Musiqi və xalçaçılıq barədə kitablar

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Sərginin - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin sonuncu günü diqqətimi iki kitab təqdimatı cəlb elədi. Biri musiqi, digəri xalçaçılıq barədə idi. Nəşrlər həm nəfisliyi, həm də maraqlı olmaları ilə diqqət çəkirdi.

 

XALÇA MƏMULATLARI

 

Sərgi çərçivəsində “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları” kitabı təqdim edildi. Həmin təqdimat mərasimində layihənin rəhbəri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova kitab haqqında ümumi məlumat verib, muzeyin tarixi və bugünkü fəaliyyəti barədə danışdı. Bildirdi ki, bu kitab Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi münasibətilə dərc olunub. 

 

 

Nəşrdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin, Rusiya Etnoqrafiya Muzeyinin və alim-etnoqraf Həsən Quliyevin arxivlərindən şəkillər istifadə olunub.

Sonra müəlliflər - Əməkdar rəssam, dosent Məmmədhüseyn Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədova muzeyin yeni nəşri, onun ərsəyə gəlməsi, apardıqları araşdırmalar, kolleksiyanın mahiyyəti və digər məqamlar barədə ətraflı məlumat verdilər. Əlbəttə, yaxşı olardı ki, kitablardan izləyicilərə hədiyyə də verilsin. Amma bahalı poliqrafiyalı kitablar sadəcə nümayiş üçün gətirilmişdi. 

 

LİDERLƏR VƏ MUSİQİ

 

Kitab Sərgisi çərçivəsində “Heydər Əliyev və musiqi mədəniyyəti” və “İlham Əliyev və musiqi mədəniyyəti” kitablarının təqdimatı mərasimi də maraqlı alındı. 

 

 

Hər iki kitabın tərtibçi müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı idi. Yeri gəlmişkən, Səadət xanım Sumqayıtdandır, tanınmış müğənni Təhmiraz Şirinovun qızıdır. 

Müəllif çıxış edərək təqdim olunan kitabların dövlətimizin başçısının musiqi mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan bəhs etdiyini bildirdi.

Bildirdi ki, “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabı Ulu Öndərin anadan olmasının 100 illiyinə musiqi ictimaiyyətinin töhfəsidir.

Bəstəkar, professor, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov və Azərbaycan Televiziyasının əməkdaşı Dilşad Tahirqızı çıxışlarında belə kitabların çapının təqdirəlayiq addım olduğunu vurğuladılar. Onlar bildirdilər ki, bu kitabların nəşri mədəni irsimizin daha da zənginləşməsinə töhfə verəcək.

Bu kitabdan da hədiyyə payım olmadı. Amma qəmimiz kəm. Əsas odur ki, mədəniyyətimiz qazansın!

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2023)