“Bizə fədai lazımdır” - ƏLİ BƏY HÜSEYNZADƏNİN DOĞUM GÜNÜNƏ Featured

Rate this item
(0 votes)

Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”

 

Hürriyyət! O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor.

                                  (Əli bəy Hüseynzadə)

 

Bütün ömrü boyu məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə istedadının bütün gücü ilə çarpışmış Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda dindar bir ailədə doğulmuşdur. Əvvəlcə dini təhsil almış, daha sonra isə Tiflisdə altısinifli məktəbdə təhsilini davam etdirmişdir. O,Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadədən ilhamlanmış və onun söhbətləri sayəsində ədəbi çevrəsini tanımışdır. Sonrakı təhsil dövrü gimnaziyada keçmişdir. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə xüsusi önəm verməyə başlamışdır.

Ə.Hüseynzadənin yaradıcılıq həyatı geniş və bir o qədər də keşməkeşli olmuşdur. Özündən sonra türk millətinə böyük bir miras qoymuşdur.

Əli bəyin jurnalistik fəaliyyəti də xüsusi diqqət çəkmişdir. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi məhz 20-ci əsrin əvvəllərində baş tutmuşdur.

Əli bəyin jurnalistik fəaliyyətinin əsasını Füyuzat jurnalı təşkil edir. Füyuzat jurnalında məqalələrin birində belə yazılırdı:

“Bizə fədai lazımdır! Türk hissiyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai!”

Kölgəsində nəfəs aldığımız, şəhidlərimizin başı üstündə dalğalanan üçrəngli bayrağımızın rənglərini simvolizə edən sözlər Əli bəy Hüseynzadənin səsləndirdiyi bu fikirdən qaynaqlanır.

Azadlıq eşqini daim yaşadan, azad ruhla yaşayan Əli bəy Hüseynzadə 17 mart 1940-cı ildə İstanbulda dəfn olunmuşdur.

Həyatı boyunca oxutdurdu, yazdı, yaratdı! Ruhun şad olsun, müəllim! Bütün jurnalistlər adından qarşında baş əyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)