Yazıçılar hansı fəsildə daha məhsuldar olurlar? – ƏDƏBİ SORĞU

Rate this item
(0 votes)

 

Ednews saytının əməkdaşı Oğuz yazıçılar arasında sorğu keçirib. O, hansı fəsildə yazıçıların daha məhsuldar olması ilə maraqlanıb. Daycest-də bu sorğudur. 

 

Əksərən deyirlər ki, yazıçılar soyuq fəsildə daha yaradıcı olurlar. Ümumiyyətlə, yaradıcı şəxs üçün fəsilin önəmi varmı? Yazıçılar hansı fəsildə daha məhsuldar olurlar? 

Ednews mövzu ilə bağlı yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik?

 

Səfər Alışarlı:

“Fəsil, gecə, gündüz, məişət şəraitinin komfortu, həyat yoldaşının müdrikliyi və s. bu kimi məsələlər normal ölkələrin yazıçıları üçün aktual ola bilər. "Normal ölkə" deyəndə mən təkcə yazıçıların deyil, bütün xalqın çörək problemini həll etmiş ölkələri nəzərdə tuturam. Biz Qarabağ problemini həll etmişik, ancaq xalqın çörək və iş problemini həll etməmişik. Bizim yazıçımız əsasən ailəsinin çörək və hüquqi qayğılarından baş açıb qənimət kimi ələ keçirdiyi bir neçə saatı yaradıcılığa həsr edə bilir. Ona görə də onun yaradıcılığı üçün optimal fəsillərdən və şəraitlərdən danışmaq çətindir. 
Yaradıcılıq üçün yazıçının ruhi müvazinətinin balanslaşması çox vacibdir. Hirs, qəzəb, kin, hədlərini aşan hər hansı aludəçilik yaradıcılığın düşmənidir. Ancaq ölkədə bütün problemlərin həll olunduğu bir ictimai-siyasi, sosial-mənəvi şəraitin bərqərar olunduğunu fərz etsək, onda payızın və qışın fərdi yaradıcılıqdan başqa heç nəyə yaramayan soyuq, yağmurlu və qaraqabaq havalarını optimal hesab etmək olar. Bunlar, əlbəttə, köməkçi amillərdir. Əsas olan isə yazıçının istedad potensialıdır: yazıçı var, yayın cırramasında da heç nədən gözəl bir əsər düzəldir, yazıçı da var, qışın oğlan çağında gül kimi mövzunu ağnağız eləyib atır oxucunun qabağına. Onu da etiraf edək ki, yazıçımız da, oxucumuz da eyni mənəvi-intellektual kalitenin mənsublarıdır və onların böyük əksəriyyəti üçün qış da bahar kimidir”.

 

Fəxri Uğurlu:

“Bu barədə çox düşünməmişəm. Ancaq 2006-2007-də yazdığım silsilə hekayələr təxminən yanvar-fevral aylarından aprel-maya qədər yazılıb. Məncə, yaradıcılıq üçün şərait olsa, hər fəsildə yaxşı əsər yaratmaq mümkündür”.

 

Rövşən Yerfi:

"Bilmirəm, belə bir deyim var, yoxsa yox, amma, soyuq fəsli heç xoşlamıram. Yaradıcı şəxs üçün faslin önəmi olmamalıdır. İlin hansı vaxtı ürəyini boşaltmaq zəruriyyətini hiss etsə, yazmalıdır. Mən daha çox yazın sonu, payızın əvvəlində yazmağa həvəsli oluram".

 

Pərviz Cəbrayıl:

“Yaradıcı şəxs və yaradıcı proses üçün fəslin önəminin olduğunu düşünmürəm. Ancaq insanlar fərqlidir. Bu insanın xarakterinə, psixikasına baxır. Hansısa yazıçı qışda daha yaradıcı ola bilər, kimsə yazda, yayda və ya payızda. Romanın hazırlıq prosesi üçün fəsil önəmli deyil. Bu, bəzən illərlə çəkir. Ancaq sırf yazı prosesi üçün yazı, yayın ilk aylarını daha çox sevirəm. Şaftalıların çiçəklədiyi vaxtı”. 

 

Varis:

“Bu deyim bilirsiniz nə vaxt yaranıb, Antik dövrlərdə. O zamanlar insanlar isti olanda çöldə-bayırda iş-güclə məşğul olar, soyuqlar düşəndə isə isti sobanın qabağında oturub yazıb-yaradardılar. 

Amma indi yazmaq planlaşdırmadan asılıdır. Yəni, özünü növbəti yazıya hazır hesab elədinmi, əsla temperaturdan asılı olmadan yazacaqsan”. 

İndiki halda kim bu antik deyimə riayət edirsə, ən azından, yayda kondisionerli otağa keçib əsərini yaza bilər".

 

Cəlil Cavanşir:

“Mən daha çox isti aylarda aktiv yaradıcılıqla məşğul oluram. Ümumiyyətlə, isə mənim üçün fəsilin önəmi yoxdur”.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2023)