Heydər Əliyev Sarayı “Qarabağ şikəstəsi” oratoriyasının musiqili-xoreoqrafik quruluşunu təqdim edəcək

Rate this item
(0 votes)

Heydər Əliyev Sarayı Vətən müharibəsində şanlı qələbəmiz nəticəsində tariximizə qızıl hərflərlə yazılan Zəfər Gününə həsr olunmuş möhtəşəm layihə təqdim edəcək. Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təqdimatı ilə, görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun, şair, publisist Teymur Elçinin sözlərinə yazdığı “Qarabağ şikəstəsi” oratoriyasının musiqili-xoreoqrafik quruluşu noyabrın 6-da tamaşaçılara təqdim olunacaq.
Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlı AzərTAC-a bildirib ki, layihənin rəhbəri və dirijoru Xalq artisti Yalçın Adıgözəlov, ssenari müəllifi Əjdər Ulduz, quruluşçu xoreoqrafı Xalq artisti Kamilla Hüseynova, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xormeysteri Xalq artisti Gülbacı İmanova və quruluşçu rəssamı Fərid Nəcəfovdur. Layihədə solistlər Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Ramil Qasımov, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Əməkdar artist Əliağa Sədiyev (tar) və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası iştirak edəcək.
Qeyd edək ki, “Qarabağ şikəstəsi” oratoriyası musiqili-xoreoqrafik quruluş Azərbaycan xalqının işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda apardığı qəhrəmanlıq mübarizəsini əks etdirir.