Yox, əgər ruhumuz xəstədirsə, onda yaşamağa ümid bəsləmək özü bir intihardır Featured

Rate this item
(7 votes)

KİTAB BƏLƏDÇİSİNDƏ LEV TOLSTOYDAN “İVAN İLİÇİN ÖLÜMÜ”

 

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

 

Yazıçı İvan İliç obrazının həyat tərzi, işi, ağrı-acıları ilə cəmiyyətimizin bir sıra problemlərinə öz kəsərli qələmi ilə çox gözəl toxunur. 

 

Əsər İvan İliç adlı şəxsin ölüm xəbərinin xidmət göstərdiyi məhkəmə dairəsində yaratdığı dırnağarası səs-küy ilə başlayır. Dırnağarası kəliməsini nəyə görə işlətdiyimi kitabı oxuduğunuz zaman bariz görəcəksiniz. 

Daha sonra isə İvan İliçi ölümə sürükləyən həyat yolu ilə tanış oluruq. Ailədaxili sevgisizliyə, qadınına - Fyodorovna Qolovinaya və qızı Lizaya qarşı günü-gündən artan nifrətinə və oğluna qarşı olan kövrəkliyinə şahid oluruq. 

Nə yalan deyim, İvan İliçə mən də haqq qazandırdım. Hətta kitabı oxuyarkən ağlıma gələn və Fyodor Dostoyevskidən olan bir sitat gətirəcəyəm:

Yaxşı kişilər yalnızlıqdan ölərkən, yaxşı qadınlar pis kişilərin eyvanından səmaya baxırlar. 

Bəli tam olaraq bu.... 

 

Kitab bizə az səhifəsi ilə çox şeyi öyrədir və öyrətdiyi şeylərə inanmağa hazır olmadığımız da çox barizdir. Min dəfə çalışsaq da, min dəfə vuruşsaq da, sonumuzun bir heç olması, həqiqətən də, çox acınacaqlıdır. Qazandığımız dostluqların bizim yoxluğumuzda mənfəətin köləsi olması hissi insanı nəfəs alarkən öldürəcək cinsdəndir. Əsər bir mövzunu çox yaxşı vurğulayır: Nə qədər xəstə oluruqsa olaq, bir çıxış yolu mütləq var, amma əgər ruhumuz xəstədirsə, onda yaşamağa ümid bəsləmək özü bir intihardır. 

 

Başının üstündəkilərdən kimsə:

- Vəssalam, qurtardı! - dedi.

O bu sözü eşidib içində təkrarladı: "Qurtardı ölüm... O daha yoxdur..."

Sonra havanı ciyərlərinə çəkdi, nəfəsi yarıda kəsildi, dartınıb-gərildi və öldü.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)