“Natiq” ritm qrupu ilə gənclərin görüşü təşkil ediləcək

Rate this item
(0 votes)

Avqustun 23-də YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Respublikasının Xalq artisti Natiq Şirinov və onun rəhbərlik etdiyi “Natiq” ritm qrupu ilə gənclərin görüşü təşkil ediləcək.

 

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək görüşdə Xalq artisti Natiq Şirinov milli ritmlər mövzusunda çıxış edərək, “Natiq” ritm qrupunun milli musiqi mədəniyyətimizin təbliği istiqamətində gördüyü işlərdən söhbət açacaq.

 

“İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır. Tədbir müddətində, həmçinin “Azərbaycan peşəkar musiqi mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması amilləri”, “Müasir gənclik: Milli-mənəvi və tarixi dəyərlərimiz” və “Milli ritm sənəti: dünənimiz, bu günümüz, sabahımız” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. 

Tədbirin bədii hissəsində “Natiq” ritm qrupunun ifasında müxtəlif kompozisiya və eksperimental ritmik musiqi nümunələri təqdim ediləcək.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilir. 

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2023)