KİTAB BƏLƏDÇİSİndə “Kürk mantolu madonna” Featured

Rate this item
(3 votes)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Dünyanın ən bəsit, ən zavallı, hətta ən axmaq adamı belə, insanı heyrətdən heyrətə düşürəcək nə müdhiş və qarışıq bir ruha malikdir!.. Nə üçün bunu anlamaqdan  bu qədər qaçır və insan dedikləri məxluqu, anlaşılması və haqqında hökm verilməsi ən asan şeylərdən biri zənn edirsiniz?!

(Səbahəddin Ali)

 

Gənc bir yazıçı olaraq ən sevdiyim məşğuliyyətdir kitab oxumaq. Oxunacaq, haqqında danışılacaq o qədər çox kitab var ki, biri ilə kifayətlənmək istəmədim və "Kitab Bələdçisi" rublikasında ikinci bir kitabdan bəhs etmək istədim. Bu səfərki seçimim "Kürk mantolu madonna".

Əsər mənə ilk oxuduğum andan etibarən tanışlıq hissi bəxş etdi. Fərqli-fərqli hekayələr, fərqli-fərqli filmlər, mahnılardan fraqmentlərlə rastlaşdım sanki. Elə buna görə də yazıma da bu kitabdan bir sitatla başlamaq istədim.

Kitab haqda məlumatla başlayası olsaq, bunu bilməliyik ki, əsər bir il boyunca 48 bölüm formasında qəzetdə yayımlanmaq üçün Sabahattin Ali tərəfindən yazılıb. Nəşri isə ilk dəfə 1943-cü ilə təsadüf edir. 

Keçək kitabın özünə.

Əsərdə Raif əfəndi zəif bir xarakter kimi göstərilir. Sevmədiyi bir yoldaşı, məmnun olmadığı bir ailəsi, zorla dolandığı bir işi vardı. Lakin o, qətiyyən səs çıxarmaz, heç kimə qaynayıb-qarışmaz, sanki səssiz-səmirsiz ölümünün gələcəyi günü gözləyər. Həyatında özü üçün, öz istəyi ilə etdiyi yeganə bir xatirə vardır. O da Marianı sevmək...

Raif əfəndi və Maria Puder... Çox fərqli, maraqlı tanışlıq hekayəsi ilə rastlaşırıq. Raif əfəndi bir şəkil görür, ona aşiq olur, günlərlə o şəklə baxır və o qadını axtarır. Sizləri bilmirəm, əziz oxucular, amma mənə bu səhnə Nizami Gəncəvini, onun Xosrov və Şirinini xatırlatdı. Təbii ki, zövqlər müxtəlifdir, amma mən əsərlər arasındakı bu cür bağlantıları, işarələri çox sevirəm.

Raif əfəndi şəklə o qədər vurulmuşdu ki, onunla söhbət edən qadının əslində elə Maria olduğunun fərqinə belə varmamışdı. Sonrasında onu canlı-qanlı qarşısında görəndə keçirdiyi hislər müəllif tərəfindən olduqca zərif və ustalıqla tərif edilib. Ümumiyyətlə demək olar ki, müəllif bu əsərdə xanıma xas zərifliyi, incəliyi kişiyə, dikbaşlılığı, cəsarəti isə qadına verib. Maria və Raif söhbətlərindən, görüşlərindən getdikcə bağlanırlar bir-birlərinə. Lakin əksər sevgi romanlarında olduğu kimi, burada da aşiqlərdən biri vəfasız çıxır. Maria gözləyəcəyini bildirsə də, Raif gözləndiyi yerə getmir, başqa bir qadınla evlənərək həyatına davam edir. 

