Bəs «sevgi uğursuzluğu» sindromundan necə qurtulmalı? Featured

Rate this item
(0 votes)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu yaxınlarda ölkəmizdə çox sarsıdıcı bir hadisənin şahidi olmuşduq. Sevgilərinə valideyinləri tərəfindən qadağa qoyulan iki sevən gənc aləmə meydan oxuyaraq özlərini avtomobilin içində yandıraraq işıqlı dünyaya əlvida demişdilər. Sevgi – qanda olan xoşbəxtlik hormonlarının səviyyəsini artırmaqla yanaşı, həm də qorxu hissini yox edən feniletilaminin səviyyəsini də qaldırır.

Bəs «sevgi uğursuzluğu» sindromundan necə qurtulmalı? Əlbəttə ki, bunun yolları mümkündür. İlk növbədə, uğursuz sevgiyə mübtəla olub bunun acılarını çəkəndə bu dərddən qurtulmağa istəyin də olmalıdır. Həmin şəxs əmin olmalıdır ki:

Birincisi: Qarşılıqlı, adekvat olmayan sevginin fəsadları bu gün müalicə olunur, məsələn, antidepressantların köməyi ilə. Ona görə də, Məcnunluq etməkdənsə mütəxəssisə müraciət eləmək, çarəsizlik komplekslərini yığışdırmaq lazımdır. Sevgi azarına tutulmaq da bir xəstəlikdir, xəstəlik gələndə isə mütləq təbibə müraciət eləmək lazımdır.

İkincisi: İnsan özündə güc, iradə tapmaqla sevgi azarından özbaşına da qurtula bilər, yəni ki, tibbin digər xəstəliklərindən fərqli olaraq sevgidə özünümüalicə olduqca effektiv təsir bağışlayır.

Bəs bunu necə həyata keçirmək olar? Təbii ki, möhkəm iradə, güclü xarakter vasitəsi ilə. Sevgi xəstəliyindən qurtulmaqçün sizə sevgi acısı yaşadan kəsdən hər gün bir qədər də uzaqlaşın, onun mənfi xüsusiyyətlərini xatırlayıb bunlara önəm verin, özlüyünüzdə onu pisləyin. Bu, olduqca müsbət effekt verəcək. Unutmayın, sevgi ağrısını dərhal, yerində kəsmək xeyli rahatdır, sizi az ziyanla ötüşdürən prosedurdur. Amma elə ki, bu ağrı tam gücü ilə tüğyan etdi, ağrıkəsicilər artıq kömək edə bilməyəcək.

Ani olaraq yanaşı qoyulan iki gözəl dibçək çiçəyini nəzərdən keçirin. Onlar bir-birinə sarı böyüyürlər, sanki bir-birilərindən güc alırlar, bir-birilərindən gözəllik alırlar. Qəfildən onları ayırın. Nə olacaq? Eyni kökdən böyümürlər ki, məhv olsunlar? Yenə də yaşayacaqlar. Nə olsun, bir müddət təklikləri təəssüfverici olacaq?

Hər bir insanın həyatından sevdiyi şəxs gedə bilər. Əfsus ki, bəzən bunu həyatın sonu adlandırır, dünyamızın uçub dağıldığını zənn edirik.

Əslində isə, heç nə dağılmayıb. Bir az tərpənib. Onu da bərpa etmək öz əlimizdədir.

 

(Davamı olacaq)

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)