“Üzeyir bəyin heykəlini Şuşaya qaytaran Azərbaycan əsgərlərinə təşəkkür edirəm” – Hacıbəylilərin fransız gəlini Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı inanılmaz bir layihə həyata keçirən - məşhur insanların varislərini axtarıb tapıb onlardan müsahibələr götürən Hafiz Əhmədov barədə sizlərə məlumat vermişdi.

Ötən gün Azərbaycan Xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin anım günü idi. Hafiz Əhmədov bu münasibətlə Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının varisləri ilə eksklüziv-tarixi müsahibələri qürurla paylaşır. 

 

                                    ***

Ceyhun Hacıbəylinin gəlini - oğlu Timuçin Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe ilə müsahibə.

 

-Özünüz haqda bilgi verərdiniz. 

 

– 1959-cu ildə Paris ətrafında dünyaya göz açmışam. Fransalıyam. Sarbonna Universitetində Psixologiya və Paris Siyasi Araşdırmalar Universitetində İnsan resursları fakültəsində təhsil almışam. Uzun müddət HR mütəxəssisi işləmişəm, indi isə Avropa sosial fondunda inzibati və maliyyə administratoru işləyirəm.

 

– Necə oldu ki, Hacıbəylilərin gəlini oldunuz?

 

-Mən Timuçinlə ilk dəfə 1984-cü ildə qarşılaşmışam. 1988-ci ildə isə ailə həyatı qurduq. 1990-cı ildə bizim bir oğlumuz dünyaya gəldi. Adı Benjamindir.

 

– Timuçin Hacıbəyli necə insan idi?

 

– Timuçin Fransanın Nitsa şəhərində doğulub. O, Azərbaycan dilində danışmırdı. İlk dəfə 1976-cı ildə Azərbaycana getmişdi. O, 1993-cü ildə isə dünyasını dəyişdi. Timuçinin birinci nikahından bir oğlu var idi, adı Jan Klementdir.

 

– Qayınatanız Ceyhun Hacıbəylini heç görmüsünüzmü?

 

- Ceyhun Hacıbəyli 1962-ci ildə vəfat edib. Buna görə də mən onu heç vaxt görməmişəm. Həyat yoldaşım həmişə öz ailəsi ilə fəxr edirdi. 1945-ci il müharibəsində onun atası, anası, əmisi və qardaşı Fransa üçün həyatlarını fəda etmişdilər. Timuçin uzun müddət Ramiz Abutalıbovla birlikdə çalışıb. O, atası ilə bağlı sənədləri Ramiz müəllimə verib.

Həyat yoldaşım xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra mən Hacıbəylilər ailəsinin tarixini oğlum Benjamin üçün qoruyub saxlamağa çalışdım. Mən azərbaycanlılara Parisdə Ticarət Palatası yaratmaqda kömək etdim. Həmin Palatada ictimaiyyətlə əlaqələr üzrə müşavir işləmişəm. Heydər Əliyevin Parisə səfərinin təşkil olunmasında iştirak etmişəm.

 

– Sizin üçün Üzeyir Hacıbəyov kim olub?

 

– Əlbəttə ki, Üzeyir Hacıbəyov musiqisi ilə tanışam. O, Qərb və Şərq musiqilərini sintez edən bəstəkar idi. Ənənəvi Azərbaycan musiqisinin dünyada tanınan məşhur milli musiqilər – məsələn, Rusiya, Türkiyə, Skandinaviya və İspan musiqisi kimi,- məşhurlaşması üçün çox çalışıb. “Arşın Mal Alan” həzin musiqili komediya, “Koroğlu” isə möhtəşəm operadır...

 

-Şuşa daha azaddır.

 

- Həyat yoldaşım Timuçin əmisi Üzeyir bəyin heykəlinin illər sonra yenidən Şuşaya – Hacıbəylilər ailəsinin “beşiyi”nə qaytarıldığını görsəydi çox xoşbəxt olardı, gözü arxada qalmazdı. Onun atası Ceyhun Hacıbəyli, əmisi Zülfüqar Hacıbəyli də Şuşa şəhərində  dünyaya göz açıblar. 

Timuçin Şuşadakı ailə evlərinin (ev muzeyi) dağılmasına görə dərindən kədərlənirdi. 1976-cı ildə Timuçin əmisi oğlu Niyazi ilə birlikdə Şuşada qalan zaman çoxlu şəkillər çəkmişdi. 

 

- Bəs siz Şuşanı görmək istərsiniz?

 

- Əlbəttə ki, mən Şuşanı çox görmək istəyirəm.

 

- Şuşanı da işğaldan azad edən Azərbaycan Ordusuna nə demək istərsiniz?

 

- Şuşanı azad etdikləri üçün bütün Azərbaycan əsgərlərinə təşəkkür edirəm. Ümid edirəm ki, Qarabağda uzunmüddətli sülh olacaq......

 

P.S.

Növbəti dəfə sizlərə Ceyhun Hacıbəylinin Fransada yaşamış oğlu Timuçinin (1921—1993) övladı Benjamin Hacıbəyli ilə müsahibə təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)