Tarixin "arxa bağçası"ndakı çiçəklər

Rate this item
(0 votes)

 Türklərin sivilizasiyanın inkişafına verdikləri töhfələr düzgün qiymətləndirilmir

 

Elmin türk kəhkəşanı

 

Özbəkistan Respublikasının Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun böyük elmi işçisi Ravşan Nəzərov AzVision.az-a müsahibəsində təsdiqləyir ki, bütövlükdə türklərin yetişdirdiyi böyük elm və mədəniyyət xadimlərindən danışsaq, çox geniş siyahı alınar. Buna görə də yalnız öz regionlarının - Orta Asiyanın dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətləri sadalayır (Siyahı ilə bu materialda tanış ola bilərsiniz).

9-14-cü əsrlər türklərin fəal iştirakı ilə "islam intibahı" dövrüdür. Əgər konkret adlardan danışası olsaq, həqiqətən də bunun üçün bir neçə cildlik  kitab yazmaq lazımdır. Amma bəzi açar məqamların üzərində dayanmadan keçmək də olmaz.

lAtomun varlığını hələ qədim yunan mütəfəkkirləri söyləyirdilər. Düzdür, onların nəzərdə tutduqları atom (dünyanı əmələ gətirən ən xırda zərrəciklər) bugünkü kvant mexanikasının təsvir etdiyi atomla eyni anlayış deyil. Bununla belə, 8-ci əsrin türk mütəfəkkiri Cabir bin Həyyan (721-805, Anadolu) həmin diskursa qoşularaq, "ən kiçik zərrə"nin parçalanacağı halda nələrin ola biləcəyi haqda fikir yürütməyə çalışırdı. Bu, olduqca cəsarətli və böyük ideya idi!

O, həmçinin antik fəlsəfənin təbiəti "od, su, hava, torpaq" kimi dörd ünsürə bölməsini yanlış sayaraq, "uçucu maddələr", "uçucu olmayan maddələr",  "yanmayan maddələr" və "minerallar" bölgüsünü təklif etmişdi. Əlbəttə, müasir kimya nöqteyi-nəzərindən baxanda bu təsnifat da təbəssüm doğurur, amma diqqət edin ki, Cabir artıq qazların ayrı maddə olduğunu başa düşmüşdü. Yəni Lavuazye özünün bu haqda fikirlərinə piyada yox, "böyüklərin çiynində" gəlib.

lAntik filosoflarla qiyabi mübahisəyə girişmək türk mütəfəkkirləri üçün tipik yanaşma idi. Əbu Reyhan Əl Biruni (973-1051) Ərəstun və Bətləmusun Yer haqqında fikirlərinə qarşı çıxaraq, dünyanın kürə şəklində olduğunu başa düşmüşdü. Hətta Yerin səthini də ölçmüşdü. Onun elmə verdiyi töhfələr çox böyükdür.

Biruni 973-cü ildə yazırdı ki, "elmi fikirlər təcrübələrlə sübuta yetirilməlidir". Buna qədər "sübut" deyəndə klassik əsərlərdən iqtibasların gətirilməsi nəzərdə tutulurdu. Avropada alimlər atın neçə dişinin olmasına dair Aristotelin əsərlərindən iqtibaslar gətirir, amma çıxıb həyətdəki atın dişlərini saymırdılar, çünki bu, qeyri-elmi metod sayılırdı. Əl-Biruninin bizə görə ən böyük xidməti elmə praqmatizmi gətirməsidir. Avropa bunu 5-6 əsr sonra öyrənəcəkdi.

l"Biz necə görürük?" sualına Evklid və Ptolemey belə cavab verirdilər ki, insanın gözündən gizli şüalar çıxıb əşyalara dəyir və geri qayıdır. Bunun səhv olduğunu göstərən Əbül Vəfa izah edir ki, işıq əşyalardan əks olunaraq, gözümüzə, oradan isə beynimizə çatır. Triqonometriyaya sinus, kosinus, tangens, kotangens anlayışlarını qazandıran da məhz odur. Optikadan söz düşmüşkən, bu sahənin nəhəngi İbn Heysəmin əsərlərindən sonralar Qaliley teleskopu düzəldərkən faydalanıb.  

