Könül Kərimova: “Həyat yoldaşım polis işçisidir, öz xalam oğludur” Featured

Rate this item
(0 votes)

Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Müsahiblərdən rəhmətə gedəni də var, fəaliyyətini davam etdirəni də.

Növbəti müsahib müğənni Könül Kərimovadır. Ondan müsahibə1998-ci ilin mayında götürülüb.

 

“MÜĞƏNNİ ÜRƏKLƏ OXUMALIDIR”

 

O özünü əslən ağcabədili hesab etsə də, Bakıda doğulub. 1987-ci ildə Bülbül adına musiqi məktəbinin, 1992-ci ildə isə Musiqi Akademiyasının muğam şöbəsini bitirib. Sənət müəllimi görkəmli sənətkar Arif Babayev olub. Dəfələrlə muğam və mahnı festivallarında iştirak edib və qalib gəlib. Hazırda tanınmış sənətkar Məhəbbət Kazımovun rəhbərlik etdiyi “Laçın” ansamblının solistidir. Ailəlidir, bir oğlu, bir qızı var. Müsahibimiz populyar müğənni Könül Kərimovadır.

 

-Könül xanım, niyə həmişə həzin, kövrək, qəmli mahnılara üstünlük verirsiniz?

 

-Mənə bu sözü çox deyiblər. Uşaqlıqdan həzin mahnıları sevirəm. Nəğmələrim də özüm kimidir, qəmli.

 

-Ötən il sizin “Yar, başına dönüm” mahnınız hit oldu. Mahnıda öz taleyinizi oxuyursunuz?

 

-Bu sualı da çox verirlər. Mahnının sözlərini yaxın bir rəfiqəm verdi mənə, mən də verdim bir bəstəkara. Bir dəfə toydan gəlmişdim, gecə saat iki idi. Mahnının sözlərini pianinonun üstünə qoyub başladım oxumağa, düz axıracan. Beləcə, “Yar, başına dönüm” mahnısı yarandı.

 

-Bu mahnıya qədər heç bəstəçiliklə məşğul olmuşdunuz?

 

-Özümü bəstəkar hesab etmirəm. Mənimlə birlikdə oxuyanlar, məsələn, Könül Xasıyeva və başqaları bilirlər ki, mən həmişə ürəyimdə öz bəstələrimi oxumuşam, amma üzə çıxarmağa ürək eləməmişəm. Bu mahnını da ilk dəfə musiqiçilərə demədən toyda oxudum. Xoşları gəldi, xahiş etdilər, bir də oxudum. Əgər bəyənməsəydilər, səsə salmaq fikrim yox idi.

 

-Bəs, həyatda necə, başına döndüyünüz bir adam varmı?

 

-Mən ailəliyəm, iki övladım var. Həyat yoldaşım polis işçisidir, öz xalam oğludur. Oğlum Rəşadın yeddi, qızım Ləmanın isə 6 yaşı var

.

-Sevib ailə qurmusunuz?

 

-Biz uşaqlıqdan onunla deyikli olmuşuq. Xalam oğluyla ailə qurmaqda məqsədim bu idi ki, o mənə sənətlə məşğul olmağa mane olmayacağına soz vermişdi.

 

-Doğulduğunuz ailədə sənət mühiti olubmu?

 

-Qarabağlılar hamısı anadangəlmə sənətçi olurlar. Bacım Sevinc də Musiqi Akademiyasını bitirib, gözəl fortopianoçudur, hazırda Mədəni Maarif Texnikumunda müəllimə işləyir. Gösəl səsi var. İndiyədək ailə vəziyyəti imkan verməyib ki, müğənnilik etsin. Fikrimiz var ki, müğənni kimi də özünü sınasın.

 

-Bəs, ailəsi buna razı olacaqmı?

 

-Onlar mənim nümunəmdə gördülər ki, müğənni və təmiz ailə sahibi olmağı bir araya gətirmək olar.

 

-Sizin ailədə necə, söz-söhbət olmur ki?

 

-Olur. Amma problem səviyyəsinə gəlib çıxmır. İstək olan yerdə qısqanclıq da olmalıdır. Sənətimi başa düşməyən adam olsaydı, ailə xatirinə ailə qurmaz və bunu özüm üçün faciəyə çevirməzdim. Mənə necə elçi gəlib, nişan qoyulub xəbərim olmayıb. Toy günümü təyin edəndə dedim ki, qoy, baxım görüm, həmin gün məşğul deyiləm ki... Yəni başım həmişə sənətimə qarışıb.

 

-Məhəbbət Kazımovla gözəl duet oxuyursunuz. Bu sənət əlaqəsi necə yarandı?

