Sevimli kitabxanamızda bu dəfə Ramiz Mirişli sərgisi

Rate this item
(0 votes)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın musiqi tarixində adlı-sanlı bəstəkarlar az olmaylbdır. Onlardan biri - mahnı janrında olduqca populyar bəstələrə malik olan Xalq artisti, Azərbaycan SSR və Naxçıvan MSSR Əməkdar incəsənət xadimi, professor, Azərbaycanın sevilən bəstəkarı Ramiz Mirişlinin bu gün yubileyidir, anadan olmasının 90 illiyi tamam olur.

 

Təbii ki, ölkənin mədəni həyatının hər bir əlamətdar hadisəsinə reaksiya verən bir ocaq - gənclərin, kitabsevərlərin sevimli guşəsi olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu yubiley gününə də biganə qala bilməzdi.

Kitabxanadan aldığımız məlumata görə, burada bəstəkarın həyat və yaradıcılığına həsr edilən virtual kitab sərgisi hazırlanıb.

Materialda R.Mirişlinin simli kvartet, xalq çalğı alətləri, tar və simfonik orkestr üçün bəstələdiyi musiqi əsərləri, müxtəlif illərdə qələmə aldığı nəğmələr haqqında məlumat verilib.

Eyni zamanda, virtual kitab sərgisində Ulu Öndər Heydər Əliyevin, Xalq şairi Fikrət Qocanın bəstəkarın yaradıcılığı haqqında söylədikləri dəyərli fikirlər, onun bəstələri ilə şöhrət qazanmış ifaçılar haqqında məlumatlar da yer alıb. Kitabxana əməkdaşlarının hazırladığı materialda görkəmli bəstəkarın layiq görüldüyü mükafatlardan, fotolarından ibarət qalereya da təqdim edilib.

Sərgidə “Azərbaycan və xarici ölkə bəstəkarlarının kamança ilə fortopiano üçün işlənmiş əsərləri”, “Vətən düşüncələri”, “Kamança məktəbi”, “Analar və laylalar”, “Oxu tar”, “Azərbaycan dünyam mənim” kimi bir çox not əsərlərinin biblioqrafik təsviri göstərilib.

Bir sözlə, çox maraqlıdır, mütləq ziyarət edin!

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)