lDiyabəkirli ixtiraçı Əl-Cəziri dövrünün böyük mexaniki və mühəndisi idi. XIII əsrin əvvəlində o, saatlar, şifrəli açarlar, hətta primitiv mexaniki robotlar düzəltməkdən əlavə, bu haqda kitab da yazmışdı. Onun əsərlərində Dekart və Leybnitsdən xeyli əvvəl kibernetikanın ilkin izləri görünür.

lOrta Asiyanın dahi övladı, Qərbdə "Al Gharasmus" adı ilə tanınan Xarəzmi (780-850) Bağdadda qurduğu "Elm Evi"ndə (təxminən müasir akademiyaların prototipi) müasir elmin maşınının işə düşməsi üçün çox vacib bir islahat apardı. Diqqət edin: qədim Yunanıstanda və Romada riyaziyyat inkişaf edə bilmədiyindən, təbiət elmlərinin də güclənməsi dar çərçivədə gedirdi. Çünki müəyyən həddən sonra istənilən elmin inkişafı üçün riyazi aparat tələb olunur. Riyaziyyatın özünün güclənməsi üçün əlverişli say sistemi və rəqəmlər vacibdir. Roma rəqəmləri ilə riyaziyyat yaratmaq mümkün deyildi. Kim bilir, əgər Xarəzmi bu problem həll etməsə, Avropanın elmi intibahı hələ neçə əsr gecikəcəkdi… O, hind rəqəmlərinə sıfırı əlavə etməklə hazırda istifadə etdiyimiz onluq say sistemini yaradır və bununla da riyaziyyatın inkişafı üçün əngəllər aradan qalxır. Xarəzminin "Əl-Cəbr" kitabının 12-cı əsrdə "Al Gebra" adı ilə latın dilinə tərcümə olunandan sonra Avropada yayılması elm tarixindəki ən vacib hadisələrdən biridir.

lSəmərqənd rəsədxanasının rəhbəri Əli Quşçu Ağqoyunlu dövlətinin elçisi kimi sülh danışıqları aparmaq məqsədilə İstanbula getmişdi. Orada Fateh Sultan Mehmet tərəfindən çox yüksək qiymətləndirilir və Ayasofya mədrəsəsinə müdir təyin edilir. Onun Osmanlı təhsil sistemində apardığı islahatların nəticəsində elm tarxinə həkk olunan xeyli isimlər yetişir.

Bu fakt onu göstərir ki, Türk sivilizasiyası, elmi və mədəniyyəti haqqında bir tam kimi danışmaq daha doğrudur. Bugünkü Özbəkistanın alimi bugünkü Azərbaycanı təmsil etmək üçün bugünkü Türkiyəyə gedirsə, arada heç bir ayırıcı xətt çəkmək mümkün deyil.

Əli Quşçu İstanbulda çalışarkən bəzi göy cisimlərinin Yerdən məsafəsini, Yer oxunun mailliyini hesablamış, Ayın xəritəsini çəkmişdi. Bu gün Ayın səthindəki obyektlərdən biri onun adını daşıyır.

