Əbu-Dabi Ud Evi ilə Milli Konservatoriya arasında memorandum imzalanıb

Rate this item
(0 votes)

İyunun 22-də Azərbaycan Milli Konservatoriyasında Əbu-Dabi Ud Evi (The House of Oud in Abu Dhabi) ilə Milli Konservatoriya arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. 

 

Milli Konservatoriyadan verilən xəbərə görə, sənədi Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi və iraqlı musiqiçi, ud ifaçısı, Əbu-Dabi Ud Evinin rəhbəri, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma) imzalayıblar. 

İmzalanma mərasimində çıxış edən Xalq artisti Siyavuş Kərimi imzalanan müqavilənin Azərbaycan musiqi mədəniyyətinin yaxın Şərqdə yayılması və təmsil olunmasına, eləcə də Azərbaycan və yaxın Şərq musiqiçilərinin birgə əməkdaşlığı, həmçinin musiqimizin təbliğinə öz töhfəsini verəcəyini bildirib. Xalq artisti bu əməkdaşlıq müqaviləsinin iki ölkənin mədəniyyəti üçün böyük hadisə olduğunu diqqətə çatdırıb. 

Qeyd edək ki, memorandum çərçivəsində hər iki ölkədə müxtəlif festival və müsabiqələrin təşkil olunması, musiqi istiqaməti üzrə birgə təşviqat proqramlarının həyata keçirilməsi, iki ölkə arasında musiqi mədəniyyətinin öyrənilməsi və tədqiqi üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)