Bu gün Ədəbiyyat üzrə Nobel mükafatına kim layiq görüləcək? Bəlkə Murakami? Featured

Rate this item
(0 votes)

Nobel həftəsi başladı. Artıq fizika üzrə Nobel mükafatçılarının adları açıqlanıb - Sukuro Manabe, Klaus Hasselman və Corcio Parizi. Tibb və fiziologiya sahəsində bu yüksək mükafata David Julius və üzdəniraq qonşularımızdan olan Ardem Pataputyan layiq görülüblər. Bu gün- Oktyabrın 7-də isə ədəbiyyat üzrə Nobel mükafatçısının adını açıqlayacaqlar. Kim olacaq?
Ondan başlayaq ki, mərc sistemində əsas favorit ikidir, onlardan biri heç kəsin gözləmədiyi bir kəsdir. Bukmekerlərin bütün dünya üzrə qəbul dərəcələrində ikinci pillədə  "Kazus Kukotskiy", "Daniel Ştayn", "Yakovun pilləkənləri" kimi kitabların müəllifi Lyudmila Ulitskaya gedir, rus sözünün əsl ustası hesab edilən Rusiya yazıçısı.
“Ədəbiyyat və incəsənət” portalı ERA agentliyinə istinadən məlumat verir ki, Ulitskaya özü belə reytinqlərə özünəməxsus ironiya və özünütənqidlə yanaşır. "Mən ikinci yerdəyəm və bu, məni tamamilə qane edir" deyir o özü haqqında. Və necə yaddan çıxarmaq olar ki, ötən il  də Ulitskaya Nobel mükafatına əsas namizədlər arasında idi, lakin o zaman Amerika şairəsi Luiza Glyuk onu geridə qoya bildi.
Bu il yüksək mükafata əsas namizəd isə bukmeykerlərin siyahısında başda dayanan dünyaşöhrətli yaponiyalı yazıçı, “Norveç meşəsi” və “Kafka sahildə” kimi şedevrlər yaratmış Haruki Murakamidir. Ədəbi dairələr tərəfindən “əbədi Nobel məğlubiyyətçisi” hesab olunan ünlü yazar hər il əsas namizəd hesab olunsa belə əliboş qalır. Bəs bu dəfə necə olacaq?
Həmçinin favoritlər arasında Afrika təmsilçisi Ngugi va Thiongo və Kanada təmsilçisi Enn Karson da var. Təbii ki, Murakamidən fərqli olaraq bu adlar Azərbaycan oxucusuna heç nə demir, onların əsərləri dilimizə  tərcümə edilməyib, kitabları bizdə çap olunmayıb.
Xatırladaq ki, Thiongo romançıdır, Karson isə lirik şeirlər yazır. Xanım Karson sosial şəbəkələrdə çox məşhurdur, onun "Şüşə esse"poemasının və şeirlərinin milyondan çox oxunma sayı var.
Liderlərlə dabanbadaban gələnlər "Xidmətçinin hekayəsi"nin müəllifi və iki Buker mükafatının sahibi, kanadalı Marqaret Etvud və “Alternetiv Nobel" mükafatının laureatı fransız Mariz Kondedir. Nobel ədəbiyyatdankənar məsələlərə yenə önəm versə, onda Etvudun siyasi fəallığı, feminist lider olması öz sözünü deyə bilər.
Kim 2021-ci il ədəbiyyat üzrə Nobel mükafatına sahib olacaqsa o, 10 milyon İsveç kronu (1,19 milyon dollar) alacaq. Əlbəttə qərarı bu gün axşamüstü Nobel komitəsi verəcək. Onun isə, qeyd etdiyimiz kimi, həmişə sırf ədəbi nailiyyətə söykənməyən faktorlara istinadı diqqət çəkir. Halbuki, ədəbiyyat üzrə Nobel mükafatı ciddi ad üçün illərdir ki, qəribsəyib. Ciddi ad builki nominantlar arasında təbii ki, birdir - Haruki Murakami!