Siyahı önündə düşüncələr Featured

Rate this item
(0 votes)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Aqillər nə deyiblər? Deyiblər ki, gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı. Yaxşı da eləyib deyiblər. 

Demək, dünyanı gəz və doğulduğun Vətəndə də rahat dünyadan köç. 

 

Xaricdə yaşayan və işləyən insanlar üçün ən böyük məlumat mənbəyi olan “InterNations” dünyada yaşamaq üçün 49 şəhərin daxil olduğu ən yaxşı şəhərlərin reytinqini tərtib edib ki, bu reytinq məni xeyli düşünməyə vadar etdi. 

Öncədən onu deyim ki, reytinq tərtib edərkən “InterNations” təkcə yaşayış, mənzil və ya kommunal xidmətlərin dəyəri kimi iqtisadi məsələləri deyil, həm də şəhər sakinlərinin davranışlarını və qonşularla birgə yaşamalarını, təhlükəsizliyi, turizm irsini, qastronomiya, iqlim və ya mülki əhalinin xarakteri kimi daha qeyri-maddi elementləri nəzərə alıb. Adətən bu kimi reytinqlərdə Skandinaviya təmsilçiləri ön sıralarda lövbər salardılar. Bu dəfə İspaniya hamını qabaqlaylb. 

Yaşamaq üçün ilk üç ən yaxşı şəhər İspaniya şəhərləri seçilib: Malaqa, Alikante və Valensiya. Ümumilikdə İspaniyanın ilk üç şəhəri ilə yanaşı, siyahıda Madrid və Barselona kimi böyük və əsas şəhərlər də yer alıb. Reytinq göstərir ki, İspaniya məskunlaşmaq üçün ən yaxşı həyat keyfiyyətinə malik ölkədir. Öz aramızdır, elə bizim azərbaycanlılardan da orada yaşayanlar az deyil. Elə mütəmadi şeirlərini dərc etdiyimiz şair Səfa Rəşidi nümunə gətirə bilərik. 

Siyahını İtaliyanın Milan şəhəri yekunlaşdırır.

Yaşamaq üçün ən yaxşı 49 şəhərin siyahısını təqdim edirəm, hərçənd niyə 50 yox, 49, bax bu mənə müəmmalı gəldi bir qədər. 

 

1. Malaqa (İspaniya)

2. Alikante (İspaniya)

3. Valensiya (İspaniya)

4. Ras-əl-Hayma (BƏƏ)

5. Abu Dabi (BƏƏ)

6. Madrid (İspaniya)

7. Mexiko (Meksika)

8. Kuala Lumpur (Malayziya)

9. Banqkok (Tayland)

10. Maskat (Oman)

11. Dubay (BƏƏ)

12. Lissabon (Portuqaliya)

13. Barselona (İspaniya)

14. Amsterdam (Niderland)

15. Nayrobi (Keniya)

16. Sürix (İsveçrə)

17. Afina (Yunanıstan)

18. Stokholm (İsveç)

19. Lüksemburq (Lüksemburq)

20. Haaqa (Niderland)

21. Ər-Riad (Səudiyyə Ərəbistanı)

22. Praqa (Çexiya)

23. Tallinn (Estoniya)

24. Doha (Qətər)

25. Budapeşt (Macarıstan)

26. Tokio (Yaponiya)

27. Sidney (Avstraliya)

28. Sinqapur (Sinqapur)

29. Lozanna (İsveçrə)

30. Cenevrə (İsveçrə)

31. Brüssel (Belçika)

32. Varşava (Polşa)

33. Kopenhagen (Danimarka)

34. Honkonq (Honkonq)

35. Toronto (Kanada)

36. Vyana (Avstriya)

37. Frankfurt (Almaniya)

38. Münhen (Almaniya)

39. Nyu-York (ABŞ)

40. Seul (Cənubi Koreya)

41. Paris (Fransa)

42. London (Böyük Britaniya)

43. İstanbul (Türkiyə)

44. Dublin (İrlandiya)

45. Berlin (Almaniya)

46. Hamburq (Almaniya)

47. Vankuver (Kanada)

48. Roma (İtaliya)

49. Milan (İtaliya)

 

Təbii ki, bir neçə müsəlman şəhərinin, ən əsası, gözəlim İstanbulun da bu siyahıya düşməsi məni sevindirdi. Və bu arada reytinq liderliyində olan şəhərlərin əhalisinə paxıllığım da tutdu. Demirəm ki, kaş mən də o şəhərlərdən birində yaşayardım. Deyirəm ki, kaş, bizim Bakı da bu sayaq reytinqlərdə önə çıxaydı. 

Bakılılardan bir sorğu da etdim və reytinqə münasibətlərini öyrəndim:

 

Şahbikə xanim, evdar qadın: - Biz zibili balkondan küçəyə atmağı bacarırıqsa, demək heç vaxt qabağa getməyəcəyik.

 

Zaur, tələbə: - Xaricilərin bizə qeyri-obyektiv münasibətinə alışmışıq. Yəqin bu reytinqi fransızlar təşkil edib. 

 

Ağadayı, təqaüdcü: - Alə, Bakıma qurban olum, nə yazırlar cəhənnəmə yazsınlar.

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)