KİTAB BƏLƏDÇİSİndə Şekspirin “Hamlet”i Featured

Rate this item
(2 votes)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Olmaq ya da olmamaq!

Bu cümləni oxuyanda hər birimizin ağlına eyni şəxs gəlir. Şekspir. 

Kimdir Şekspir?

1564-1616-cı illərdə yaşayan dahi 4əsr öncənin yazıçısı olsa da adını bugün də yaşadır. Elə bir şəxs yoxdur ki, ən azı Romeo və Juliyetin adını bir dəfə eşitməmiş olsun, ya oxumamış olsun. Şekspir 38pyes, 154sonet, 2uzun hekayənin müəllifidir. Qələmə aldığı əsərlər nəinki İngilis intibah ədəbiyyatının, həmçinin bütün dünyanın göz bəbəyidir. Gələk yaradıcılığına. Madəm ki, mövzuya "Hamlet" əsərinin monoloqu ilə başladıq, elə bu əsərlə də davam edək. Hamlet Şekspirin ən uzun dramı, şübhəsiz ki, dünya ədəbiyyatının ən təsirli tragediyalarından biridir. Əsərin əsas mövzusu Hamletin intiqam arzusudur. Hamlet anası ilə evlənən, Danimarka taxtını ələ keçirən əmisi Klavdidən intiqam almaq istəyi ilə alışıb yanır. Əsas səbəb isə ölən atasının ruhuyla olan söhbətidir. Atanın ruhu oğulu rahat buraxmır və ondan intiqam tələb edir.

Əslində düşünəndə bir çoxumuzun mental dəyərlərinə necə də uyan bir hissdir bu... Necə yəni? Qardaş qardaşı öldürüb onun yoldaşına göz qoyar? Necə yəni insan öz doğmasının taxtına-tacına göz qoyar? Əsrlər keçsə də şah əsər olmasının səbəbi məhz budur deyəsən. Hamletin monoloqları isə insanı sözün əsl mənasında yaralayır, biraz bədii dildə desək, eyni Culyettanın etdiyi kimi xəncəri alıb vurur, öldürür sözlər ruhumuzu.

 

Ah, insan bədəni, necə möhkəmsən! 

Əriyib dönmürsən göz yaşlarına. 

Ey qadir yaradan, intiharı kaş

 Yasaq etməyəydin biz insanlara. 

İlahi, ilahi! Mənə bu dünya

 Necə də mənasız, miskin görünür. 

Hər yanda rəzalət, hər yanda dəhşət! 

Baxımsız bağçanı kol-kos basantək, 

Əclaflıq, alçaqlıq tutub dünyanı. 

Bu iş nə tez oldu, nə cür baş verdi! 

İki aydır ölüb, iki ay olmaz. 

Elə gözəl kral, nəcib bir insan... 

O, günəş Allahı Apollon idi,

 Bu, içki tanrısı yaramaz Satir.

 O mənim anamı elə sevirdi, Qoymurdu üzünə meh də

 toxunsun...

 

Köhnə əsərləri, köhnə sevgiləri oxuduqca indiki dövrdəki dildəki sevirəm sözləri o qədər süni gəlir ki. Kitablarda axtarıram buna görə də əsl sevgini. Və bəlkə də ideallarım kitablar olduğu üçün əsla inanmayacağam heç bir "sevirəm" sözünə könüldən. Hamletin ata-anasının sevgisini xatırladığı o anlar o qədər gözəl təsvir olunub ki, duyğulanmamaq əldə deyil. Lakin sonrasında anasına olan qəzəbiylə də bir evlad kimi vəfasını, sədaqətini göstərir, anasının atasını belə tez unutmasını bağışlaya bilmir.

 

"O qadın, o anam, aman ilahi...

Ağılsız, duyğusuz vəhşilər belə

Ondan daha artıq yas saxlayardı.."

 

Bəli, insan evladı unutqandır. Və nəinki 5əsr, heç 5dünya da dəyişsə bu gerçək dəyişməyəcək. Həyat davam edir, düzdür. Hər kəs yaşamalıdır, ölənlə ölünməz, doğrudur. Amma mənə görə sevgi, sədaqət ruhunu, qəlbini də sevdiyinlə bərabər məzara qoymaqdır. Yaşamaq başqa elə hey bir əli tutmaqdan ibarət olmamalıdır. Yaşamaq eyni zamanda qara torpağın apardıqlarını da yaşatmaqdır mənə görə.

 

Bu dram həqiqi bir kədərdən bir qəzəbə çevrilmiş həyatı, dəlilik, dahilik arasındakı çizgiləri, insani münasibətləri, xəyanəti, sədaqəti və əxlaqsızlığı özündə əks etdirir. Hər obrazın içində hər gün rastlaşdığımız minlərlə insanı görə bilirik. Əslində biraz absurt gəlsə də mən Hamlet obrazını niyəsə Cəlil Məmmədquluzadənin Ölülər əsərinin Kefli İsgəndərinə bənzətdim. Hər ikisi çabalayır. İzah etməyə, bu dünyanın, bu cəmiyyətin əxlaqsızlığıyla, ağılsızlığıyla mübarizə aparmağa çabalayır. Amma bacarırlarmı? Məsələ budur. 

Hamletin intiqam istəyi əslində sadəcə atasıyla bağlı deyildi. Biz bu obrazda həm də humanizmi, insani keyfiyyətlərin bir çoxunu görürük. 

 

"Yox, gərək məhv edəm onun özünü.

Ləkəsiz vicdanın tələbidir bu.

Bəşərin camında o bir yaradır,

Onu kəsməliyəm bu əllərimlə.

Qorxulu caniyə cəza verməmək

Özü də dünyada bir cinayətdir."

 

Hamlet əmisini cəmiyyət üçün bir kin, bir qüsur olaraq görürdü. Haqsız idimi? Yox. 

Bir sevgi örnəyini isə Hamlet və Ofeliyada görürük. Düzdür, onların sevgiləri çox çəkmir, Ofeliyanın intaharı hər kəsi sarsıdır. Elə Kraliçanın oğluyla bağlı xəyalları da bu səhnədə ölməyə başlayır. O, Ofeliyanı oğluna yar görmək istədiyini söyləyir tabutun başında. Qismət...

Əsərdə Hamletlə eyni mövqedə olan 2xətt var ki, biri Laertes, digəri Fortinbas xəttidir. Laertes layiqli gənc hesab olunur. Poloniusdan dərs alır və əxlaq nümayəndəsinə çevrilir. Fortinbas isə Hamletin bir növ xəyallarını gerçəkləşdirən versiyasıdır. Hamletin əli, gücü çatmayanları o əldə edir. 

Ümumilikdə əsərlə bağlı fikirlərimə gəlsək mən deyərdim ki, gec olmadan oxumayan hər kəs oxumalıdır bu əsəri. Müasir dövrdə "ədəbiyyat" adı altında yazılan o qədər cızma-qaraların yanında əsl ədəbiyyatla tanış olmaq mütləqdir.

Yazımı yenə Hamletin dilindən bir neçə cümləylə sonlandırmaq istəyirəm. 

 

"Hansı mənfur iblis gözübağlıca

Oyununda bu sayaq aldatdı sizi?

Gözləri görməyən, qulaqları kar,

Bütün duyğulardan məhrum olan da

Belə yanılmazdı.

Ey həya, haradasan? Haradadır abrın?"

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2024)