Beynəlxalq festivalın möhtəşəm yekunu: Əyyub Quliyev tamaşaçıları valeh etdi

Rate this item
(0 votes)

​​​Almaniyanın mədəniyyət mərkəzlərindən sayılan Bavariyanın Badendorf şəhərində “İmmlinq” Beynəlxalq Opera Festivalının bağlanış mərasimi keçirilib.

Mərasimdə “Bavariya” Festival Orkestri üç müxtəlif ölkənin tanınmış dirijorunun rəhbərliyi altında çıxış edib. 
Festivalın bədii rəhbəri Korneliya fon Kersenbrok (Almaniya/Avstriya), Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev və Gürcüstan Dövlət Konservatoriyasının professoru Mixail  Edişaraşvilinin ifasında operalardan uvertüra, ariya, duetlər, ansambllar və müxtəlif musiqi parçaları dinləyicilərə təqdim olunub. 
Minə yaxın insanın izlədiyi konsert salonunda yer çatışmazlığı və pərəstişkarların xüsusi marağı nəzərə alınaraq, əsas giriş qapısı açılaraq küçədə əlavə oturacaqlar yerləşdirilib. Dörd saata yaxın davam edən konsertdə Almaniya, Meksika, Çili, Uels, Avstriya, Kosovo, Qazaxıstan, Ukrayna, Koreya və Gürcüstandan dəvət olunmuş istedadlı müğənnilər böyük məharətlə çıxış ediblər. 
Gecənin sonunda dirijor Ə.Quliyevin rəhbərliyində ifa olunan dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqmentlər musiqisevərlər tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Qeyd edək ki, ənənəyə sadiq olaraq festivalın son konsertində yekun əsər Azərbaycan bəstəkarına məxsus olur. 
2022-ci ildə dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasına uvertürası, 2021-ci ildə isə Maestro Niyazinin “Qaytağı” simfonik rəqsi dirijor Ə.Quliyev və “Bavariya” Festival Orkestri tərəfindən səsləndirilərək böyük rezonansa səbəb olub. 
Xatırladaq ki, iyunun 10-da Rixard Ştrausun “Salomeya” operası ilə başlayan “İmmlinq” Beynəlxalq Festivalı iki ay ərzində bir sıra əsərlərin yeni quruluşda təqdimatı ilə - C.Verdinin “Nabukko”, A.Piazzolanın “Mariya Buenos Ayres” operaları və Q.Malerin ikinci simfoniyasının uğurlu ifaları ilə yadda qalıb.
Xəbər Oxu.az-dan iqtibas edilib.

“Ədəbiyyat və incəsənət”
(16.08.2023)