9-cu Bakı Beynəlxalq Kitab Sərgisi – müsbət və mənfi tərəfləri Featured

Rate this item
(1 Vote)

 

Şəmil Sadiq yazır

 

“Ədəbiyyat və incəsənət” portalı başa çatmış 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi barədə rəyləri dərc etməkdədir. Bu dəfə sizə ANAİB-in sədri, tanınmış pedaqoq və yazar Şəmil Sadiqin fikirlərini təqdim edirik.

 

 

Beş günlük 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi yekunlaşdı! Düzü, bu il şəxsən bəzi səbəblərdən tam aktiv iştirak edə bilmədim. Amma istənilən halda, lap başlanan gündən həm rəsmi, həm də qeyri-rəsmi prosesin içində idim. Mənə görə, uğurlu alındı. Əvvəlki illərə nisbətən irəliyə doğru xeyli fərq var idi. Bir neçəsini sadalamağa çalışacağam.

 

1. Sərgi elan olunan ərəfələrdə Mədəniyyət naziri cənab Adil Kərimov Nazirlik binasında şəxsən naşirlərlə görüşdü, kitabı, kitabçılığı saatlarla müzakirə etdi. Bu formatda yanaşma bir ilk idi!

 

2. Elan olunandan sonra sərginin təşkili və gedişatı ilə bağlı yenə naşirlərlə geniş formatda görüş oldu. Bu dəfə görüşü Mədəniyyət nazirinin müavini Fərid Cəfərov apardı, qarşıda duran məsələləri şəxsən izah etdi, təklif və iradları dinlədi, hətta bəzilərinin elə yerindəcə həll olunmasına kömək göstərdi. Görüşdən sonra bütün naşirlərin səmimi münasibətə görə böyük stimul aldığını gördük. Bu da rast gəldiyimiz yaxşı münasibət idi.

 

3. Sərgiyə az vaxt qalanda isə yenə Fərid Cəfərov daha kiçik formatda – 8 – 10 nəfərlik yazıçı və naşir heyəti ilə yemək süfrəsi arxasında görüşərək əlavə təklif və ideyaları dinlədi, müzakirələr apardı. Bu da çox yaxşı!

 

4. Bakı Ekspo Mərkəzində icarəhaqqı bahadır. Kitab üçün isə bu qiymətlər fantastik qiymət kimi görünür. Etirazlarımız qəbul edildi, Mədəniyyət Nazirliyi öz imkanları hesabına ödənişlərdə əlavə güzəşt etdi. Nəzərə çatdırım ki, hər nəşriyyata 6 kv metr ödənişsiz yer verilirdi.

 

5. Naşirlərə müraciət edildi ki, xaricdən tanınmış yazıçıların gətirilməsini istəyirsinizsə, müraciət edin, bütün xərclərini Nazirlik çəkərək dəvət edəcək. Edildi, komissiyanın uyğun bildiyi yazıçıların sərgiyə gəlməsi təmin edildi. Bu isə mənə görə ən böyük yeniliklərdən idi və həyata keçirildi. Düzdür, naşirlər daha çox türkiyəli yazarlara üz tutdu, burada zaman məsələsi də rol oynayırdı. Amma ümid edirəm ki, ənənə qırılmasa, gələn il daha fərqli mənzərə ilə rastlaşacağıq.

 

6. Uzun illər öncə bir-iki dəfə olsa da, sonradan ənənəsi qırılmış bəzi yeniliklər oldu: sərginin ən yaxşı stendi, ən aktiv naşiri, ən çox oxunan yazıçısı və b. elan olundu, mükafatlandırıldı. Bu da özlüyündə sərgilərdə olmalı vacib məqamlardan idi.

 

7. Müzakirə, görüş, imza panellərinin sayı daha çox idi. Bu da imkan verirdi ki, maarifləndirici və intellektual söhbətlərə geniş yer verilsin, yerli yazarlar oxucuları ilə xüsusi görüş keçirsin.

 

8. Bütün şikayətlərə Nazirliyin operativ və həssaslıqla cavab verməsi daha çox diqqət çəkirdi. Bəzən bu müraciət, şikayət haqsız olsa da, yanaşma çox isti idi. Məsələn,“Qanun” nəşriyyatının sərginin həyətində təkərli avtobusla satış etməsi, girişdə bəzi yazıçılara ayrıca masanın ayrılması və s. nazirliyin kitaba münasibətini bir daha ortaya qoydu: “Kitabla bağlı yaxşı hər şeyə açığıq, heç kim narahat olmasın”.

 

9. Naşirlər sərgiyə xüsusi hazırlaşdı; aralarında şirin bir rəqabəti də hiss etmək olurdu. İstər stendin qurulmasında, istər yeni kitabların nəşr edilib sərgiyə çatdırılmasında, istər endirim kampaniyalarında, istər müəlliflərini sərgiyə dəvət edib imza mərasimlərinin təşkilində, istərsə də sərginin piar işlərinin aparılmasında xüsusi aktivlik müşahidə olundu.