Bu sizə də tanış gəldi? Təxmini 1-2 il əvvəl yayımlanan "Soyuq günəş" filminin sonluğuyla çox bənzər deyilmi? Mədəniyyət özü başdan-başa təkrardır deyirdilər, inanmırdım. Əslində təkrarlanan mədəniyyət deyil, insanlıqdır. İllər də keçsə insanlar eyni xasiyyətləri atmırlar kənara, vəfasızlıq, yalan, unutqanlıq keçib getmir qanımızdan. Axı insanoğlu çiy süd əmib.

Raif evlənəndən, hətta uşaqları olandan 15 il  sonra təsadüf nəticəsində Marianın başqa biriylə münasibətdə olmadığını, onun qızını dünyaya gətirərkən öldüyünü öyrənir. Artıq vicdan əzabı vaxtı gəlmişdir. Raif artıq ömürlük ilk dəfə gördüyü, adını eşitdiyi qızına həsrət qalacaq, sevdiyi qadını son dəfə görə bilməmənin acısıyla yaşayacaqdı.

Yaşadı da. Son nəfəsində sadəcə Mariayla bağlı xatirələri yazdığı qara dəftəri istədi özünə nisbətən gənc iş yoldaşından. Günahkar Maria deyildi. Ölümün qollarına ayrı-ayrı getmələrinin səbəbkarı həyat tərzinə görə qorxan, sevgisinə arxa çıxa bilməyən, sadiq qalmayan Raif idi mənə görə.

Əsər sevgi romanından çox həyat dərsi kimi gəlir insana. Cəsur davranmağı, sevəndə hislərinin, sevginin arxasında durub qaçmamağı öyrədir. Bəlkə də Raif qorxmasa, Mariayla gələcəyi olacağına özü inansaydı, hər şey başqa cür ola bilərdi.

Qəribəsi odur ki, kitab haqda deyilən fikirlər arasında Marianın həqiqətən var olduğu, Səbahəttin Alinin gənclik sevgisi olduğu deyilir. Bunu deyənlərdən biri də S.Alinin qızı Filiz Alidir...

Düşünə bilirsiniz bu nə deməkdir? Ədəbiyyat sevgini təmsil edir, cəsarəti, vazkeçməməyi. Amma deyəsən elə yazıçılar da bəzən bizi aldadır. Onlar da yalan hislərdən, yalan sevgi və sədaqətdən yazır.

Bu kitab bir az da “Bilinməyən bir qadının məktubu” kitabını xatırladır mənə niyəsə. Deyəcəksiniz bənzərlik haradadır ki? Bənzərlik hər şeydən xəbərsiz sevilən adamlar və hər şeyə rəğmən sevən qadınlardadır. Hə, bu tip çox kitab, çox film var, amma bu iki əsərin sanki bir bağı var, fikrimdə, beynimdə. Bəlkə də, həsrət məktublarıdır iki kitabı bənzədən. Ya da oxuyarkən altından xətt çəkdiyim bənzər cümlələr...

“Mənim ömrüm səni tanıdığım gün başladı”. ~Bilinməyən bir qadının məktubu

“Təsadüf səni qarşıma çıxarmasa eyni cür, amma ruhum olduğundan xəbərsiz yaşayacaqdım”. ~Kürk mantolu madonna...

“Səni oldugun kimi sevirəm”. ~Bilinməyən bir qadının məktubu

“Səni dəlicə yox, olduqca ağlıbaşında sevirəm”. ~Kürk mantolu madonna…

Deyəsən, həqiqətən bu iki kitabı bənzətmə səbəbim məhz elə bu qadınlardır. Təmiz sevən, sevgisini kirlətməyən bu iki “ana”...

Görəsən, həmin kitabdakı bəyaz güllərin şəhzadəsi, bilinməz, gizli qadın sevgisini vaxtında desəydi, onların da sonu Maria və Raif kimi olardı? Yoxsa adam bütün “cavanlıqlarından, əyləncələrindən” vaz keçib onu sevən bu qadına arxa olardı?

Siz siz olun, sevgidən qorxmayın. Çünki dünyanı sevgi qurtaracaq!

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)