Zəng vurdu, dedi, bir namazqılan imkansız tələbəyə yardım etmək istəyirəm… Featured

Rate this item
(0 votes)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bir neçə il əvvəlin söhbətidir. Telefonuma zəng vurub dedi ki, illik təhsil haqqını ödəməyə çətinlik çəkən, imkansız, amma namazqılan bir tələbəyə köməklik etmək istəyir. Kimi məsləhət gördüyümü soruşdu. Vaxt istəyib araşdırmağa başladım. Bir neçə adamdan soruşandan sonra onun istəyinə uyğun göstəriciləri özündə ehtiva edən bir gəncin sorağına düşdüm. Telefon nömrəsini tapıb həmin gəncə zəng vurdum, amma xəttə qoşulan olmadı. Təxminən iyirmi-iyirmi beş dəqiqə ötəndən sonra, həmin nömrədən telefonuma zəng gəldi, titrək bir səslə üzürxahlıq edib namaz qıldığı üçün telefonumu açmadığını söylədi. Xeyli sorğu-sualdan sonra məlum oldu ki, həmin gənc Bakı İslam Universitetində ödənişlə ali təhsil alır. Ailəlidir, kirayədə yaşayır. Söylədiyinə görə, yeni tikililərdə fəhləlik edib ailəsini dolandırır. Tikinti səngidiyi üçün işsiz qalıb, maddi sıxıntılar içindədir. Nə isə, zəng vurmağımın səbəbini bildirib, vaxt təyin etdim və birlikdə Sumqayıtdan Bakıya gəlib, onu Hacıyla görüşdürdüm...

 

Söylədiyim bu əhvalat, haqqında danışdığım Hacı Azad İsaq oğlu Səlifovun yüzlərlə xeyirxahlığından biridir. Əgər şahidi olduğum xeyirxahlıqlarının hamısını sadalasam, yəqin ki, saatlarla vaxt aparar. Qoy birini də deyim: Düz on ildir ki, Hacı ata-baba yurdu Yardımlıda ailə başçısını itirmiş, iki və daha çox övladı olan ailələri məktəbli formasından tutmuş, yaz, yay, payız, qış- mövsümi paltarlarla təmin edir. İnanın ki, indiyədək minə yaxın geyim vasitələri göndərib desəm, yalan olmaz...

O, 1967-ci ildə anadan olub. Orta təhsilini başa vurduqdan sonra Lomonosov adına Moskva Dövlət Universitetinin avtomobil və avtomobil təsərrüfatı fakültəsində ali təhsilə yiyələnib. Bir müddətdən sonra təhsilini davam etdirməkdən ötrü yenidən Rusiyanın Varonej şəhərinə yollanıb. Orada ikinci ali təhsil alıb...

Bütün bunları sıradan bir inanclı yox, iki ali təhsil alan adamın etməsi isə adamı çox sevindirir.

Deyir ki:- “Əgər əvvəllər Allaha sadəcə inanırdımsa, təhsilim artırdıqca, idrakım, zehnim gücləndikcə Yaradanı dərk edib varlığına əmin oldum. İndi mən yaxşı bilirəm ki, bu dünyada nəyim varsa hamısı Allaha məxsusdur... ”

...1997-ci ildən Bakı şəhərində yaşayır. Özəl müəssisələrdən birinin direktorudur. Xeyirxah əməllərinə, yüksək keyfiyyətlərinə görə, onu əhatə edən icyimaiyyət arasında böyük nüfuzu var, xətir-hörməti əzizdir...

Bu gün - aprelin 9-da Hacı Azadın 57 yaşı tamam olur. Yaşı çox olmasa da, artıq bir neçə ildir ki, böyük bir nəslə ağsaqqallıq edir. Bunun da öz səbəbi var. Xeyirxahlıq ona atasından keçib. Atası, rəhmətlik İsaq kişi alicənablığına, xeyirxah əməllərinə görə hələ də ehtiramla xatırlanır...

Yeni yaşı münasibətilə Hacı Azadı təbrik edir, möhkəm can sağlığı arzulayırıq. 

 ...Bəli, Hacı da olanda, belə Hacı olasan...

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)