Yaradıcı qurumlarda nə var, nə yox? - AŞIQLAR BİRLİYİ Featured

Rate this item
(0 votes)

 

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə yolumuzu Azərbaycan Aşıqlar Birliyindən saldıq və qurumun işləri ilə maraqlandıq. Qurumdan məlumat aldıq ki, bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq və şair Mikayıl Azaflının anadan olmasının 100 illiyi tamam olur. Və hazırda Azərbaycan Aşıqlar Birliyi bu yubileyə hazırlaşır. 

Ustadın yubileyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Aşıqlar Birliyi tərəfindən yüksək səviyyədə qeyd olunması gözlənilir. Bu münasibətlə Birlik ayrıca tədbirlər planı da hazırlaylb. 

Həyata keçiriləcək tədbirlər planı çərçivəsində aşığın şeirlərindən ibarət nəfis bir kitabın nəşr olunması ptioritetdir. 

“100 illiyə 100 şeir ərməğanı” adlanacaq  kitabda Mikayıl Azaflının yaradıcılığından seçmə şeirlər – əsasən aşıqların repertuarından düşməyən, dillərdə əzbər olan poeziya nümunələri yer alacaq. Hər şeirin sonunda həmin poetik nümunəni müşayiət edə biləcək saz havalarının, o cümlədən də ustadın özünün bəstələdiyi havaların verilməsinin isə sənətsevərlər, xüsusilə də gənc aşıqlar üçün böyük əhəmiyyət kəsb edəcəyi şübhəsizdir. Bu, onlara ustad aşığın şeirlərini öz repertuarlarına daxil etməyə kömək edəcək. 

Qeyd edək ki, kitab üzərində iş, demək olar ki, tamamlanmaq üzrədir və yaxın günlərdə nəşriyyata təqdim olunacaq. 

Kitabın elmi məsləhətçisi və redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar isə Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı, Musa Nəbioğlu, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.

XX əsr Azərbaycan aşıq sənətində adı hörmətlə yad olunan ustadlar arasında olan Mikayıl Azaflınıb ömür yolu hamar olmasa da, xalqın alqış və sevgisini qazanan sənətkar dəyərli şeirlər müəllifi kimi tanınıb.

Mikayıl Cabbar oğlu Zeynalov‎ 21 mart 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində dünyaya göz açıb. Hələ kiçik ikən atası qəflətən vəfat edir. Mikayıl əmisi Həsənin himayəsində qalır. Deyilənə görə, onda aşıq  sənətinə maraq əmisindən qaynaqlanır. Mikayıl orta məktəb illərində istedadlı bir gənc kimi diqqət çəkir. “Solğun” və “Coşqun” təxəllüsləri ilə şeirlər yazır. Daha sonra doğma kəndinin adını özünə təxəllüs götürür.

Araşdırmalarda Mikayıl Azaflının keşməkeşli tale yaşadığı qeyd edilir. Bildirilir ki, yeddinci sinifdə oxuyarkən Stalinin şəkilini kitabının üzərinə yapışdırır. Şagirdlərdən biri şəklin üzərinə mürəkkəb tökür. Bundan xəbər tutan məktəbin direktoru ondan qaçıb canını qurtarmasını məsləhət görür. Beləliklə, Mikayıl məktəbdən ayrılır. Bir müddət Goranboy rayonunda qohumlarının evində qalır. Onun qaçmaq səbəbi bilinəndən sonra qohumları da evlərində saxlamır. Çətin də olsa, ailə qurur, təvəllüd tarixini dəyişdirir. Bir başqa gəncin əvəzinə Goranboy rayonundan müharibəyə gedir. Müharibənin çətinliklərinə dözməyib Bakıya qayıdır və dərhal həbs edilir... 

Aşıq həbsdən qurtardıqdan sonra dövrdən, quruluşdan gileyli şeirlər yazır. Bu isə onu növbəti dəfə həbsə aparırdı. Bir gün dostunun ona “bağışladığı” bahalı palto ilə Tiflis şəhərində gəzərkən tutulur. Bir nəfər gəlib deyir, bu palto mənimdir, cibində adım yazılıb. Yoxlayırlar ki, düz deyir. Evində də axtarış aparılır. Evdən ona məxsus silah tapılır. Mikayıl Azaflı 1961-ci ildə yenidən həbs olunur.

El şənliklərində daim hörmət-izzətlə qarşılanan aşıq xalqdan ayrı düşür, zindan həyatı yaşayır. Vaxtsız ağaran saçlarından təsirlənir və yazır:

Olmazmı ki, qəm çəkincə güləsən,
Nədən oldu yanıb döndün külə sən.
Qırx yaşına çatmamısan hələ sən,
Ağarmayın, ay saçlarım, amandı.

“Zindan şeirləri” adlı kitabında müəllifin 150-dən artıq qoşması yer alıb. “Bülbül”, “O mənəm”, “Sən demə”, “Deyəmmərəm”, “Ağlama”, “Döndü körpələrin qana yaşları”, “Bənzər”, “Dar günü”, “Əlaman, aman”, “Ağlar, ağlar”, “Zindan”, “Mən qocalmazdım” kimi bir çox şeirləri həbs həyatının çətinliklərindən yaranıb. Qəm-kədər yüklü misraları şair zindanda ikən onun hüdudlarını aşır. Hər kəsin duyğularını sarır və öz sehrində saxlayır.

Bəli, belə bir aşıq idi Mikayıl Azaflı.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)