İntizar ədəbiyyatı - Balaş Azəroğlu, "Buludlar"

Rate this item
(0 votes)

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Yenə ağ çalmalı Kəpəzin üstdə, 

Çətir tək durmusuz, qara buludlar. 

Deyin, külək qovmuş, günəş dağıtmış, 

Sizi kim gətirmiş bura, buludlar? 

 

Niyə qaraldınız bu bahar çağı? 

Sizdəmi gördünüz ayrılıq dağı? 

Görünsə günəşin qızıl saçağı 

Hara gedəcəksiz, hara, buludlar? 

 

Cənub ellərinə siz gedən zaman, 

Bir sözüm çıxmasın qoy yadınızdan. 

Məni xəbər alsa gülüzlü canan, 

Salam deyərsiniz yara, buludlar. 

 

Deyin, qəm çəkməsin siz ona, dözsün, 

Dərdə, işgəncəyə, zindana dözsün. 

Axı söz veribdir, hicrana dözsün, 

Tapaq bu dərdlərə çara, buludlar. 

 

Gözünüzdən axan qəlb sevincidir, 

Bəlkə həsrət yaşı, bəlkə incidir? 

Yəqin bu ayrılıq sizi incidir, 

Edir könlünüzü para, buludlar? 

 

Yetər, ağlamayın bu gölün üstə, 

Bu dağın, çəmənin, bu çölün üstə. 

Günəş bayraq açıb bu elin üstə, 

Bu torpaq bürünmüş nura, buludlar. 

 

Gedin, o sahillər gözləyir sizi, 

Yuyun göz yaşıyla, yuyun Təbrizi. 

Nə düşmən ləpiri, nə də qan izi 

Düşməsin bir daha ora, buludlar.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)