 

-Mən onunla el şənliyində tanış olmuşam. Hər ikimizi toya dəvət etmişdilər. O məni özünün rəhbərlik etdiyi “Azəri Muğam Ocağı”na dəvət etdi və duet oxumağı təklif elədi. Mən Məhəbbətin sənətini yüksək qiymətləndirirəm və ona ustad kimi baxıram. Çünki heç kimdən görmədiyim böyüklüyü, ağsaqqallığı, alicənablığı ondan görmüşəm. Başqa sənətçilərdə çox tez-tez rastlaşdığım paxıllıq Məhəbbətdə yoxdur. Onu mənim gözümdə yüksəldən, yəqin ki, elə budur. Mən gəncəm, məni ruhlandırmaq lazımdır. Məhəbbətdə bu cəhət güclüdür. O mənimlə elə rəftar edir ki, elə bil,  Zeynəb Xanlarovayam. Halbuki, ömrü boyu məni ruhdan salıblar.

 

-Zeynəb Xanlarova sizin üçün ideal müğənnidir?

 

 

-Mənə elə gəlir ki, Zeynəb xanım dünyaya tək gəlib. İkinci elə bir müğənnimiz heç vaxt olmayacaq. İndi hər yerindən duran özünə ulduz deyir. Bizim yeganə ulduzumuz Zeynəb Xanlarovadır.

 

-Ulduzlar çox olur, Günəş isə təkdir. Bəlkə, Zeynəb xanıma Günəş deyək?

 

-(gülür) Elə daha yaxşı olar.

 

-Nə əcəb, sizi Opera və ya Muğam Teatrına dəvət etməyiblər?

 

-Muğam Teatrı yarananda İslam Rzayevlə Arif Qazıyev dörd nəfəri – Könül Xasıyevanı, Elçin Cəlilovu, Aybəniz Haşımovanı və məni ora dəvət etdilər. Bu gün heç birimiz orada yoxuq.

 

-Elə niyə?

 

-Mən tənbəlliyimdən getmədim. O vaxt uşaqlar körpə idi, tələbəydim, çatdıra bilmirdim.

 

-İndiyədək neçə albomunuz çıxıb?

 

-“Atıb getdin” adlı ilk albomumu o qədər də uğurlu saymıram. “Yar, başına dönüm” adlı ikinci albomum mənə daha əzizdir. Hazırda həmin albomun “Səbuhi” səsyazma studiyasında video-kaseti hazırlanır.

 

-Azərbaycanda qadının müğənni olması çətin deyilmi?

 

-Azərbaycanda hər şey çətindir.

 

-Xarici ölkələrə dəvət almamısınız?

 

-İndi dəb düşüb, hamı yalandan-gerçəkdən on-on beş ölkədən dəvət aldığını deyir. Mən heç bir yerdən dəvət almamışam. Canəli Əkbərovun bir sözü var, deyir ki, ən uzaq getdiyim yer Biləcəridir. Amma xaricdən dəvət alsam, gedərəm.

 

-Bəs, Vətən?

 

-Mən elə-belə, gəzməyə gedərəm.

 

-Heç, xaricdə qastrolda olmusunuzmu?

 

-Dörd il əvvəl İstanbulda olmuşam. Onlarda sənətə olan qayğı, diqqət məni heyran qoyub. Bizdə istedadlı sənətkara yiyə duran yoxdur.

 

-Müğənniyə kim yiyə durmalıdır ki?

 

-(ani olaraq duruxur, bir az narazılıqla) Bilmirəm, onu bilirəm ki, yiyə duran yoxdur. Məgər Elmira Rəhimova kimi müğənnini, Səfurə İbrahimova kimi aktrisanı diqqətdən kənarda qoymaq olar? Mən düşünürəm ki, hələ cavanam, toylara gedirəm, ehtiyaclarımı birtəhər ödəyirəm. bəs, bu olmasa nə edərdim? Müğənninin problemi hamıdan çoxdur.

 

-Nə vaxtsa səhnəni tərk etmək fikriniz olmayıb ki?

 

-İstəsəm belə, səhnəni tərk edə bilmərəm.

 

-Sənət həyatınızda ən xoşbəxt gün nə vaxt olub?

 

-İlk dəfə professional səhnəyə çıxdığım gün. O gün mən “Qatar” muğamını oxudum və müsabiqədə birinci yeri tutdum. Yeri gəlmişkən, məni gözəl müğənnimiz Tükəzban İsmayılova və tarzən Həbib Bayramov hazırlamışdılar. İlk müəllimlərim kimi mən onları həmişçə minnətdarlıqla xatırlayıram.

 

-Müğənninin bir faciəsi var, yaşı artdıqca texnikası güclənir, amma səsi korlanır. Bu yaş həddi sizinçün çox uzaq olsa da, heç bu barədə düşünmüsünüzmü?

 

-Bu məni narahat etmir. Əsas səsin çoxluğu deyil, ürəkdir. Müğənni ürəklə oxuyur.

 

-Qibtə etdiyiniz müğənni varmı?

 

-Mən heç kəsə bənzəmək istəmirəm. çünki hər müğənninin öz dünyası var. Amma səhnə görünüşü və davranışına qibtə etdiyim bir müğənni var – Nazpəri Dostəliyeva.

 

-Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

 

-Sizin bu suala Yasin Qarayev yaxşı cavab vermişdi. Onun cavabı çox xoşuma gəlmişdi. Mən də onun kimi dostlarımı götürərdim.

 

 “Ədəbiyyat və incəsənət”

(21.12.2023)