“Qatarda” - Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlər Featured

Rate this item
(0 votes)

Zahirə Cabir yazır

 

“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır. 

 

Qatarda

Məhəmməd Əmin son dəfə mışıl-mışıl yatan körpə Azərin üzündən öpdü. Elə bil ürəyinə dammışdı ki, bir daha evə dönməyəcək. Uzaqdan qatarın fit səsi eşidildi. O qatara daxil oldu. Qatarın dəmir təkərləri relslərin üstü ilə taqqatuqla gedirdi və həmin taqqatuq indi, elə bil, tənha Bakı gecəsinin nəbzi idi, vururdu; nəbzinə qulaq asan Məhəmməd Əmin fikirləşdi ki, insan ömrü də qatar kimidir, səni mənzil başına aparıb düşürür, əvəzinə bir başqasını götürüb geri qayıdır, gedir-gəlir. Və bir halda ki, bu yolun əvvəli var, axırı var, gərək papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşəsən ki, qatar heç vaxt relsdən çıxmayacaq, cədvəlini də pozmayacaq, ona görə adam kimi yaşa, adam kimi də öl. Vətəndən qaçmaqla yox.

Yavaş-yavaş xəzri əsirdi və xəzri əsdikcə də həmin qəribə yay gecəsinə bir sərinlik gətirirdi, ağcaqanadlar yoxa çıxmışdı və Məhəmməd Əmin fikirləşdi ki, ağcaqanad da təbiətindi, külək də təbiətindi, amma külək ağcaqanadın qənimidi və ümumiyyətlə, bu dünya elə bir şeydi ki, hər pisliyin, hər namərdliyin öz qənimi var; əlbəttə, bu fikir də çox dərin bir fikir deyildi və o burasını da fikirləşdi ki, bu gecəni qəribə eləyən onun bəlkə də uşaqlarını qoyub getməsidir. Birdən-birə Nərimanov yoldaşa inanıb sözündən çıxmadığı üçün özünü təqsirləndirdi.

Kupedə Stalin dostluqda möhkəm olmasından bəhs edirdi. Vaxtilə ona yaxşılıq edən, onu ölümdən qurtaran dostuna düz-çörək məsələsini yadından çıxarmadığını, bunun müqabilində onu bolşeviklərin əlindən qurtulmasını deyir. Sonra Stalin anaların sağlığına badə qaldırır. Məhəmməd Əmin deyir ki, mən yola düşəndə anam ağır xəstə idi. Stalin bir az doluxsunub onun da anasının yadına düşdüyünü deyir. Məhəmməd Əminə : “Sizdə bir mahnı var…Sən də onu oxumağı çox sevirdin”- deyir. Məhəmməd Əmin dərindən nəfəs alaraq: “Ay bəri bax, bəri bax” mahnısını deyirsiz. Mahnını zümzümə etməyə başlayır, Stalin də ona qoşulur.

Gecənin bir yarısında kupenin qapısı döyülür. Serqo Orconikidze həyəcanlı halda kupeyə daxil olur. Xəbər verir ki, Müsavatın başçısı Bayıl türməsindən yoxa çıxmışdır. Deyilənə görə o bu qatarda sərnişinlərin arasındadır.

Stalin bir qədər fikrə gedir: Görəsən, Mikoyan bu məlumatı hardan alıb?

Orconikidze: Yəqin ki, Bakıdakı daşnak partiyasından.

Stalin Serqonu mənalı baxışlarla başdan-ayağa süzür.

- Nə çaşıb qalmısız? Rəsulzadədən belə qorxursunuz? Sərnişinləri bir-bir yoxlayın. Rəsulzadəni tapsanız, Mikoyana məlumat verin ki, bir də belə şayiələrlə başımızı qatmasın.

Məhəmməd bu söhbətdən sonra köynəyini çıxarıb rahatlanmaq istəyir. Bədəninə sarıdığı üç rəngli bayrağın ucunu qaldırıb öpür və gözünün üstünə qoyur. Stalin onun alt köynəyinin üstündən bayrağın bədəninə sarıldığı görüb  bir anlıq yerində donub qalır:

- Əmin, bu nədir, bayrağını köynək əvəzi etmisən:

Məhəmməd Əmin:

- Koba, bu bayraq dünyamızın qövsi-qüzehidir. Onun rəngləri varlığıma hopmuşdur. Lahıcda da, Bayılda da o, mənimlə olmuşdur. Yalnız və yalnız vücuduma ağ kəfən sarınanda onu məndən ayırmaq olar. Bir kərə yüksələn bayraq bir daha enmız!

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)