Dünya musiqisinə ağır itki üz verib

Rate this item
(0 votes)

Məşhur yunan bəstəkarı Mikis Teodorakis 97 yaşında dünyasını dəyişib. Bu barədə “Ədəbiyyat və incəsənət” Euronews-a istinadən bildirir.
Teodorakisi hazırda bütün dünya populyar Sertaki rəqsinin musiqi müəllifi kimi tanıyırdı. Bəstəkar çoxsaylı simfoniyalar, kamera əsərləri, eləcə də xalq musiqisi üslubunda populyar mahnılar yaratmışdı. O, həmçinin "Mələklər Məhəlləsi" operasını, "Orfey və Evridika", "Antiqon", "Medeya", "Lisistrat", "Ölü qardaş haqqında mahnı" baletlərini, dram tamaşalarına musiqini, vokal əsərlərini yazmışdı. Teodorakisə dünya populyarlığını isə uzaq 1964-cü ildə Mixalis Kakoyannisin "Qrek zorba" filminə yazdığı musiqi gətirmişdi.
Teodorakis çox məşəqqətli bir həyat yaşamışdır. O, musiqiyə hələ uşaq ikən maraq göstərmiş, heç bir musiqi alətində çalmağı öyrənə bilməyəndə mahnılar bəstələməyə başlamışdı. 17 yaşında xor təşkil etmişdi, lakin sonra müharibə başladı. İkinci Dünya müharibəsi zamanı Teodorakis Müqavimət Hərəkatında iştirak etdi, həbs olundu, bununla belə, həbsxanadan qaçmağa müvəffəq oldu. Həbs həyatı sonradan sürgün həyatı ilə əvəzləndi. Belə ki, Yunanıstanda vətəndaş müharibəsi zamanı (1946-1949) bəstəkar hakimiyyətə qarşı çıxdığına görə İkaria adasına sürgün edildi, sonra isə qismən iflic olmuş, işgəncələrə və döyülmələrə məruz qalmış halda Macronisos adasında yerləşən konslagerlərə yerləşdirildi. Azad ediləndən sonra vətəndə yaşamağa imkan vermədilər ona. 1950-ci ildə Parisə köçdü. Amma vətəni Yunanıstan hakimiyyət dəyişikliyindən sonra demokratiyaya qucaq açanda o, vətəninə qayıtdı. Dünyaya gözünü əbədi olaraq da burada - Afinada yumdu.
Bu şəxs əsl ziyalının hökmdarın yox, xalqının yanında olmasını öz məşəqqətli və şərəfli həyatı ilə sübut etdi. Ruhu şad olsun!