“Qədim adlarımızın kökü” Təbrizdə çap olundu Featured

Rate this item
(1 Vote)

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Təbrizdən

 

“Qədim adlarımızın kökü” kitabı Şahin bəy Muradinin köçürməsi ilə Təbrizdə çap olundu. Kitab Quzey Azərbaycanda “Qədim Türk mənbələrində yaşayan şəxs adları” adı ilə çap olunmuşdur. 

 

Bu kitab, professional olaraq, etimologiya məsələlərində mərhum Əzizxan Tanrıverdinin qələmi ilə yazılan əsərdir. “Orxon Yenisey abidələri”, “Dədə Qorqud kitabı, “Manas dastanı”, “Divan lüğat ət-Türk”, “Qutadqu-bilik”, “Alpamış” və “Dəftəri müfəssəli əyaləti Tiflis” əsərlərində olan adlar təhlil süzgəcindən keçirilir.

Professional bir kitab olduğuna görə, normal olaraq elmi terminlər də çox işlənmişdir. Bu üzdən o terminlərin izahını kitabın son səhifələrində (401-dən 418-ci səhifəyə qədər) bir sözlük kimi təqdim edibdirlər. Müəllif əski toponimiyalarımızın indiki yaşadığını Azərbaycanın kəndlərindən, şəhərlərindən, dağlarından və çaylarından örnək gətirsə də, Şahin bəy Muradi isə Güney Azərbaycanda yaşayan toponimlərin adlarını ətək yazılarda gətirmişdir. Bir parçasını təqdim edirik: 

“Ulaş oğlu Salur Qazan” adı haqqında, Ulaş və Qazan adı Antroponiyalarımızın (şəxs adlarımız) sistemində mühafizə olunmayıbdır. Ancaq toponimiyalarımız (yer adları) sistemində hər iki ad yaşamaqdadır.”

Şahin, burda Ulaş haqqında olanı gətirmişdir. Müəllif yazır ki: Örnək olaraq Ulaşlı (Borçalı, Qubadlı) Saler (Şəmkir), Qazanzəmi (Cəbrayıl), Qazan göl, Qazangöl düzü (Tovuz), Qazan bulaq (Goranboy), Qazangöl yaylası, Qazangöl aşırımı (Naxçıvan) və s.

Şahin isə ətək yazıda gətirmişdir: 

“Quzey Xorasan mahalında, Şirvan şəhərinin bölgəsindən olan “Ulaşlı” kəndi məşhurdur və bu ad toponimiyalarımız sırasında yaşanmaqdadır.

Kitabda “Dədə Qorqud” və “Divani lügət-ül Türk” kitabından gətirilən cümlələr, səhvi çox olduğuna rəğmən əsli nüsxə ilə tutuşdurulub, eynən kitabət olmuşdur. O cümlələrin oxunuşu da kitabı köçürənə aiddir və bu günki misallarını da bütünlüklə ətək yazılarda qeyd edibdirlər.

Ətək yazılarda gətirdiyimiz bütün “Dədə Qorqud” oxunuşu Ustad Həsən Umudoğluya aiddir və Şahin Muradi isə bütün etimologiya məsələlərini və Drezden nüsxəsinin oxunuşunu ustad Həsən Umudoğludan öyrənibdir. 

Bu sözü sizə çatdırmağı isə Şahin bəy borc bilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)