Beləcə, Qəbələ Beynəlxalq Musiqi Festivalı sona çatdı Featured

Rate this item
(0 votes)

 

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı.

İyulun 27-dən başlanan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında son akkordları avqustun 2-də çalındı. Proqrama uyğun olaraq, festivalın sonuncu günü - axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konserti təqdim olundu.

Konsertdə tamaşaçılar Xalq artistləri Ülviyyə Hacıbəyova (piano), Gülnaz İsmayılova (soprano), respublika və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə (piano), Ümidə Abasova (skripka) və Prezident təqaüdçüsü Vurğun Vəkilovun (piano) ifasında Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini dinlədilər.

Konsertdə Fərhad Bədəlbəylinin “Şuşa xatirələri”, “Vokaliz”, Niyazinin “Rast” simfonik muğamından fraqmentlər, Qara Qarayevin “Sonatina”, Sevda Məmmədlinin “Laçın balladası”, Sergey Raxmaninovun “Fuqa re minor”, Emin Sabitoğlunun “Dədə Qorqud” kinofilminin musiqi mövzuları əsasında popurri, Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər, Vasif Adıgözəlovun “Bakı” əsəri səsləndirildi.

Azacıq fasilədən sonra başlanan yekun konsertində isə Xalq artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artist Emil Əfrasiyab (piano) və “Qaytağı” instrumental ansamblının iştirakı ilə tamaşaçılara möhtəşəm proqram təqdim edildi. Ansamblın heyətinə Əməkdar artist Ələkbər Ələkbərov (tar), Şakir Davudov (skripka), Orxan Musayev (balaban, klarnet), Xasay Gülməmmədov (saz, ud), Bəhram Mahmudov (qoşa nağara, perkussiya), Elvin Bəşirov (zərb alətləri), Taleh Ağayev (piano), Elmir Əliyev (nağara), Səlim Məmmədov (bas gitara) və Hidayət Sadıqbəyli (piano) daxildir.

Konsertdə Xalq artisti Ənvər Sadıqovun, Əməkdar artist Emil Əfrasiyabın və “Qaytağı” instrumental ansamblının təqdim etdiyi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından və “Əhməd haradadır?” kinofilminin musiqisi əsasında popurrilər, Cahangir Cahangirovun “Zəriflik”, xalq rəqsi “Xançobanı”, “Telefonçu qız” kinofilmindən “Xəyal”, “Doğma nəğmələr”, Astor Pyatsollanın “Adios Nonino”, Ənvər Sadıqovun “Praktike by 9/8”, Emil Əfrasiyabın “Prayer”, Ruhəngiz Qasımovanın “Anacan, dostum evlənir”, “Ətrin qalıb güllərdə”, V.Cosma – “Oyuncaq” kinofilminin musiqisi əsasında popurri, “Xan Şuşinskinin repertuarından”, “İtalyansayağı”, Tofiq Quliyevin “Naxçıvani”, xalq mahnısı “Laçın”, xalq rəqsi “Uzundərə” və digər əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. 

Beləliklə, XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatdı. Nüfuzu ildən-ilə artmaqda olan bu festival Azərbaycanın mədəni həyatında çox mühüm əhəmiyyətə malikdir. Klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı həm də yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə xidmət edir. 

Festival günlərində musiqisevərlər və Qəbələnin qonaqları Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Bakı Kamera Orkestrinin, “Clarte” klarnet kvartetinin, Litva Kamera Orkestrinin, gənc muğam ifaçılarının konsertlərini izləmək imkanı əldə etdilər. Dahi rus bəstəkarı Sergey Raxmaninovun 150, görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90, tanınmış pianoçu Bella Davidoviçin 95, görkəmli alman bəstəkarı İohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi konsert proqramları ilə qeyd edildi. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində və açıq səhnədə keçirilən bu konsertləri minlərlə tamaşaçı böyük maraqla izlədi.

Gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bildi. Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak etdilər.

Xatırladaq ki, builki Qəbələ Beynəlxalq Musiqi Festivalı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu. 

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)