Məktəbli şairin kitabı təqdim edildi

Rate this item
(0 votes)

 

Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində növbəti kitab təqdimatı təşkil edilib

 

 Könül, “Ədəbiyyat və incəsənət”

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında növbəti tədbirə qatıldıq, bu dəfə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində məktəbli şair Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” kitabının təqdimat mərasimi keçirilirdi. Tədbirdə mədəniyyət, elm, ədəbiyyat, ictimaiyyət, media sahəsinin nümayəndələri tələbə-gənclər iştirak edirdi.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan  “Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əli Rza Xələfli şair-publisist, AJB-nin üzvü Sevindik Nəsiboğlunun son dərəcə gənc, hələ məktəbli olmasına baxmayaraq, artıq bir sıra yaradıcılıq uğurlarına imza atdığını söylədi. Onun çox böyük istedada malik olduğunu, şeirlərində yüksək poetik üslubun duyulduğunu, xüsusilə, vətənpərvərlik üslubunda çox təqdirəlayiq əsərlər yazdığını bildirdi. Bu gün təqdimatı keçirilən “Ulu Öndərin işığında” adlı kitabının müəllifin sayca 7-ci nəşri olduğunu vurğulayaraq, Sevindikin Vətənə, Azərbaycan xalqına, Ulu Öndərə olan sonsuz sevgisindən danışdı.

Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Respublika Gənclər Kitabxanasında həyata keçirilən layihələr, təşkil edilən tədbirlər, kitab təqdimatları, hazırlanan materiallar haqqında geniş məlumat verdi. Ulu Öndərin elm, təhsil, gənclər siyasəti, ədəbiyyat, poeziya sahəsinə olan qayğısından, şair və yazıçılara olan dərin hörmət və htiramından, gənclərə olan dəstəyindən söhbət açdı. Bu gün Sevindik kimi gənclərin timsalında Azərbaycan gəncliyinin, ədəbiyyatının, mədəniyyətinin daha da inkişaf edəcəyini, bu kitabların Heydər Əliyev İlinə bir töhfə olduğunu bildirdi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən cənab Prezidentin yüksək diplomatik siyasəti, Azərbaycan gəncliyinin qəhrəmanlığı sayəsində  qazanılan qələbəyə dair  hələ neçə-neçə kitabların, əsərlərin yazılacağını söylədi.

Professor Asif  Rüstəmli çıxışında Sevindiyin zəngin dünyagörüşü,  vətənpərvərlik ruhu, zehni, qabiliyyəti ilə seçilən bir gənc olduğunu qeyd etdi. O, gənc müəllifin kitab təqdimatının məhz Gənclər Kitabxanasında  keçirilməsi əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin gənc istedadlara dəstək olduğunu bildirdi. Belə istedadlı gənclər sayəsində gələcəkdə Azərbaycan ədəbiyyatının, poeziyasının, mədəniyyətinin, incəsənətinin daha da inkişaf edəcəyinə dair əminliyini dilə gətirdi.

AMEA Şəki Regional Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İradə xanım Yusifli, yazıçı-publisist, AJB üzvü, DAMM-nın Ekspertlər Şurasının sədri, “Yazarlar” jurnalının əməkdaşı Nəzakət xanım Eminqızı, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə xanım Əmirquliyeva, şair Nazim Muğanlı, Şəhid Nobil Zeynalovun həyat yoldaşı Xuraman xanım Tahirova, “İstedadları Tanıyaq və Tanıdaq” İB-in rəhbəri Vüsalə xanım Qələndərli və başqaları çıxış edərək  Sevindik Nəsiboğlunun şeirlərində vətənpərvərlik duyğularının çox yüksək olduğunu,“Ulu Öndərin işığında” kitabının Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli Liderin həyat yolundan, Vətən naminə apardığı mübarizədən bəhs etdiyini, müəllifin Heydər Əliyev mənəvi mühitinə sevgisini ifadə etdiyini bildirdilər.

Çıxışçılar müəllifin yüksək istedada malik olduğunu söyləyərək, ona gələcəkdə yaradıcılıq sahəsində uğurlar, daha yüksək zirvələri fəth etməyi arzu etdilər.

Sevindik Nəsiboğlu “Ulu Öndərin işığında” adlı kitabının təqdimatının yüksək səviyyədə təşkil olunmasına görə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivinə, tədbirdə iştirak edən bütün qonaqlar dərin minnətdarlığını bildirdi. Ulu Öndərə həsr etdiyi “Ata, ruhun şad oldu!” adlı şeirini səsləndirdi.

Təqdimatda Sevindik Nəsiboğluya müxtəlif ictimai birliklərin diplomları da təqdim edildi.

Tədbirin sonunda Sevindik Nəsiboğlu “Ulu Öndərin işığında” kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə etdi. 

 

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2023)