ÖTƏN İL BU GÜN: “Kənar adamın söylədikləri” romanı işıq üzü görüb

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ötən il bu gün rubrikasında portalımızın arxivindən bu xəbəri seçib sizlərə təqdim etmək qərarına gəldim. Niyə? Özüm bu romanı oxumuşam və bəyənmişəm, təkrarən sizlərə də tövsiyə etmək istəyirəm.

 

“Qanun” nəşriyyatında yazıçı Əlibala Məhərrəmzadənin “Kənar adamın söylədikləri” sənədli romanı işıq üzü görüb. Sözügedən roman “Çovdar çörəyi” romanı ilə Azərbaycan oxucusuna kifayət qədər tanış olan, ədəbi dairələrin diqqətini çəlb etmiş yazıçı Əlibala Məhərrəmzadənin sayca 4-cü romanıdır. Romanı yazarkən yazıçı qarşısına qoyduğu hər iki məqsədin – həm oxunaqlı təhkiyə ilə oxucu diqqətini cəlb etməyin, həm də azərbaycanlı-erməni münaqişəsinin dərin köklərinə varmaqla yerli və əcnəbi oxucuya nəyin nə olmasını isbat etməyin öhtəsindən lazımınca gələ bilib.

Romanın süjeti olduqca maraqlı, dramatikdir. Baş qəhrəmanı – fransalı yazar Mişel Leqranı “Ailes” qəzeti redaksiyası Bakıya – 44 günlük Qarabağ müharibəsindən reportaj hazırlamağa ezam edir, jurnalist Gəncə bombalanan zamanı nümayəndə heyəti ilə ora yollanır, orada vətənpərvər professor Kərimzadə ilə tanış olur. Əslən Qubadan olan professor Mişelin fransız olduğunu bilib ona yaşadığı Quba bölgəsindəki fransız izlərindən, o cümlədən məşhur fransalı yazıçı Aleksandr Dümanın Quba səfərindən danışır. Nə vaxtdır beynində bir roman yazıb məşhurlaşmaq ideyası dolanan Mişel Parisə qayıtmaq əvəzinə Qubaya gedəsi olur. Amma Qubada 1918-ci il soyqırımı abidəsini görüb, ermənilərin burnunu ovan Qaçaq Mayıl barədə eşidib, üstəlik ermənilərin fransızlara vurduqları yaralardan da xəbərdar olub mövzusunu dəyişir.

Romanda Qubanın Rusiya imperiyası tərəfindən işğalı, çarizm əleyhinə xalq üsyanları, 1918-ci il qırğınları, Xalq Cumhuriyyətinin qurulması, 1920-ci il bolşevik işğalı, Azərbaycanda bolşeviklər əleyhinə qiyamlar – bir sözlə, Azərbaycan tarixinin bizə əslində qaranlıq qalan böyük bir hissəsinə, eyni zamanda Fransaya qarşı törədilən erməni terrorlarına sənədli materiallarla güzgü tutulur. Bu da romanı oxunaqlı etməklə yanaşı, həm də gərəkli etməkdədir.

Düşünürük ki, “Kənar adamın söylədikləri” romanı geniş oxucu kütləsinin rəğbətini qazanmaqla yanaşı, tarixçilərin, alimlərin, eyni zamanda, fransalı dostlarımızın da diqqətini cəlb edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)