd etməyən yaranmış vəziyyətdə özümün keçirdiyi narahatçılıq ondan da çox idi.

 

  “Ədəbiyyat və incəsənət”

(14.03.2024)