Yeri gəlmişkən, Ayın səthinin müasir xəritəsi Türk elminin öz intibahı dövründə göyə necə ucaldığını görmək üçün əla vəsaitdir. Ayın xəritəsində Nəsirəddin Tusinin, Uluğbəyin, İbn Sinanın, Biruninin, Fərqaninin, Bəttaninin, Sabit bin Kurranın və digərlərinin adları var.

lÜmumiyyətlə, Səmərqənd rəsədxanasının türk, islam və dünya elminə töhfələri böyükolub. Əmir Teymurun nəvəsi Uluğbəyin 'Zic-i Uluğ Bəy' (Uluğ Bəyin Uldız Kataloqu) əsəri dövrünün ən mükəmməl astronomik ölçmə və müşahidələrindən ibarət olmaqla, Avropada səma elminin inkişafına böyük təkan vermişdi.

lİbn-Sina (980-1037) Qərbdə ən çox tanınan türk-müsəlman elm adamlarındandır. Onun "Əl-Qanun fit-Tibb" (Tibbin qanunları) kitabı 19-cu əsrə qədər Avropa universitetlərində dərs vəsaiti olub və "Tibbin Bibliyası" adlanıb.

Adları və xidmətləri bu cür saya-saya minlərlə səhifə yazmaq olar. Ona görə də, dayanaq və məsələnin mahiyyətinə qayıdaq.

 

Avrosentrizmin haqsızlığı

 

Reallıq budur ki, mərkəzi Avrasiyanın geniş çöllərində yaranmış türk sivilizasiyasının bəşər tarixinə verdiyi töhfələr ən azından Çin, Hindistan, Avropa və digər sivilizasiyalar qədər böyükdür. Amma "avrosentrik yanaşmalar ucbatından Türk xalqlarının şanlı tarixi haqsız yerə dünya sivilizasiyasının arxa bağçasına salınıb". Bu sözləri AzVision.az-a müsahibəsində Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, politoloq Yerkin Baydarov deyib. O bildirib ki, bu gün tarixin obyektiv təhlili, türk xalqlarının dünya tarixində real yerini və rolunu müəyyən etmək lazımdır, buna imkan da var.

Hazırda Türk dövlətlərinin elm adamları səylərini birləşdirərək, dünya tarixşünaslığında türklərin yeri və rolu haqqındakı ənənəvi şablon və haqsız təsəvvürlərin dəyişməsinə nail olmaq üçün çalışmalıdırlar. Böyük Çölün türklərə keçən ruhunun xüsusiyyətlərindən biri də heç vaxt geriyə baxmamaq, ancaq irəli getmək idi. O vaxt dünya böyük idi, indi isə balacadır. Ona görə də, indi irəliyə getmək üçün dayanmaq, keçmişi öyrənmək, təbliğ etmək lazımdır.

"Türklər döyüşçü olublar" demək reallığın çox cüzi hissəsidir. Türklər sadəcə doyüşçü olmayıblar, onlar böyük ordu mədəniyyəti yaradıblar. Bu isə döyüşçü olmaqdan qat-qat böyük anlayışdır. Dünyada hərb tarixini və ordu sistemini öyrənmək üçün mütləq türklərin tarixini öyrənmək lazımdır.

Türklər mədəniyyətin və sivilizasiyaların qoruyucusudurlar. Onlar tarixən idarə etdikləri torpaqların heç birində yerli mədəniyyətləri məhv etməyiblər. Əksinə, hifz edib, mənimsəyib və yayıblar. Tarixən türklər sivilzasiyaların inteqrasiyasında mərkəzi rol oynayıblar. Necə ki, Çinlə Avropanı "İpək yolu" ilə əlaqələndirirdilər, müasir dövrdə də Avropanın Şərqlə əlaqələndirilməsində əsas rol türklərin üzərinə düşəcək.

Bütün bunları bilmək, yadda saxlamaq, avrosentrizmin yaratdığı tarixi səhvləri, yanlış fikirləri tədricən aradan qaldırmaq üçün həmişə hər yerdə danışmaq, yazmaq lazımdır. Bu təkcə türklər üçün deyil, hamı üçün vacibdir. Başa düşməyin vaxtıdır ki, bəşər sivilizasiyası təkcə Qərbin yox, bütün dünyanın, o cümlədən, Avrasiyanın və onun ürəyindən çıxan millətin - türklərin nailiyyətlərinə əsaslanır.

 

“Ədəbiyyat və incəsənət”

 

(09.12.2022)