“Mənim 3 yaşım olanda atam vəfat edib…” – Ceyhun Hacıbəylinin nəvəsi Benjamin Hacıbəyli Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı inanılmaz bir layihə həyata keçirən - məşhur insanların varislərini axtarıb tapıb onlardan müsahibələr götürən Hafiz Əhmədov barədə sizlərə məlumat vermişdi.

Azərbaycan Xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin və qardaşı Ceyhun Hacıbəylinin  varisləri ilə eksklüziv-tarixi müsahibələrin müəllifinin ortaya qoyduğu sanballı işlərdən daha birini sizlərə təqdim edirik. 

Ceyhun Hacıbəylinin Fransada yaşamış oğlu Timuçinin (1921—1993) övladı Benjamin Hacıbəyli ilə müsahibə

 

-Özünüzü təqdim edin.

 

-27 yaşım var. Fransanın cənubundakı Nitsa şəhərində anadan olmuşam. Parisdə böyüdüm.  Parisdə və Lionda  Riyaziyyat, Kompüter elmləri və iqtisadiyyatı üzrə təhsil almışam. Hazırda Fransa İqtisadiyyat Nazirliyi üçün iqtisadi analizlər hazırlayıram.

 

– Siz Azərbaycanda hörmətli bir nəslin nümayəndəsisiniz. Hacıbəylilər nəsli barədə nə düşünürsünüz? Bu ailənin digər üzvləri ilə əlaqə saxlayırsınız?

 

- Bilirəm ki, ailəmizi Azərbaycanda hər kəs tanıyır. Bununla da fəxr edirəm. Bir çox sahələrdə uğurlu işlər görmüş  doğmalarımız var. Belə bir nəslin nümayəndəsi olmaq mənim üçün böyük şansdır.

Təəssüf ki, ailəmizin digər üzvləri ilə əlaqəmiz yoxdur. Azərbaycandakılarla olan əlaqələrimiz rus inqilabından bəri kəsilib. Sovet İttifaqı dövründə xaricdəkilərlə  təmaslar riskli idi. 70-ci illərə qədər ailəmizin üzvləri arasında demək olar ki, heç bir əlaqə olmayıb. Bilirəm ki, atam  70-ci illərdə Niyazi ilə tanış  idi. Ancaq mən atamı çox görə bilmədim. Buna görə də mən  heç kəslə əlaqə qura bilmədim.

 

 – Necə bir ailədə böyüdünüz? Uşaqlıq xatirələrinizi bölüşərdiniz…

 

- Mənim 3 yaşım olanda, atam Timurçin vəfat edib.  Məni anam Pasqal Hacıbəyli Buşet böyüdüb.  Mən özüm də tək uşaq idim. Atam da yox idi. Belə bir ailədə böyüdüm.  Bu məni anama daha çox yaxınlaşdırdı. Amma heç vaxt güclü bir ailə hissini duymadım.  Mən çox yalnız bir uşaq idim.

 

– Azərbaycan sizin üçün nə məna ifadə edir? Bakıya, Azərbaycana səfər etmək istəyirsiniz?

 

- Ailəmizin bir hissəsi Azərbaycanda yaşayıb. Mənim üçün Azərbaycanın xüsusi bir yeri var. Artıq iki dəfə Bakıya getmişəm və tezliklə yenidən ziyarət etmək istərdim. 12 və 15  yaşım olanda  ora getmişdim.  Şəhər bu 3 il ərzində çox dəyişmişdi. Düşünürəm ki, bu gün mən Bakını tanımaram.

 

– Sizin fikrinizcə Üzeyir Hacıbəyli kim olub? Onunla aranızda oxşarlıqlar  varmı? 

 

- Üzeyir  bəy mənim babam Ceyhun Hacıbəylinin qardaşıdır. Bilirəm ki, o, ailəmizin ən tanınmış üzvü olub. Onun necə bir insan olması ilə bağlı heç nə deyə  bilmərəm. Amma musiqilərini çox yaxşı bilirəm.  Bizim aramızda  bir o qədər də oxşarlıq yoxdur. O, bəstəkar olub. Uşaq olan zaman musiqini öyrənməyə çalışdım. Çox təəssüf ki, bu məndə yaxşı alınmadı…

 

 – Üzeyir bəyin musiqilərini dinləyən zaman hansı hissslər keçirirsiniz?

 

- Əlbəttə ki, mən qürur duyuram. Azərbaycan mədəniyyəti ilə birbaşa əlaqə qurmaq çox gözəldir. Onun musiqiləri bütün dünyaya yayılıb.  “Arşın mal alan”  pyesinin Fransada bu il nümayiş etdirilməsi məni çox qürurlandırdı.

 

– Atanızla bağlı heç xatirələriniz varmı? Atasız böyümək çətin olmadı ki?

 

- Mənim atamla bağlı heç bir xatirəm yoxdur. Atam vəfat edən zaman mən körpə idim. Anam mənə hər şeyi danışıb.

Atasız böyümək çətin olmadı. Həqiqətən də düşünürəm ki, bu mənim üçün çox asan oldu. Daha az təziq və rəqabət vardı.  Hacıbəylilər çox böyük , güclü bir nəsildir. Bəlkə də mən atamın yanında böyüsəydim tamamilə fərqli bir şəxsiyyətə sahib olacaqdım.

 

– Ceyhun Hacıbəylinin məqalələrini heç oxuyubsunuz?

 

- Evimizdə olan və ya internetdə tapdığım məqalələri oxuyuram. Babam Ceyhun Hacıbəyli müxtəlif mövzularda yazıb: siyasət, sənət, elm… Babamın gördüyü işlər barədə çox da məlumatım yoxdur. Çünki atam vəfat etdikdən sonra bütün məqalə və sənədlər Azərbaycana göndərilib.

 

– Fransada  sizə, Azərbaycana qarşı münasibət necədir? 

 

- Fransada mənim ailəm haqqında heç kim eşitməyib. Əvvəllər heç Azərbaycanı da tanımırdılar. Son illər Azərbaycanda çoxlu reklam, idman və ya mədəni tədbirlər təşkil olunur. İndi insanlar Azərbaycanı tanıyırlar.  Ailəm, nəslimiz haqqında onlara deyən zaman çoxlu suallar verirlər, maraqlanırlar. Bəziləri internetdə axtarış edirlər, musiqilərimizi dinləyirlər.

 

- Siz Vətən kimi haranı qəbul edirsən?

 

- Mən Fransada böyüdüm, fransız dilində danışıram, mədəniyyətim də bura  ilə bağlıdır. Mənim atam da bir növ azərbaycanlı xüsusiyyətlərinə sahib olmasına baxmayaraq , fransız mədəniyyətini özündə daşıyırdı.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)