Bethovenin dörd notla başlayan V simfoniyası haqqında 
 Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı
Bakı Musiqi Akademiyasının orqan ixtisası üzrə məzunu Nəzrin Salamzadənin 

“Bethovenin dörd notla başlayan V simfoniyası haqqında” adlı yazısını musiqisevərlərə təqdim edir. 

 

 

1808-ci il Vyananın qış günlərinin birində cəmi dörd not sanki dəhşətli soyuğu qıra bilmişdi... Sol Sol Sol Mi! Bu dörd not Lüdviq van Bethovenin (1770-1827) V simfoniyasının girişi idi. Orkestrin tələsik və az məşqinə baxmayaraq bu uğursuz premyera simfoniyanın üzərinə diqqətləri çəkə bildi. Bir tənqidçi əsəri “qaranlıqdan keçən kəskin işıq şüaları”na bənzədirdi.

Bəs dahi bəstəkarın V simfoniyasını valehedici edən nə idi?

 

Simfoniyanın premyerası zamanı Bethovenin artıq böyük reputasiyası var idi. Onun həmkarları bu dövrdə musiqini dini funksiyalara və xüsusi tədbirlərə uyğun şəkildə bəstələyirdilər. Amma Bethoven bu dövrdə ilk freelance bəstəkar kimi çıxış edirdi. O, musiqisini bəstələmək və nəşriyyatlara satmaqla dolanır, bəstələrini pərəstişkar ictimaiyyətə nümayiş etdirirdi. Bu seçim ona özünü ifadə etmək şansını verdi.

Bethoven özünün güclü emosiyalarını ifadə etmək üçün həmişə yeni yollar axtarır, novatorluqdan əl çəkə bilmirdi. Bu dövrdə çox bəstəkarlar klassik janrda əsərlər bəstələyirdi. Bu janr limitli quruluş və alət tərkibi ilə əhatələnmişdi. Bethoven də ilk əsərlərini bu limitli qaydalarla, Motsart və Haydnın yolunu izləyərək yazmışdı. Amma V simfoniyasında o romantik cərəyanın elementlərini təcrübədən keçirdi. Bu əsər ifadəli melodiyaları, genişləndirilmiş formaları və yeni alətləri ilə tanınırdı. Bəstəkar bu simfoniyanın ilk hissəsində klassik sonata formasından istifadə etdi. Burada mərkəzi musiqi ideyası tədqiq edilir, inkişaf etdirilir və dəyişdirilmiş şəkildə təkrarlanır. Bu parametrlər daxilində o, inanılmaz dərinliyə malik sadə ideyanı araşdırır. Tək bir ritmik motiv hərəkətin çoxu üçün “əsas” material kimi xidmət edir.

"Üç qısa not ardınca uzanan dördüncü notu izləyir!". Bethovenin bir tərcümeyi-halında sonralar bu nümunə "tale motivi" adlandırıldı, çünki bu sanki taleyin qapını döyən fiqurunu təmsil edirdi. Amma onun bu motivi taleyi düşünərək bəstələdiyi bəlli deyil. Ritmik nüans irəliyə doğru hərəkət yaradır, uzanan dördüncü not isə əzabdan xəbər verir. Bu motiv simfoniyanı, onun müşayiət edən hissələrini təqib edir. Bethoven müxtəlif alətlərdə ifa edərək onlarla variasiya ilə təcrübələr aparırdı. Əsər boyu bu motiv orkestrin ətrafında bir pıçıltı kimi keçir və gurultuya çevrilənə qədər getdikcə daha çox alətə çatır. Motivin ixtiraçı təkrarı bu əsəri belə yaddaqalan edir. Lakin bu, nümayiş etdirilən yeganə yenilik deyildi. Bu, trombondan istifadə edilən ilk böyük orkestr əsəri idi. O, həm də orkestrə geniş diapazonu vermək üçün yüksək tonlu pikkolo və alçaq tonlu kontrabasondan istifadə etdi. Şişirdilmiş musiqi dinamikası dramatikliyi daha da artırır.

Harmonik olaraq əsərin aydın emosional qövsü var – qəmgin c moll-da başlayan və qalib C dur ilə bitən.

Bethoven bu simfoniyanı eşitmə itkisi ilə mübarizə apararkən yazmışdı və bu iztirab bəstənin gurultulu və təkrarlanan musiqi ifadələrində eşidilir. Bəstəkar bütün yaradıcılığı boyu novator kimi çıxış etdi, tamamilə kar olduqdan sonra da bəstələməyə davam edirdi.

V Simfoniyanın mərkəzi motivi artıq iki əsərdən çoxdur səslənməyə davam edir. Konsert salonlarından kənarda əsər gərginlik və zəfər simvoluna çevrilib. Tale motivi Morze əlifbasının V hərfi ilə adlanır (. . . -), həmçinin İkinci Dünya müharibəsi zamanı qələbə koduna çevrildi. Bundan əlavə, bu simfoniyaya filmlərdə, musiqi şərhlərində və vizual sənətdə rast gələ bilirik.

Amma, kontekst nə olursa olsun, bu simfoniya dinləyiciləri qaranlıq bir dünyaya aparır, sonra onları işığa çıxarır...

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)