O, Cabbarlının üzə çıxmayan əsərlərini üzə çıxarıb!

Rate this item
(0 votes)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Baş elmi işçisi

Prof.Dr. Asif Rüstəmlinin 70 yaşı tamam oldu. Onu - tanınmış ədəbiyyatşünası, ictimai və elm xadimini 70 illik yubileyi ilə bağlı çoxları təbrik etdilər, yeni uğurlar dilədilər! 

 

Asif Rüstəmli Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), Birliyin Cəfər Cabbarlı Komissiyasının sədri (2015), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü (2003-2018), “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzinin (indiki Folklor İnstitutunun) direktoru (1991-1995), institutun Elmi nəşrlər bölməsinin (1995-1999), Mətbuat tarixi və publisistika şöbəsinin (2014-2018) müdiri, BDU Dissertasiya Şurasının üzvü (2013-2018), 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Humanitar, ictimai elmlər və sənətşünaslıq, 2020-ci ilin mart ayından 2022-ci ilin oktyabr ayınadəksə Akkreditasiya şöbəsinin müdiri, habelə AAK Kollegiyasının üzvü olaraq məhsuldar ictimai, elmi yaradıcılıq yolu keçib. 

Onun elmi fəaliyyətinin əsas yönünü cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, ərəb qrafikasından transliterasiya edib, önsöz, qeydlər və şərhlər yazaraq “Ədirnə fəthi” adı ilə 1996-cı ildə “Elm” nəşriyyatında nəşr etdirib. 

C.Cabbarlının Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı əsasında nəşr olunan 4 cildlik “Əsərləri”nin də tərtibi, önsözü və şərhləri ona məxsusdur. Onin bu nəşrə yazdığı “Bədii həqiqətlər ustası” başlıqlı önsöz yeni faktlarla zəngindir. Sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllifin əlyazmaları əsasında o bərpa etmiş, bir sıra örnəkləri ilk dəfə çoxcildliyə daxil etmişdir. 

“Molla Nəsrəddin” Ensiklopediyası”na (“Elm”, 2020) onun 33 məqaləsu daxil edilib.

O, Ümummilli lider Heydər Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət mövzusunda 30 illik dönəmi əhatə edən məruzələrini, çıxışlarını söhbətlərini toplayıb tərtib edərək, 2000-ci ildə “Nəcib, mənəvi idealların tərənnümü” (“Ozan”, 2000) başlığı ilə nəşr etdirib.

Elmi məqalələri bir neçə xarici ölkədə yayınlanıb.

O, 15 kitabın, 350-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifi, 20 kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olmuş, onlara önsöz yazmışdır. 

Onun ssenariləri əsasında “Günəş Şərqdən doğur” (2003), “İstiqlal fədaisi” (2004), “Nurlu gələcək naminə” (2005), “Bir kərə yüksələn bayraq. Azərbaycan Cümhuriyyəti – 100” (2018) sənədli filmləri çəkilib, nümayiş olunub.

O, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Mətnşünaslıq, Redaktənin əsasları, Ədəbi redaktənin əsasları fənlərini tədris edib(1996-2019).

Haqqında “Fədakar tədqiqatçı-alim” adlı məqalələr toplusu gün üzü görüb.

Arif Rüstəmli (Ankara (1991), Bağdad (1994), Tehran (1995), Təbriz (1998), Bəsrə (1999), Urmiya (2004, 2011), Varşava (2007), Tomski (2008), Elazığ (2008, 2012, 2013), Budapeşt (2010), Diyarbəkir (2013), Astana (2014), Balıkəsir (2018) və b. şəhərlərdə) keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumun uğurlu iştirakçısı olub. 

Belə ziyalılarımızla qürur duymağa dəyər!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)