Bu gün tanınmış müğənni Zeynəb Xanlarovanın doğum günüdür Featured

Rate this item
(0 votes)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Biz balaca olanda hər yeni ilin gəlişini, Yeni il proqramını həm də ona görə izləyirdik ki, saatlar 24.00-ü vuranda ilk olaraq ekrana Zeynəb Xanlarova çıxardı və o, dalbadal 3-4 yeni mahnısını ifa edərdi. Zeynəb xanım o qədər məşhur, o qədər populyar idi ki, populyarlıqda ona heç kəs çata bilmirdi.

 

Böyükdən kiçiyə hamının tanıdığı, ulduzu Sovetlər dönəmində həddindən artıq gur parlayan Zeynəb Xanlarova əslən xızılıdır, 1936-cı il dekabr ayının 28-də Bakıda anadan olub, məktəb vaxtlarından musiqiyə böyük maraq göstərib, məşhur “Cücələrim” mahnısının ilk dəfə xorla səslənməsində iştirak edib. Bakı Orta İxtisas Musiqi Məktə­bində böyük vokal ustadı Seyid Şuşinskinin sinfində oxuyub, 1960-cı ildə qadın müğənniləri arasında ilk dəfə olaraq “Çahargah” muğamını oxuyub. 1961-ci ildə məktəbi qurtardıqdan sonra görkəmli rejissor Şəmsi Bədəlbəyli onu Azər­baycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürüb və elə həmin ildə ölməz Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli obrazını ifa etməklə Zeynəb Xanlarova məşhurlaşıb. Uzun müddət Leylinin Məcnunu Xalq artisti Arif Babayev idi, yaşlı nəsil yəqin yaxşı xatırlayar. Müğənninin repertuarında F. Əmirovun, C.Cahangirovun, T.Quliyevin, A.Məlikovun, Ş.Axundovanın, E.Sabitoğlunun, T.Bakıxanovun, R.Mirişlinin, O.Kazıminin, O.Rəcəbovun mahnıları mühüm yer tutub, lirik soprano səsi olan müğəninin ifa tərzindəki temperament, gur zəngulələr onu xalqın sevimlisinə çevirib. Sovet müğənnisinin ABŞ, Fransa, İsveç, İtaliya, Kanada, Yaponiya, Türkiyə, Danimarka kimi kapitalist ölkələrində qastrol səfərlərində olması, sevilməsi bir sensasiya idi ki Zeynəb Xanlarova bu sensasiyaya imza atmağı bacarıb. SSRİ-də isə hər bir güşədə onu sevir, heyranlıqla dinləyirdilər. Hətta mənfur qonşularımızın dilində Zeynəbin mahnıları əzbər idi, onlar Zeynəbə Ermənistan SSR-in xalq artisti adını vermişdilər.

Görkəmli müğənni bir insan üçün verilə bilən bütün imtiyazları qazanıb, Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1975-ci ildə Azərbaycan Xalq artisti, 1980-ci ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb, 1985-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub, 1986-cı ildə ona Ümumittifaq “Melodiya” firmasının “Qızıl valı” verilib, 2006- cı ildə “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub. 2016-ci ildə o, hətta “Heydər Əliyev” ordeni ilə də təltif edilib. 87 illiyində müğənnini təltif etməyə elə bir mükafat, ənam qalmayıb. Ona görə də, gəlin ona sağlamlıq arzu edək.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)