 

10. Sərginin dördüncü günündə nazir müavinin də iştirakı ilə qala gecəsinin keçirilməsi və bütün şirkətlərin o yeməyə dəvət edilməsi də təqdirəlayiq hal idi. Əvvəlki illərdə bu cür tədbirlər ya olmurdu, ya da keçirilməsindən naşirlərin xəbəri olmurdu.

 

Ümumilikdə ab-hava çox yaxşı oldu, hər kəsin razı qaldığı açıq aydın görünürdü. Düşünürəm ki, iştirakçı sayı da ürək açan idi. Düzdür, alıcılıq qüvvəsi qənaətbəxş olmasa da, aktivlik onun yerini doldura bildi. Fikir verdinizsə, razılıq bildirdiyim əksər bənd olmalı olanlardır, məmurlarımızın səmimi münasibətindən razılıqdır. Halbuki burda qeyri-adi bir şey yoxdur. Sadəcə, biz bunu o qədər görməmişik ki, bu cür hallar bizi məmnun edir. Məhz buna görə də Nazirə və yeni komandasına atəşli təşəkkür düşür! Sabaha ümidi artırır.

 

Amma... Belə işlərdə real təriflərdən sonra narazılıq olan hissələr də olur, olacaq. Bizə isə bunları qeyd etmək düşür ki, zaman-zaman aradan qaldırıla bilsin.

 

1. Sərginin tarixi bir neçə dəfə dəyişdirildi, sərgi gününə 30-40 gün qalmış elan olundu və piar işlərinə 10 – 15 gün qalmış başlanıldı. Məhz bu məsələ peşəkarlıqdan uzaqdır və düşünürəm ki, hökmən aradan qaldırılmalıdır. Beynəlxalq sərgilər ən az 6 ay qalmış elan edilir, proqramlar tutulur. Hətta hər ilin ilk aylarında elan edilir. Əks halda xarici qonaqların dəvətində sıxıntı yaşanır, təbliğat işləri istədiyimiz kimi getmir, az insan məlumatlı olur.

 

2. Piar işləri heç bir halda ürəkaçan deyildi. Çünki yalnız son 10 – 15 gün ərzində– zəif aparıldı. Sərgi ərəfəsində metrolarda broşür paylanılsa da, kifayət deyil. Belə mötəbər tədbir üçün ən az iki ay əvvəl şəhərin bütün küçələri kitab reklamları ilə bəzədilməli, elanlar verilməli idi.

 

3. Sərgiyə giriş-çıxışı saymaq üçün avadanlıqlar quraşdılmalı və statistika aparılmalı idi ki olmadı. Xırda məsələdir, amma nəzərə alınsa, yaxşı olardı.

 

4. Sərgi yekunlaşan kimi naşirlərə yaxşı bir sorğu göndərilməli, sərgi ilə bağlı məmnunluq dərəcəsi öyrənilməli və statistik işlər görülməli idi. Hətta bunu iştirakçılarla da etmək yaxşı olardı ki, onların da istək və arzuları gələn il nəzərə alınsın.

 

5. Yaxşı olardı ki, sərginin vaxtı uzadılsın – təqribən, 9 – 10 gün. Sərgi çərçivəsində xarici naşirlərin B2B görüşləri də təşkil edilsin. Bunun üçünsə ilk olaraq Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması məqsədilə dəstək fondu yaradılmalı və xarici naşirlər bu prosesə cəlb edilməlidir.

 

6. Sərgidə müxtəlif mükafatlandırmalar oldu. Bu mükafatlandırmaların meyarları açıqlanmalı, proses obyektiv aparılmalıdır. Məncə, bu proses obyektivlikdən çox, subyektivlik üzərində qurulmuşdu. Naşirlər, yazıçılar belə şeylərdən o qədər uzaq düşüblər ki, bizə buna da şükür etmək qalır: nəsə deyib bu gözəl addıma kölgə salmaq istəməzdim. Amma növbəti sərgilərdə bunların standartı olarsa, öncədən elan olunarsa, daha şəffaf keçirilər və ya şəffaflığı hər kəs aydın görə bilər.

 

Ümumilikdə isə sərginin bütün təşkilatçılarına xüsusi təşəkkür düşür. Kitabla bağlı baş verən hər iş sevindiricidir. Adamın könlünü oxşayır. Ölkəmizin ən böyük mədəniyyət hadisələrindən olan bu tədbirin hər il daha möhtəşəm keçməsini istəməyən olmaz. Ona görə də hər kəs əlini daşın altına qoyub bu işə cani könüldən dəstək versə, çox yaxşı olar. Xarici qonaqlarımızdan biri mənə yaxınlaşaraq təbrik etdi. Dedi: “Azərbaycan sərgisi hər il inkişaf edir, yaxşı gedirsiniz. Məncə, çalışıb regionun sərgisini təşkil etməlisiniz”. Doğrudan da, bunu edəcək gücdə və potensialdayıq! Məsələn, Qafqaz Bookfair!

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)